Tanınmış təhsil ekspertləri və KİV nümayəndələri Bakı Slavyan Universitetində olub

Tanınmış təhsil ekspertləri və KİV nümayəndələri Bakı Slavyan Universitetində olub 

İyunun 14-də Bakı Slavyan Universitetinin (BSU) Mətbuat xidmətinin təşkilatçılığı ilə imtahan sessiyasının gedişini izləmək üçün ictimai monitorinq keçirilib. Monitorinq BSU-nun rektoru, professor Nurlana Əliyevanın 2016-2017-ci tədris ilinin yay imtahan sessiyasında şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə verdiyi əmrə əsasən təşkil edilib.

Universitetin mətbuat xidmətindən Faktinfo.az-a verilən xəbərə görə BSU-nun  müxtəlif fakültələrində keçirilən monitorinqdə tanınmış təhsil ekspertlərindən Nadir İsrafilov, Şahlar Əsgərov, Kamran Əsədov, aparıcı KİV nümayəndələrindən - Azərbaycan Dövlət İnformasiya Agentliyindən (AzərTac) Pərvanə İmanova və Roman İsmayılov, “Azad Azərbaycan” qəzetindən Hacı Tofiq Seyidzadə, “İki sahil” qəzetindən Taleh Şahməmmədli, “Azərbaycan müəllimi” qəzetindən Şakir Cəfərov, “Respublika” qəzetindən Ramiz Yusifov, “Səs” qəzetindən Zümrüd Bayramova, “Yeni Azərbaycan” qəzetindən Nurlan Qələndərli, “Xalq qəzeti”ndən Mehdi Mükərrəmoğlu, SİA Səs informasiya agentliyindən Ruqiyyə Cəfərova, Azadinform Informasiya Agentliyindən Ləman Hüseynzadə, Report Informasiya Agentliyindən Aygün İbrahimova, Media.tv informasiya portalından Əfqan Bəhluloğlu, Moderator.az xəbər portalından Mehman Nəbiyev, BakıPost saytından Nigar Etibar və digər media orqanlarının nümayəndələri iştirak ediblər.

Ekspertləri və media nümayəndələrini ilk növbədə BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib. O, 2016-2017-ci tədris illərində BSU-da baş verən yeniliklər, yenidənqurma işləri, universitetdə keçirilən beynəlxalq və respublika konfransları, universitetin rəsmi qonaqları, beynəlxalq müqavilələri barədə ətraflı məlumat verib. N.Əliyeva bildirib ki, 2 may 2017-ci il tarixindən BSU-da yay imtahan sessiyasına start verilib. Bakı Slavyan Universitetində (BSU) imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həll edilməsini təmin etmək məqsədi ilə universitetdə fəaliyyət göstərən Valideynlər şurasının, Tələbə Gənclər Təşkilatının, tələbə və magistrantlardan formalaşan “Kölgə kabineti”nin, “Tələbə dünyası” qəzetinin nümayəndələrindən ibarət “Operativ qərargah” yaradılıb.

Nurlana Əliyeva qeyd edib ki, qərargahı yaratmaqda məqsəd imtahanın gedişində obyektivliyi və şəffaflığı təmin etmək, qərargahın fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə vaxtaşırı məlumat vermək, valideynlərin imtahan prosesinin bütün mərhələlərində fəal iştirakını təmin etməkdir.

Sonda qonaqlar Operativ qərargahın işi ilə yaxından tanış olub, qərargah rəhbəri elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov qərargahdakı iş rejimi barədə media və ictimaiyyət nümayəndələrinə ətraflı məlumat verib. R.Novruzov bildirib ki, tələbələr imtahan cavablarını artıq elektron formada rahat qaydada əldə edə bilirlər. Prorektor münaqişəli məsələlərin yerindəcə həll edildiyini diqqətə çatdırıb. Bundan əlavə, o, təhsil haqqını vaxtında ödəməyən tələbələrin ailə vəziyyətinin nəzərə alındığını da qeyd edib.

Monitorinq çərçivəsində 23 qrup üzrə imtahan yazı otaqlarına baxış keçirilib, imtahan prosesinin gedişi ilə əlaqədar tələbələrin fikirləri, onları maraqlandıran suallar dinlənilib. Media və ictimaiyyət nümayəndələri Beynəlxalq münasibətlər, Pedoqoji, Filologiya, Tərcümə fakültələrinin imtahanlarında iştirak edib, tələbələrlə birbaşa təmasa giriblər. 

Səadət Heydərova

Tanınmış təhsil ekspertləri və KİV nümayəndələri Bakı Slavyan Universitetində olubTanınmış təhsil ekspertləri və KİV nümayəndələri Bakı Slavyan Universitetində olub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi