Türkiyə Misirin atəşkəs təklifini rədd etdi -

Türkiyə Misirin atəşkəs təklifini rədd etdi - "Xəlifə Haftarı xilas etmək istəyirsiz..."

Türkiyə iyunun 10-da Misirin Liviyada atəşkəs elanı təklifini rədd edib. Ankara bildirir ki, bu təklif paytaxt Tripoli üzərinə hücum əməliyyatı iflasa uğramış general Xəlifə Haftarı xilas etmək məqsədi güdür.

"Reuters"Agentliyi yazır ki, Türkiyə Liviyada BMT tərəfindən tanınmış baş nazir Fayez al Sərracın Milli Barışıq Hökumətini (MBH) dəstəkləyir və onun silahlı qüvvələri Haftarın Tripoli üzərinə 14 aydır davam edən hücum əməliyyatına son qoyub. General Haftarın Liviya Milli Ordusunu (LMO) Misirdən başqa Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Rusiya dəstəkləyir.

Misir Liviyada atəşkəsə iyunun 8-dən başlayaraq çağırışlar edir. Qahirə bildirir ki, bu, həm də Liviyanın şərqindəki şuranın təklifidir.

Rusiya və BƏƏ atəşkəs təklifini dəstəkləyiblər, Almaniya isə BMT-nin vasitəçilyi ilə sülh danışıqlarının başlanmasına çağırıb.

Lakin Türkiyənin xarici işlər naziri Mövled Çavuşoğlu atəşkəs təklifini ağır məğlubiyyətdən sonra Haftarı xilas etmək cəhdi kimi rədd edib: “Qahirənin atəşkəs təklifi ölü doğulmuş uşaq kimidir. Əgər atəşkəs razılaşması imzalansa, bu hamını bir araya gətirəcək platforma üzərində olmalıdır. Haftarı xilas etmək üçün atəşkəs çağırışı bizə nə səmimi, nə də inandırıcı görünür”.

Çavuşoğlu deyib ki, Türkiyə Liviya münaqişəsinin çözülməsi üçün bütün tərəflərlə danışıqları davam etdirəcək, lakin bu həll hər iki tərəfin razılığını tələb edəcək.

Bundan əvvəl, iyunun 8-də Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan və ABŞ prezidenti Donald Tramp telefon söhbətində Liviyadakı vəziyyəti müzakirə ediblər. Ərdoğan deyib ki, o Trampla “bəzi məsələlərdə” razılığa gəlib.

Ərdoğan əlavə edib ki, Tripolidəki hökumət sahil şəhəri Sirtenin və cənubdakı Cufra hərbi-hava bazasının ələ keçirilməsi məqsədilə hücumlarını davam etdirəcək. Bəzi xəbərlərə görə, Rusiyanın Haftara göndərdiyi MiQ-29 təyyarələri məhz bu bazada yerləşdirilib.

Türkiyə prezident administrasiyası iyunun 10-da bildirib ki, Ərdoğan Liviyadakı məsələni telefon söhbətində Vladimir Putinlə də müzakirə edib. İki prezident habelə Suriyanın şimalındakı İdlib qəzasında yaranmış vəziyyət barədə danışıb. Burada Moskva və Ankaranın üç ay əvvəl elan etdikləri atəşkəs hələki pozulmayıb. 

Azadliq.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi