Rusiya Azərbaycanı təxribata çəkir: - “Prezidentin Fərmanı buna cavab oldu”

Rusiya Azərbaycanı təxribata çəkir: - “Prezidentin Fərmanı buna cavab oldu” 

Ermənistan bu gün Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozub. Bundan əvvəl, 7 iyulda isə Ağdam rayonu ərazisi istiqamətində Ermənistan təxribat törətdi.

Ümumiyyətlə, 10 noyabr bəyanatından sonra Ermənistan Qubadlı, Zəngilan istiqamətində bir neçə dəfə təxribatlar törədib, diversant hücumları təşkil edib.

Ermənistanda keçirilən seçkidən əvvəl bu təxribatların seçkiyə hesablanmış addımlar olduğu iddia olunurdu. Amma görünən odur ki, bu, seçki məsələsi deyil, hazırda da təxribatlar davam edir.

Ermənistanın təxribatlarının arxasında hansı səbəblər durur?

Politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında deyib ki, bu, Ermənistandan deyil, Moskvadan istiqamətlənən təxribatdır:

“Bütün hallarda bu, Azərbaycana qarşı hərbi demarşdır. Məsələ ondadır ki, Rusiyanın Gümrüdəki hərbi hissələrindən Zəngəzur, Zəngilan, Kəlbəcər və Cəbrayıl istiqamətinə əsgərlər gətirilir. Halbuki Ermənistanın Rusiya ilə belə bir razılaşması yoxdur.

Razılaşma yalnız İran-Ermənistan sərhədi ilə bağlıdır. Heç Ermənistanın Naxçıvanla sərhədində belə rus ordusunun yerləşməsi ilə bağlı razılaşma yoxdur.

Rusiya özbaşına olaraq Azərbaycan sərhədlərinə gəlir. Burada məqsəd ilk növbədə Azərbaycan sərhədçilərini provakasiyaya çəkməkdir. Çünki KTMT-nin katibi bildirdi ki, sərhədlərin dəqiqləşdirilməsi məsələsi KTMT-nin ikinci maddəsinə uyğun deyil, ona görə də bu işlərə qarışmırlar. Bu da Rusiyanın Qafqazdakı hərbi-siyasi maraqlarına ziddir. Rusiya yenə də öz ampluasındadır”.

Politoloq əlavə edib ki, Rusiya sərhəd təxribatına, atəşkəsin pozulmasına getməklə Azərbaycanın atəş açmasını gözləyir:

“Rusiya Müdafiə və Xarici İşlər nazirlikləri heç bir bəyanat vermədi və hər zaman olduğu kimi, yenə də xristian həmrəyliyi göstərdi. Azərbaycan atəş açsa, Rusiya bütün dünyaya bəyan edəcək ki, Ermənistana hücum olundu və KTMT-nin 4-cü maddəsinə görə onun qarşısını aldıq. Əsas məqsəd odur ki, Azərbaycanın yeni bir ərazisi işğal olunsun, yenidən Azərbaycanla bağlı addımlar atılsın.

Amma artıq Azərbaycan Prezidenti bu gün buna cavab verdi. Birmənalı şəkildə iki yeni iqtisadi rayonun yaradılması Rusiyaya qarşı böyük siyasi demarş idi. Xankəndi, Xocalı və Xocavənd Qarabağ iqtisadi zonasına daxil oldu. Bununla da Dağlıq Qarabağ termini tamamilə itdi. İkincisi isə Prezident daha uzaqgörən addım ataraq Şərqi Zəngəzur iqtisadi rayonu artıq Azərbaycanın nəinki ərazi bütövlüyünə, vaxtıla qanunsuz olaraq Azərbaycandan alınmış torpaqlara doğru atılan addımdır.

Çünki burada Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonu ilə Şərqi Zəngəzur iqtisadi rayonu formalaşdı. Yəni Azərbaycan bu addımı atdı. Rusiyanın və Azərbaycandakı “5-ci kolon”un fəallaşmasına baxmayaraq, Azərbaycan düzgün yoldadır. Azərbaycan Prezidenti çox ağıllı və uzaqgörən siyasət yürüdür”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi