“PAŞİNYAN YOX, ERMƏNİSTAN TƏSLİM OLUB” – Ter-Petrosyan ruspərəst müxalifəti ittiham etdi

“PAŞİNYAN YOX, ERMƏNİSTAN TƏSLİM OLUB” – Ter-Petrosyan ruspərəst müxalifəti ittiham etdi 

Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan ölkədəki siyasi böhranla bağlı özünün "ilur.am" saytında geniş məqalə ilə çıxış edib.

Eks-prezident məqaləsində müharibədən sonra imzalanan 10 noyabr bəyanatını nəzərdə tutaraq bildirib ki, Paşinyanın yerində kimin olmasından asılı olmayaraq, Ermənistana qəbul etdiriləcək qərarı itaətkarcasına qəbul etməli olardı.

Ter-Petrosyanın fikrincə, hazırkı daxili siyasi qarşıdurma Ermənistanın qarşıdan gələn çətin danışıqlardakı mövqeyini zəiflədir: “Kompromislərdən imtina və status-kvonun saxlanması siyasətinin milli fəlakətə gətirib çıxardığını sübut etməyə ehtiyac yoxdur. Fəlakətdən sonra bunu hətta həmin siyasətin bəzi keçmiş tərəfdarları da etiraf edirlər”.

Levon Ter-Petrosyanın məqaləsində daha sonra deyilir: “Amma bununla yanaşı, özlərinə haqq qazandırmaq üçün bir çoxları isbat etməyə çalışırlar ki, onlar lap kompromis yolunu seçsəydilər də nəticəsi belə olacaqdı. Bu, aciz bir şəkildə özünə haqq qazandırmaq cəhdindən başqa bir şey deyil... çünki tarix feilin şərt formasını xoşlamır”.

Ermənistanın birinci Prezidenti yazır ki, tarix yalnız baş verənləri qeydə alır: “Buna görə də Qarabağ münaqişəsinin kompromis yolu ilə həllinin əleyhdarları - dövlət xadimləri, ziyalıların nümayəndələri öz antimilli hərəkətlərinə nə qədər haqq qazandırmağa çalışsalar da, gec ya tez, tarix məhkəməsinin qarşısında dayanacaqlar... Bundan hələ heç kim qaça bilməyib”.

Levon Ter-Petrosyan yazır ki, kompromis əleydarlarının bugünkü hərəkətləri də Ermənistan və Qarabağdakı böhranı dərinləşdirir. Keçmiş prezident bildirir ki, indiki müxalifətin başlıca məqsədinin nə olduğu bilinmir: “Serj Sarkisyanın təşəbbüsü ilə Paşinyana təslimçi yarlığı yapışdırılıb. Bu, bəlkə həqiqət olsa da, yarımçıq həqiqətdir. Əslində Paşinyan yox, Ermənsitan təslim olub. Paşinyan sadəcə olaraq Ermənistanın kapitulyasiyası haqqında bəyanata qol çəkib. Bu səbəbdən də Paşinyanın yerində kimin – Robert Koçaryanın, Serj Sarkisyanın, lap belə deyək ki, İşxan Saqatelyanın olmasından asılı olmayaraq, istənilən şəxs Ermənistana qəbul etdiriləcək qərarı itaətkarcasına qəbul etməli olardı”.

Levon Ter-Petrosyan yazır ki, problem Ermənistanda kimin lider olmasından asılı deyil: “Əgər bu sadə həqiqət başa düşülməsə, ölkəmizin daxili siyasi silkələnməsi davam etdirilsə, bizdən tələb olunacaq qərarlar, Paşinyanın, yoxsa başqa birinin yekun sənədə qol çəkməsindən asılı olmayaraq dəfələrlə ağrılı olacaq”.

Keçmiş Prezidentin fikrincə, müxalifətin indiki liderləri bunu başa düşmürlərsə, deməli onların siyasətdən anlayışları yoxdur: “Yox, əgər onlar bunu anlayaraq daxili siyasi silkələnməni davam etdirirlərsə, deməli onlar milli maraqlara qətiyyən aidiyyatı olmayan başqa maraqları güdürlər”.

Bununla yanaşı, Ter-Petrosyanın fikrincə, müxalifətin təşkil etdiyi etirazlara hazırkı hakimiyyətin sərt reaksiyası da milli maraqlara xidmət etmir: “Ümidsiz bir şəkildə nikbin olaraq, mən hər halda gözləyirəm ki, qarşıduran tərəflər, nəhayət, öz mövqelərinin təhlükəliliyini dərk edəcək, vəziyyəti daha da mürəkkəbləşdirməmək və yeni təhlükələrdən yan keçmək naminə hər hansı bir razılaşmaya nail olacaqlar”.

Levon Ter-Petrosyan yazır ki, əgər ziyalıların nümayəndələri vətənpərvər bir işlə məşğul olmaq istəyirlərsə, qoy Nikol Paşinyanı, Robert Koçaryanı, Serj Sarkisyanı bir masa ətrafına gələrək daxili siyasi böhrandan çıxış yolu tapmağa məcbur eləsinlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi