
Akademik Rasim Əliquliyev: "Qrant layihələri milli maraqlar baxımından strateji əhəmiyyət daşıyır"
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında əməkdaşların iştirak etdiyi qrant layihələrinin icra vəziyyəti və görülən işlərə dair müzakirələr aparılıb.
Faktinfo.az xəbər verir ki,bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İnstitutun şöbə müdiri AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev qrant layihələri, onların icra vəziyyəti və əldə olunan nəticələr barədə məlumat verib. Alim Azərbaycan Texniki Universiteti tərəfindən maliyyələşdirilən qrant layihələri çərçivəsində kibertəhdidlərin analizi və aşkarlanması, intellektual optik şəbəkələr və süni intellekt dəstəkli mobil robot texnologiyalarının işlənilməsi istiqamətlərində tədqiqatların davam etdirildiyini deyib.
Sonra Ramiz Alıquliyev neft hasilatında enerji sərfinin optimallaşdırılması məsələlərinə həsr olunmuş qrant layihəsinin icra vəziyyəti haqqında məlumat verib. Bildirib ki, layihə üzrə fəaliyyət planı və qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq mütəmadi elmi seminarlar keçirilir, tədqiqat planları müzakirə olunur, elmi məqalələr hazırlanır.
Daha sonra AMEA-nın vitse-prezidenti, institutunun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək elmi tədqiqatlara dəstəyin gücləndirilməsi, bu fəaliyyətin stimullaşdırılması, xüsusilə gənclərin tədqiqat prosesinə və qrant layihələrinə cəlb olunması ilə bağlı ardıcıl tədbirlərin görüldüyünü bildirib.
Alim qrant layihələri çərçivəsində aparılan tədqiqatların müvafiq istiqamətdə həyata keçirilən dövlət siyasətindən irəli gələn vəzifələr və ölkənin milli maraqları baxımından strateji əhəmiyyət daşıdığını, elm və təhsil arasında körpünün möhkəmlənməsinə və əməkdaşlığın daha da genişlənməsinə xidmət etdiyini bildirib. O, həmçinin əldə olunan nəticələrin nüfuzlu beynəlxalq jurnallarda çap olunmasının əhəmiyyətini vurğulayıb.












Bu xəbər üçün şərh yazın