Orxan Ağakişiyev: Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı fəal surətdə inkişaf edir

Orxan Ağakişiyev: Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı fəal surətdə inkişaf edir 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevinin siyasi səriştəsi, yüksək liderlik qabiliyyəti və şəxsi nüfuzu sayəsində ölkəmizin beynəlxalq imici gündən – günə yüksəlir.

   Vətən müharibəsində şanlı ordumuzun qazandığı Qələbə, keçirilən görüşlərdə ölkə başçımızın nümayiş etdirdiyi qətiyyətli mövqe, yüksək intellekt və siyasi peşəkarlıq isə diplomatik uğurlarımızın əsasını təşkil edən amillərdir. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimiz iqtisadi cəhətdən güclənmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, xarici investorların, tərəfdaş ölkələrin Azərbaycana olan marağı artmışdır. Bəllidir ki, torpaqlarımızın işğaldan azad edilməsi regionda yeni reallıqlar yaratmış, sülhün və dayanıqlı inkişafın təmin edilməsi, o cümlədən, yeni əməkdaşlıq sferası üçün əlverişli imkanlar açılmışdır. Bu imkanları düzgün dəyərləndirmək istəyən, Azərbaycanla tərəfdaşlığın böyük strateji əhəmiyyət daşıdığını qəbul edən və bu səbəbdən də ölkəmizə maraq göstərən tərəflər gündən-günə artmaqdadır.

Hər kəsə bəllidir ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri hər zaman böyük məsuliyyətlə yerinə yetirmiş, uğurlu layihələrin icrasına imza atmış, səmərəli əməkdaşlığın formalaşması üçün çalışmışdır. Bu cəhətdə fəal surətdə inkişaf edən Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında ən vacib istiqamətlərdən biri enerji sahəsidir. Buna misal olaraq cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumu qeyd oluna bilər. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçısının etibarlı xam neft təchizatçısıdır. Hazırkı durumda dünyada mövcud geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırmışdır. Ötən il qaz ixracatımız əvvəlki ilə nisbətən 40 faiz artmışdır. Bu il təxminən daha 30-40 faiz artacaqdır. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir. Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Azərbaycanın həm qazı, həm nefti, eyni zamanda, elektrik enerjisi də Avropa qitəsinə ixrac ediləcəkdir.

Bütün bunlarla yanaşı nəqliyyat sahəsini əhatə edən nəhəng infrastruktur layihələrin, innovasiyalar və texnoloji mübadilələrin uğurla həyata keçirilməsi Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının strateji əhəmiyyətini daha da artırır. Hazırda nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur.

Avropa İttifaqı ilə əməkdaşlığın önəmli istiqamətlərindən biri də siyasi dialoqdur. Yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb. Artıq günün reallığına çevrilmiş sərhədlərin delimitasiyası, sülh və rifah naminə regional əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələlərində də Avropa İttifaqı xüsusi fəallıq göstərir.

Bu baxımdan oktyabrın 6-da Praqada keçirilən görüşün də böyük əhəmiyyəti var. Belə ki, Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel,Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda ölkəmizin maraqlarını təmin edən birgə Bəyanat qəbul edilib. Azərbaycanın ərazi bütövlüyünü tanıyab bu Bəyanatın qəbul edilməsi ölkəmizin növbəti diplomatik uğuru olmaqla yanaşı bizi sülhə yaxınlaşdıran mühüm addımdır.

5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərininPrezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alındı. Bu qürurverici məqam isə Prezident İlham Əliyev tərəfindən Azərbaycan dövlətinin milli maraqlarının qorunmasının nəticəsi oldu.

Bəllidir ki, 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız Qələbə torpaqlarımızın işğalına son qoydu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağında qalmış torpaqlarımızı işğaldan azad etməklə, tarixi ədaləti bərpa etdi. Bununla da Azərbaycan Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.

Hazırda işğaldan azad edilmiş ərazilərdə dövlətimiz tərəfindən geniş tikinti-quruculuq, bərpa işləri aparılır. Bir Füzuli sakini olaraq sevinirəm ki, həyata keçirilən böyük layihələr bizim rayonumuzun ərazisində də reallaşır. Hazırda Füzuli Beynəlxalq Hava Limanı artıq istifadədədir. Rayonumuzun ərazisindən keçən Zəfər yolu sərnişinlərin ixtiyarındadır. Müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturu sürətlə qurulmaqdadır. Xüsusi strateji əhəmiyyət daşıyan Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilişi uğurla davam etməkdədir. Rayonumuzun ərazisində ölkə başçımız tərəfindən mühüm obyektlərin açılışları və təməlqoymaları həyata keçirilib. Bu işlər böyük maliyyə vəsaiti tələb edir. Çünki, həyata keçirilən iri infrastruktur layihələr böyük maliyyə tutumuna malik layihələrdir. Dövlətimizin artan iqtisadi gücü sayəsində bu işlər sürətlə və yüksək keyfiyyətlə reallaşır. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız diplomatik qələbələr gücümüzə güc qatacaq, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında öz müsbət töhfələrini verəcəkdir.

Torpaqlarımızı işğaldan azad etdiyinə, ölkəmizin beynəlxalq nüfuzunu yüksəltdiyinə, maraqlarımızı, istəklərimizi qətiyyətlə müdafiə etdiyinə, apardığı geniş tikinti-quruculuq işlərinə və bizlərə göstərdiyi diqqətə, qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.


Orxan Ağakişiyev

Füzuli RİHB-nın Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi