Müğənni sabiq nazirin adamını tutdurdu - Sensasiyalı dələduzluq işi

Müğənni sabiq nazirin adamını tutdurdu - Sensasiyalı dələduzluq işi 

Müğənni Dəniz Əsədovanın şikayəti əsasında Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib.

Müğənni Dəniz Əsədovaya qarşı dələduzluqda şübhəli bilinən baş həkim barəsində fevralın 9-da Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir.

Dəniz Əsədova Rauf İsfəndiyarovun yarım milyon manatdan artıq pulu 2017-2018-ci illərdə ondan aldığını deyib:

“Mənim şəxsi məsələm var idi, Rauf İsfəndiyarov həmin işi həll etmək adı ilə məndən 627 min manat almışdı. Lakin verdiyi vədə əməl etmədi, pulları da öz şəxsi ehtiyaclarına xərcləyib. Bu ilin yanvarında polisə şikayət edəndən sonra araşdırma müddətində vurduğu zərərin 100 min manatını polisdə mənə qaytardı. Lakin yerdə qalan 527 min manatı ödəməkdən imtina etdi. Rauf İsfəndiyarov qalan pulun üçdə birini verərək barışıq əldə etmək və şikayətimi geri götürməyimi istəyirdi, lakin bununla razılaşmadım və onun barəsində cinayət işi açıldı”.

Rauf İsfəndiyarov daha əvvəl Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən ilin dekabrında müğənni Dəniz Əsədova sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə dindirilmişdi. Məlum olmuşdu ki, sənətçinin adı saxta əlillik düzəltmək adı ilə vətəndaşlarından pul alınması faktında, dələduzluqda hallanır. Dəniz Əsədova özü bu barədə mətbuata açıqlamasında bildirmişdi ki, əslində işi görən başqa şəxslər, tanınmış həkimlərdir:

“Heç bir günahım olmadan Səlim Müslümovun işinə görə məni istintaqa cəlb elədilər. Məni dələduzluqda ittiham edirdilər. Halbuki əlimdə sübutlarım da var idi ki, işi görən Mehparə, Rauf, Rüfət, Şahin və Eldəniz adlı həkimlər olub. Bildirdim ki, mənə qarşı ittihamlar yalan və böhtandır”.

Bundan sonra müğənni Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Kazımova və daha bir neçə nəfər barəsində də dələduzluq iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib.

Müğənninin sözlərinə görə, Mehparə Kazımova ona 400 min manatdan çox ziyan vurub:  “Dörd il əvvəl  müxtəlif vaxtlarda iş düzəltmək adı ilə, özünü yüksək vəzifəli şəxs kimi təqdim edib mənə külli miqdarda zərər vuran Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Kazımova Mehparə Musa qızıdır. Heç bir işimi həll etməyib, əksinə, məndən mənimsədiklərini öz xeyrinə xərcləyib. İllərdir məni aldadır, pulumun cüzi hissəsini qaytarsa da, çox hissəsini hələ də qaytarmayıb. Barəsində şikayət ərizəsi versəm də, yüksək məmurların əli ilə məsuliyyətdən yayınır. Şahidlərim də, səs yazıları və maddi sübutlar da var”.

Məsələ ilə bağlı Dəniz Əsədova Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ötən il şikayət ərizəsi təqdim edib və 150 min manatı geri alıb. Daha sonra barışıq ərizəsi imzalanıb: “Barışıq ərizəsi imzalayandan uzun müddət keçməsinə baxmayaraq, yenə də pulumu ödəmir. Əlimdə faktlar, sübutlar var ki, ödəyəcəyini deyir. Mən də onu ifşalamağa məcburam və faktlarla danışacağıma söz vermişəm”.

Mehparə Kazımovanın vəkili isə mətbuata açıqlamasında müğənninin iddialarını təkzib etmişdi: “Dəniz Əsədovanın bildirdiyi iddiaların hamısı şər-böhtan və yalandır. Daha öncə araşdırma aparılıb. Aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində də işə baxılıb. Onun göstərdiyi faktlar öz təsdiqini tapmadığına görə, iş rədd olunub”.

Xatırladaq ki, hazırda həbsdə olan Səlim Müslümovun nazir olduğu dövrdə xeyli sayda şəxs həkimlərdən saxta sənəd almaqla əlillik dərəcəsi alıb və onların hamısı dövlətin sosial müdafiə proqramından yararlanıb, onlara ya pensiya, ya da müavinət verilib. 2021-ci ilin I rübünün nəticələrinə əsasən, əlillik müddətinin uzadılmasına dair təkrar müraciətlərə baxıldığı zaman aşkar olunub ki, bu kateqoriyadan olan şəxslərin təqribən 30 faizinin əlilliyi əsassızdır./musavat.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi