
Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO
8 may tarixində Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir və “Ümummilli Lider Heydər Əliyev” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, bu il müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Ümummilli Liderin şərəfli ömür yolundan, Vətən qarşısında xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən danışan direktor, Ulu Öndərin həmçinin Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına diqqət və qayğısınından da bəhs edib.
Professor Kərim Tahirov Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Bu gün Milli Kitabxananın Ulu Öndərin əsasını qoyduğu kitabxana siyasətinin, xalqını müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətin irsinin dünyada təbliği istiqamətində öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini, Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti durduqca, yaşadıqca Ulu Öndərin əziz xatirəsinin daim xatırlanacağını, heç vaxt unudulmayacağını deyib.
Tədbirdə çıxış edən Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova Ulu Öndərin Milli Kitabxanaya gələrkən söylədiyi “Kitabxana xalq üçün, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir” sözlərini xatırladaraq qeyd edib ki, bu söz bizim üçün kitabxana haqqında söylənilən bütün fikirlərdən daha doğma, əziz və dəyərlidir. Əlavə edib ki, biz hər zaman bu sözü xatırlayır və üzərimizdəki böyük məsuliyyətini hiss edirik.
Ulu Öndərin istər hakimiyyətinin birinci dövründə, istərsə də ikinci dövründə mədəniyyətə, kitabxanaya, kitabxana işinə böyük diqqət və qayğı ilə yanaşdığını, hakimiyyətinin ikinci dövründə 4 dəfə Azərbaycan Milli Kitabxanasına gəldiyini və öz şəxsi kolleksiyasından kitablar hədiyyə etdiyini söyləyən direktor müavini bu ənənənin bu gün də davam etdiyini, ziyalılarımızın öz şəxsi kolleksiyalarından Milli Kitabxananın fonduna kitab hədiyyə etdiyini bildirib.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasını dünya kitabxanaları səviyyəsində görmək istəyi və arzusunun, verdiyi təkliflərin, “Kitabxana işi haqqında” imzaladığı qanunun bugünkü Azərbaycan Milli Kitabxanasının inkişafı üçün proqram təminatı olduğunu və bu siyasətin Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Prezident İlham Əliyevin kitabxana işi, informasiyalaşdırma, informasiyanın mühafizəsi, kitabxana işinin yaxşılaşdırılması haqqında verdiyi qərar və sərəncamların bugünkü kitabxanaların inkişafı üçün bir baza olduğunu, bu gün artıq işğaldan azad olunan bölgələrimizdə də kitabxana işinin inkişafı istiqamətində işlərin uğurla davam etdirildiyini söyləyib.
Tədbirin davamında “Ümummilli Lider Heydər Əliyev” adlı elektron məlumat bazasının təqdimatı olub. Qeyd edək ki, “Ana səhifə”, “Rəsmi sənədlər”, “Heydər Əliyev – Əbədiyaşar şəxsiyyət”, "Əsərləri", “Haqqında nəşrlər”, “Heydər Əliyev Milli Kitabxanada”, “Heydər Əliyev dünya kitabxanalarında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” adlı bölmələrdən ibarət olan elektron məlumat bazasında materiallar tam mətnləri ilə 3 dildə nümayiş olunur.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/H.Aliyev/index.html linkindən istifadə edə bilərlər.
Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı kitab sərgisinə baxıblar. Sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunur.
Faktinfo.az





Bu xəbər üçün şərh yazın