
Milli Kitabxanada “6 noyabr - Televiziya və Radio İşçiləri Günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
5 noyabr 2026-cı il tarixində Milli Kitabxanada “6 noyabr - Televiziya və Radio İşçiləri Günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə də Azərbaycan radio və televiziyasının tarixi, inkişaf yolu, Müasir Azərbaycan televiziya efirində struktur nəzəriyyəsi, efir məkanının problemləri, radio-televiziyanın ədəbi dili, prinsipləri, reallıqları, perspektivləri və s. mövzularda yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Hazırda 100 yaşını qeyd edən Azərbaycan Radiosunun yaranma günü ölkəmizdə televiziya və radio işçilərinin peşə bayramı günü kimi qeyd edilib.
1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün paytaxtın küçə və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi yayılıb. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Məhz bu gün Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur.
Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.
Teleradio milli mədəniyyətimizin ən yaxşı nümunələrini üzə çıxarır, xalqımızı dünyaya təqdim etməklə yanaşı, dünya ölkələrinin ən gözəl mədəniyyət, incəsənət, elm, təhsil, mənəviyyat nümunələrini yerli tamaşaçılara çatdıraraq onların intellektual səviyyəsinin, zövqünün zənginləşməsi prosesində iştirak edir.
Azərbaycan Televiziya və Radiosu milli dəyərlər və dövlətçilik təfəkkürü əsasında yaradılmış məktəbə çevrilib və bu gün də ölkənin televiziya məkanında aparıcı rolunu saxlamaqdadır.
Azərbaycan radiosu bir əsrdir ki, dünyanın gedişatını, zamanın nəfəsini dinləyir və onu insanlara çatdırır. Bu radio çox şeylər görüb, sosializmin ilk illərini də, repressiya dalğasını da, topların gurultusunu, müharibənin “qara kağız”larını da. Bu radio quruculuq illərindən, “şəxsiyyətə pərəstiş”dən, durğunluq dövründən, yenidənqurmadan, milli oyanışdan, 20 Yanvardan, müstəqillik illərindən, Qarabağ savaşından, Zəfərlə bitən 44 günlük müharibədən keçib. Xalqların kədərinə də şahidlik edib, qələbələrinin sevincini də bölüşüb. Onun efirindən dünyanı silkələyən çıxışlar, müraciətlər, böyük sənətkarların unudulmaz səsi, alimin sözü, kosmonavtın həyəcanı, şairin pıçıltısı, anaların laylası, Vətən və sevgi nəğmələri səslənib. İndi bunların hamısı radionun görünməyən yaddaşında yaşayır. Bu mənada radio bəlkə də bəşəriyyətin ən böyük səs arxividir.
Paytaxt və bölgələrdə yaradılan bütün kanalların qaynaqlandığı, mənbələrinə söykəndiyi, təcrübəsindən öyrəndiyi, bu gün də "Qızıl Fondun"dan müntəzəm istifadə etdiyi ana televiziyamız "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dir.
2020-ci il dekabrın 31-dən etibarən radio-televiziya yayımının təşkili Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib. Şuşa Radio-Televiziya Yayım Stansiyasında rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verilib. Artıq respublika üzrə yayımı həyata keçirilən “AzTV”, “Mədəniyyət” TV, “İdman Azərbaycan” TV, “İctimai” TV, CBC TV, “CBC Sport”, “Real” TV, “Xəzər” TV, “Azad Azərbaycan” TV və “ARB-24” telekanalları Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır.
Eyni zamanda, “Azərbaycan” radiosu və “İctimai” FM radiosu stereo, yəni tam keyfiyyətli rejimdə Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərlərini və Xocalı, Ağdam, Bərdə, Göyçay rayonlarını, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edir.
Radio keçmişin xatirəsi deyil. Radio insanın səsə olan ehtiyacının adıdır. İnsan danışdıqca, dinlədikcə, duyduqca və düşündükcə radio da yaşayacaq. O, bəlkə də formasını dəyişəcək, yeni platformalara köçəcək, süni intellektdən istifadə edəcək, yeni texnologiyalarla zənginləşəcək. Amma onun mahiyyəti dəyişməyəcək. Çünki radionun əsasında insan səsi, insan nəfəsi və insan düşüncəsi dayanır. Bunlar isə heç vaxt köhnəlmir…
Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə, Azərbaycan ziyalılarına, elm və mədəniyyət korifeylərinə, zəngin tariximizə göstərdiyi diqqət və qayğı bu gün də Azərbaycan Televiziyasında prinsipial xətt kimi qorunub saxlanılır.
Faktinfo.az













Bu xəbər üçün şərh yazın