Nazir müavininin poçtuna:

Nazir müavininin poçtuna: Meşələri qıran da, qırdıran da,aldadan da, aldanan da özümüzük

Son illər təbiətə qarşı azğınlıq nümayiş etdirən məmurların ağacları kütləvi şəkildə qırması səbəbsiz deyil.

Faktinfo.az saytı olaraq ekoloji tarazlığın pozulması,yaşıllıqların məhv edilməsi və bunun doğurduğu fəsadlarla bağlı onlarla yazı vermişik.Bu qlobal  məsələdən hamılıqla əziyyət çəkə biləcəyimiz barədə həyəcan təbili çalmışıq.İndi isə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin son iki həftədə bir neçə dəfə KİV-lərə ekologiyanın qorunması,ağacların qırılmaması üçün etdiyi çağırışına münasibət bildirmək istəyirik.Məsələ burasındadır ki,son bir ilə qədər bu sahədə vəziyyət indikindən qat-qat acınacaqlı idi.

Ancaq həmin vaxtlar Firdovsi Əliyev indiki kimi heç nəyə etiraz etmir,KİV-lərə heç bir açıqlama vermir,bir sözlə gözə görünməməyi üstün tuturdu.İndi vəziyyətin qismən də olsa, sabitləşdiyi bir vaxtda canıyananlıqla danışır,"işləyirik" görüntüsü yaratmağa cəhd göstərir.Soruşmaq lazımdır:Bəs əvvəllər harada idiniz,qırılan meşələri,məhv edilən yaşıllıqları,meşələrin içərisində salınan restoranları,"istirahət mərkəzləri"ni, müxtəlif yönümlü sexləri,meşələrə atılan tullantıları,meşələrdən qanunsuz olaraq əkin və örüş sahəsi kimi istifadə edilməsini görmürdünüzmü?! Bunları kim(lər)in himayə etdiyini bilmirdinizmi?! İndi özünüzü kimə və niyə göstərirsiniz?! Yoxsa yeni nazirin etimadını bu yollamı qazanmaq istəyirsiniz?! Məgər onda düşünmək o qədər çətin idi ki,bu işləri himayə etməklə meşələri qıran da,qırdıran da,aldadan da,aldanan da və sonradan bu məsələlərdən əziyyət çəkən də özmüzük.Bəlkə hörmətli nazir müavini üçün ünvanlar göstərib,onlarla rayonun adını çəkib.....ətraf mühitin mühafizəsinə dair müəyyən xatırlatmalar edək.

 Az olurdumu ki, hansısa adı məchul  fiziki şəxs “obyekt” tiksin, 10 metr hündürlüyündə 30-40 ilin ağaclarını kəssin,axırda da  qırdığı ağaclara qarşılıq qəpik-quruş cərimə ödəməklə ETSN-dəki himayədarlarına güvənsin?! Məgər belə özbaşnalıqlara qarşı  yazan,düşmən olan , məhkəmələrə çəkilən də mətbuat deyildi?! Necə deyərlər: “Yanan da biz,yaman da biz”.Gördükdə ki, mətbuat davamlı şəkildə  "yaşıl  soyqırım"ı həyata keçirənlərə qarşı mübarizə aparır, onda ekologiyanın bəzi "keşikçiləri" ifşa olunma təhlükəsi ilə üz-üzə qalmasın deyə, ağacları qıran şəxslərə məsləhət bilirdilər ki, akt tərtib edib 800-1000 manat məbləğində cərimə yazmaqla mətbuatı sakitləşdirmək, ictimaiyyətə “işləyirlər” mesajını vermək olar. Daha fikirləşilmirdi ki, 300-500 min manat dəyərində “obyekt” tikən şəxs üçün ödənilən 1000 manat heç nədir? Əsl cəza o olardı  ki, həmin şəxs qırdığı ağaclara görə 100.000 min manat cəriməni ödəsin, ona tikintiyə icazə verən şəxs məsuliyyətə cəlb olunsun və həmin yerdə “obyekt”in tikintisi ləğv edilsin. Bu cür cərimə başqalarına da göz dağı olmalı və bu məsələdə heç kimə güzəşt edilməməli idi. Belə olardısa, bəlkə də Firdovsi Əliyevin indi bu cür pafosla danışmasına ehtiyac qalmazdı. Elə deyilmi?

Mövzunu diqqətdə saxlayacağıq.

Fuad İsgəndərov 

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər