Rusiyada təşviş artır - Ukraynanın zərbələri davamlı olacaq

Rusiyada təşviş artır - Ukraynanın zərbələri davamlı olacaq 

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətinin Klintsı rayonunda yerləşən 26-cı raket briqadasının mövqelərinə zərbə endirib.

Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, hücumun hədəfi Rusiyanın “İskəndər” operativ-taktiki raket kompleksləri olub. Bildirilir ki, bir raket qurğusu tamamilə məhv edilib, ikisi isə ciddi zədələnib. Bu, Ukraynanın ilk dəfə Rusiyanın bu tip strateji silah sistemlərini birbaşa hədəfə alması kimi qiymətləndirilir.

Ukrayna Baş Qərargahı və Təhlükəsizlik Xidməti bildirib ki, hücum nəticəsində Rusiyanın Ukrayna şəhərlərindən birinə – ehtimal ki, Kiyevə qarşı planlaşdırdığı raket zərbəsi önlənib. Hadisə ilə bağlı yayılan görüntülərdə güclü partlayış və texnikanın məhv edilməsi əks olunur. Rusiya tərəfi isə hələlik bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib.

Rusiya hərbi blogerləri ilkin şərhlərində texnikanın məhv olduğunu qəbul etsələr də, videolardakı obyektlərin məhz “İskəndər” kompleksləri olduğunu sübut edən aydın dəlillərin olmadığını qeyd ediblər.

Əgər bu məlumat təsdiqlənərsə, bu, Ukraynanın 2022-ci ildən bəri Rusiyanın yüksək dəqiqlikli raket sistemlərinə öz ərazisində endirdiyi ilk zərbə olacaq. Bu, həm hərbi, həm də psixoloji baxımdan əhəmiyyətli hadisədir.

Bundan əvvəl, 1 iyunda Ukrayna xüsusi xidmət orqanları Rusiyanın arxa cəbhəsindəki bir neçə hərbi aerodroma PUA-larla hücum təşkil etmiş, nəticədə onlarla strateji bombardmançı təyyarənin sıradan çıxdığı bildirilmişdi. Rəsmi Kiyev bu rəqəmi 41 olaraq açıqlamışdı.

Ukraynanın son həftələrdə intensivləşən hücumları Rusiyanın arxa cəbhə təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurur. Dron və raket zərbələri mülki əhali arasında təşviş yaradaraq, ordu rəhbərliyinə inamsızlığı artırır. Bu hücumlar Rusiya ordusunun strateji silah ehtiyatlarını hədəfə alaraq, hücum potensialını zəiflətməyə yönəlib.

Eyni zamanda, Ukraynanın Qərb texnologiyalarından istifadəsi və informasiya üstünlüyü bu əməliyyatların daha koordinasiyalı şəkildə aparıldığını göstərir. Ukrayna ilə Qərb arasında uzaqmənzilli silahların tədarükü ilə bağlı danışıqların davam etdiyini nəzərə alsaq, bu tip hücumların gələcəkdə də davam edəcəyi ehtimalı yüksəkdir. Bu isə Rusiya üçün həm hərbi, həm də siyasi müstəvidə əlavə təzyiqlər yarada bilər./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi