
“O, bizə çoxlu boş şeylər danışıb..." - ABŞ lideri Kreml rəhbərini ittiham etdi
“O, bizə çoxlu boş şeylər danışıb, yeni sanksiyaları nəzərdən keçirirəm...”
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə qarşı nadir hallarda rast gəlinən sərt açıqlamalarla çıxış edib.
Qərb mediası xəbər verir ki, Ağ Evdə keçirilən hökumət toplantısında Tramp Rusiya prezidenti ilə bağlı narazılığını dilə gətirib və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirdiyini bəyan edib.
Prezident Tramp Putinlə münasibətlərindəki ziddiyyətləri açıq şəkildə ifadə edərək bildirib ki, Rusiya lideri ilə şəxsi münasibətləri nə qədər “nəzakətli” olsa da, bunun heç bir mənası yoxdur.
“O, bizə çoxlu boş şeylər danışıb. Əslində bu nəzakət göstərmək deyil, çünki çoxlu insan hələ də həlak olur”, - deyə Tramp vurğulayıb.
ABŞ lideri bildirib ki, Rusiya davranışını dəyişmədiyi halda, Kremlə qarşı əlavə tədbirlər görülə bilər.
“Kiçik bir sürpriz edə bilərik”, - deyə Tramp əlavə edib və Senatda hazırlanmış yeni sanksiya paketini nəzərdən keçirdiyini bildirib.
Onun sözlərinə görə, bu qanun layihəsinin taleyi şəxsi münasibətindən asılı olacaq.
Donald Tramp Ukraynaya ABŞ tərəfindən göstərilən hərbi dəstəyi də müdafiə edib. Onun sözlərinə görə, əgər ABŞ silah göndərməsəydi, Rusiya artıq Kiyevi 3-4 gün ərzində işğal etmiş olardı.
“Putin insanlara qarşı düzgün davranmır. O, çox sayda adam öldürür”, - deyə ABŞ Prezidenti bildirib.
Tramp həmçinin qeyd edib ki, yaxın günlərdə Ukraynaya yeni müdafiə silahlarının göndərilməsinə şəxsən razılıq verib.
Bu bəyanat Pentaqonun Ukraynaya əlavə silah yardımının göndərildiyini elan etməsi fonunda səslənib. Pentaqonun açıqlamasında bildirilir ki, bu yardım Ukraynanın özünü müdafiə etməsinə və “davamlı sülhün təmin olunmasına” yönəlib.
Kiyevə “Patriot” raketləri göndəriləcək
ABŞ mətbuatı, o cümlədən “Axios” nəşri administrasiyadakı mənbələrə istinadla yazır ki, Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Kiyevə 10 ədəd “Patriot” hava hücumundan müdafiə sistemi üçün raket göndəriləcəyinə söz verib. Hətta Vaşinqtonun Almaniyaya təzyiq göstərərək, bu sistemləri ABŞ-dan almasını və daha sonra Ukraynaya verməsini təklif etdiyi də iddia olunur.
Xatırladaq ki, iyulun əvvəlində ABŞ bəzi silahların, o cümlədən “Patriot” raketlərinin tədarükünü müvəqqəti dayandırmışdı və bu qərar Kiyevdə ciddi narahatlıq doğurmuşdu.
2025-ci ilin yanvarında yenidən Ağ Evə qayıdan Tramp müharibəni sona çatdırmaq niyyətində olduğunu bəyan etsə də, son açıqlamaları onun Rusiya liderinə olan münasibətinin dəyişdiyini göstərir. O, artıq həm Putinə, həm də Zelenskiyə tənqidlər yönəldir. Xüsusilə də bu açıqlamalar, ABŞ və Rusiya prezidentlərinin son telefon danışığından sonra verilib. Tramp sözügedən danışıqlardan sonra qeyd edib ki, müharibənin dayandırılması istiqamətində “heç bir irəliləyiş əldə olunmayıb”./Azpolitika.info
Bu xəbər üçün şərh yazın