Sənan Bayramov: Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq böyük perspektivlər vəd edir

Sənan Bayramov: Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq böyük perspektivlər vəd edir 

Azərbaycan keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd etdi.

Ölkəmiz hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışır. Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Prezident İlham Əliyevin apardığı xarici və daxili siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır və bütün sahələrdə dövlət siyasəti uğurla həyata keçirilir. Əməkdaşlığa açıq, tərəfdaşlığa məsuliyyətli olan dövlətimiz regionda və beynəlxalq arenada əsil söz sahibinə çevrilmişdir.

Bu gün Azərbaycan dövləti bütün istiqamətlərdə olduğu kimi, enerji siyasətində də mühüm uğurlara imza atır. Ölkəmiz enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır.

Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Öncə neft hasilatı sonra, qaz hasilatı baş verdi. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkildi. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir.

Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb.

Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir.

Hər kəsə bəllidir ki, dünya dəyişib və bu dəyişikliklərin hansı axınla gedəcəyi Ukraynada müharibə nə qədər müddət davam edəcək və bu savaşın sonu necə bitəcək, dünyadakı güclərin balansı hansı şəkildə olacaq kimi amillərdən asılıdır. Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi avropalıların gündəliyində ən aktual məsələlərdən biridir. İonik-Adriatik boru kəməri layihəsi var ki, o, Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq. Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər olunub.

Bildiyimiz kimi işğaldan azad edilmiş ərazilərdə dövlət tərəfindən irimiqyaslı layihələr icra olunur, geniş bərpa-quruculuq və tikinti işləri həyata keçirilir. Bütün bunlarla yanaşı işğaldan azad edilmiş ərazilərin enerji potensialından səmərəli istifadə, enerji təhlükəsizliyinin təminatı üçün bu potensialın düzgün istiqamətləndirilməsi dövlətimizin diqqət mərkəzindədir. Nəzərə alaq ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı 157 qeqavata bərabərdir. Gələn illər ərzində istifadəyə veriləcək yeni qaz yataqları da mövcuddur. Bərpaolunan enerjidən istifadə edilmə nəticəsində ixrac üçün daha çox qaz ehtiyatı təmin olunacaqdır.

İşğaldan azad edilmiş ərazilər - 10 min kvadratkilometr ərazi “yaşıl enerji” zonası elan edilib. Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlar var.

Sevindirici haldır ki, dövlətin uğurlu enerji siyasətinin müsbət nəticələri bizim rayonun ərazisində də açıq görünür. Belə ki, respublikamızın digər bölgələrində olduğu kimi, bizim rayonumuzda da əhalinin fasiləsiz enerji ilə təminatı hər zaman dövlətin diqqət mərkəzində saxlanılıb. Məhz bunun nəticəsidir ki, 2012-ci ildə rayonumuzun ərazisində 25,2 meqavat gücündə Füzuli Su Elektrik Stansiyası tikilib istifadəyə verilib. Nəticədə Füzuli sakinlərinin fasiləsiz enerji təminatı reallaşdırılıb.

Əlavə olaraq, ötən il Prezident İlham Əliyev tərəfindən Füzuli yarımstansiyasının açılışı həyata keçirildi. Qeyd edək ki, bu yarımstansiya 110/35/10 kilovoltluqdur və Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Əminik ki, ölkəmizin beynəlxalq nüfuzu daha da artacaq, qalib ölkə olaraq yeni diplomatik uğurlara imza atacaq, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas motivlərindən olan enerji siyasəti ölkəmizin gələcək uğurlarının mənbəyində mühüm yer tutacaqdır.

Sənan Bayramov

Alıxanlı kənd bələdiyyəsi

Sənan Bayramov: Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq böyük perspektivlər vəd edir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi