Nazirlik cərimələnən şirkətə milyonluq layihələr verir

Nazirlik cərimələnən şirkətə milyonluq layihələr verir 

Səhiyyə Nazirliyinin tabeliyindəki “Səhiyyənin Təminat Mərkəzi” Publik Hüquqi Şəxs “Arash Medical Company” ilə 7 milyon 68 min manat dəyərində müqavilə imzalayıb.

Teleqraf.com xəbər verir ki, qurum ötən ilin noyabr-dekabr aylarında şirkətdən həmin məbləğdə tibbi avadanlıqlar alınıb.

Qeyd edək ki, bu ilin əvvəlindən “Arash Medical Company” 4 tenderin qalibi olub. Bu tenderlərin ümumi məbləği 2 milyon manata yaxındır. Təkcə ötən il isə şirkətə 30 tender həvalə edilib.

Onu da bildirək ki, “Arash Medical Company”nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu üçün ilin əvvəlində şirkət cərimələnib. Məsələ Nəsimi Rayon Məhkəməsində araşdırılıb. Konkret olaraq, şirkət ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılırdı.

Yeri gəlmişkən, “Arash Medical Company” illərdir Səhiyyə Nazirliyinin tibb avadanlıqları və ləvazimatlarının alınmasında “favorit” şirkətidir.

Digər qaranlıq məsələ 7 milyon manatlıq tender müqaviləsinin bağlandığı tarixdir. Satınalma 2024-cü ilin IV rübündə həyata keçirilib. Hesablama Palatasında hesab edirlər ki, dövlət satınalmalarının ilin sonunda keçirilməsi dövlət maliyyəsi üçün bir sıra risklər yaradır. Bu hal ilin sonunda istifadə olunmayan vəsaitin bank hesablarına, eyni zamanda ilkin ödəniş (avans) üçün əhəmiyyətli məbləğin təchizatçılara köçürülməsinə, bununla da ilin sonunda qabaqcadan ödəniş məbləğlərinin artımına səbəb olur. Eyni zamanda, ilin sonuna bağlanılmış müqavilələr bəzi hallarda növbəti büdcə ili üçün də əlavə maliyyə öhdəliyi yaradır.

Aparılan təhlillər göstərir ki, beynəlxalq təcrübədə (bəzi ölkələrdə) satınalma müqaviləsi bir maliyyə ili müddətinə bağlanır.

Xatırladaq ki, 2024-cü ildə ölkə üzrə ümumilikdə 19602 sayda 9845,0 mln. manat məbləğində satınalma baş tutub. Bu da 2023-cü illə müqayisədə məbləğ baxımından 30,5%, say baxımından 57,0% çoxdur.

“Arash Medical Company” 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.Müxtəlif illərdə şirkətin qanunu təmsilçiləri Səbinə Bayramova və Cavid Əsədov olublar. 2019-cu ildən Məmmədov Kamran Abid oğlu şirktin rəhbəri olaraq qalıb. 2000 manat nizamnamə kapitalı olan şirkət son maliyyə hesabatını 2022-ci ildə ictimailəşdirib. O zaman qurum ili 3 milyon 865 min manat xalis mənfəətlə başa vurub

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi