
“Narkomanların sayı statistik rəqəmlərdə göstəriləndən daha çoxdur” - Nail Kəmərli
“2024-cü ilin sonuna dispanser qeydiyyatında olan narkotik istifadəçilərinin sayı 40 490 nəfərə çatıb”.
Bu barədə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd edilib.
Bildirilib ki, onlardan 39 485 nəfəri kişi, 1005 nəfəri isə qadındır. Qeydiyyatda olanların 20 182 nəfəri opioidlərin, 8611 nəfəri kannabinoidlərin, 11 697 nəfəri isə eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir.
Bəs rəqəmlər reallığa tam uyğundurmu?
Mövzu ilə bağlı Cebheinfo.az-a açıqlama verən "Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi" İctimai Birliyinin rəhbəri Nail Kəmərli bildirib ki, narkotik istifadəçilərinin sayı statistikada göstəriləndən çoxdur:
“Bu gün qeydiyyatda olan narkotik istifadəçilərinin sayı mövcud statistikada göstərilən rəqəmlərdən daha çoxdur. Əgər rəsmi rəqəmlərə əsasən, 40 490 nəfər qeyd olunubsa, reallığı görmək üçün bu göstəricini azı 10-a vurmaq lazımdır. Lakin qeyri-rəsmi statistikanı isə dəqiq heç kim deyə bilməz.
Əvvəlki illərlə müqayisədə narkotik istifadəçilərinin sayında müəyyən fərqlər müşahidə olunur. Belə ki, bu gün ölkəmizdə saysız-hesabsız reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərin fəaliyyəti nəticəsində sağalan insanların sayı da artmaqdadır. Düzdür, tam sağalmayan şəxslər də var-100 faiz nəticə heç zaman mümkün olmur”.
Onun sözlərinə görə, narkomaniya ilə mübarizə çərçivəsində həm reabilitasiya, həm də dövlət qurumlarının fəaliyyəti gücləndirilir:
“Reabilitasiya mərkəzlərində 6-9 ay müddətində müalicə alan şəxslər, təbii ki, sonrakı statistik göstəricilərdə də fərq yaradır. Bununla paralel olaraq, Daxili İşlər Nazirliyi və digər dövlət qurumları da narkotiklə mübarizəni yüksək səviyyədə aparırlar.
Eyni zamanda, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda da narkomaniya ilə mübarizənin daha da gücləndirilməsi öz əksini tapıb. Həmçinin, narkomaniyadan əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiyasına diqqətin artırılması da xüsusi olaraq vurğulanır”.
Bu xəbər üçün şərh yazın