
Milli Kitabxanada “Faşizm üzərində Qələbə (1941-1945)” adlı elektron məlumat bazası və “9 May- Faşizm Üzərində Qələbə Günüdür” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub
Artıq 80 ildir ki, 9 May - faşizm üzərində Qələbə günü ölkəmizdə təntənəli şəkildə qeyd olunur.
Qeyd edək ki, bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Ancaq qələbənin əldə olunması Azərbaycan xalqına da asan başa gəlməyib. Müharibədə iştirak etmiş Azərbaycanın yüzlərlə, minlərlə mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. 1941-1945-ci illər müharibəsində Azərbaycanın mərd oğul və qızları xalqımızın ən ali keyfiyyətini – fədakarlığını, vətənpərvərliyini, sarsılmaz mərdliyini nümayiş etdiriblər. Onlar doğma Vətənin hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də Azərbaycan torpağını qoruyublar. 170 mindən çox həmvətənimizin orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur.
Bu gün Qələbənin 80 illiyinin qeyd edilməsinin əsl səbəbkarları, düşmənin məğlub edilməsində böyük şücaətlər göstərmiş, canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmiş, başqa xalqların nümayəndələri ilə birlikdə müharibədə iştirak edərək və dünyanı faşizmdən xilas etməyə nail olmuş soydaşlarımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq. Çünki faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının ön və arxa cəbhələrdə göstərdikləri şücaətlər danılmazdır.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, İsrafil Məmmədovun, Azərbaycan şahini Hüseynbala Əliyevin, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, partizan hərəkatının fəal iştirakçısı, "Fransanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüş Əhmədiyyə Cəbrayılovun, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları dillər əzbəri olmuş, tarixə düşmüşdür.
İndi Azərbaycanda 1941-45-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilib. Ona görə də hər il 9 May - Qələbə günü dövlətimiz tərəfindən təntənəli surətdə qeyd olunur.
Azərbaycan Milli Kitabxanasında bu tarixi və əlamətdar günlə əlaqədar “Faşizm üzərində Qələbə (1941-1945)” adlı elektron məlumat bazası, “9 May- Faşizm Üzərində Qələbə Günüdür” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Müharibə haqqında sitatlar”, “İkinci Dünya Müharibəsi-xülasə”, “Azərbaycan Böyük Vətən müharibəsində”, "Xatirələr, məktublar", "Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinin əbədiləşdirilməsi", "Nəşrlər" və bir sıra materiallar nümayiş olunur.
Elektron məlumat bazası ilə tanış olmaq istiyənlər https://anl.az/el/emb/QELEBE/index.html linkindən istifadə edə bilərlər.
Virtual sərgidə mövzu ilə bağlı nəşr olunmuş kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/9_May/index.htm linkindən istifadə edə bilərlər.
Faktinfo.az

Bu xəbər üçün şərh yazın