Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər –

Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər – Ekspert səbəbini açıqladı

Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı ilkin göstəriciləri açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, açıqlanan göstəricilərdə diqqət çəkən məqamlardan biri büdcə gəlirlərində fiziki şəxslərin gəlir vergisindən daxil olan vəsaitin kəskin artmasıdır.

Qeyd edək ki, gələn ilin büdcə gəlirlərində fiziki şəxslərin gəlir vergisindən daxil olacaq vəsaitin 2 milyard 566,8 milyon manat olacağı proqnozlaşdırılır. Müqayisə üçün bildirək ki, bu ilin dövlət büdcəsində bu vəsait 1 milyard 989 milyon manat həddində müəyyən edilib. Bu isə o deməkdir ki, gələn il fiziki şəxslərin gəlir vergisindən büdcəyə daxil olacaq vəsait builki göstəricidən 29% və ya 577,8 milyon manat çox olacaq.

Büdcə gəlirlərində fiziki şəxslərin gəlir vergisindən daxil olacaq vəsaitin kəskin artmasına münasibət bildirən iqtisadçı-ekspert Allahverdi Aydın yeniavaz.com-a açıqlamasında bildirib ki, bu artım özəl sektorda işləyən şəxslərin aylıq gəlirlərinə tətbiq edilən vergi güzəştinin başa çatması ilə bağlı ola bilər:

“Bildiyimiz kimi, 2019-cu il yanvarın 1-dən özəl sektorda işləyən şəxslərin 8 min manatadək olan aylıq gəlirlərindən 7 il müddətində vergi alınmayıb. Yəni 7 illik güzəşt gələn ilin yanvar ayının 1-də başa çatır. 2019-cu ildə vergi güzəşti tətbiq edildikdən sonra dövlət büdcəsinə fiziki şəxslərin gəlir vergisindən daxil olan vəsait təxminən 26% azalaraq 1 milyard 196 milyon manatdan 880 milyon manata düşdü. İndi biz görürük ki, bu ilin dövlət büdcəsi ilə müqayisədə gələn ilin büdcəsində fiziki şəxslərin gəlir vergisindən daxil olan vəsait də təxminən 29% artacaq”.

İqtisadçı-ekspert əlavə edib ki, əgər vergi güzəştinin müddəti uzadılmazsa, gələn ildən özəl sektorda işləyən şəxslərin maaşında təxminən 14% azalma olacaq:

“Hazırda dövlət sektorunda işləyən şəxslərin əmək haqqından 14% həddində gəlir vergisi tutulur. Əgər özəl sektorda işləyənlər üçün tətbiq edilən güzəşt ləğv olunarsa, gələn ildən onların da əmək haqqından eyni həddə vergi tutulacaq. Hazırda Azərbaycanda özəl sektorda orta aylıq əmək haqqının 1129 manat olduğu bildirilir. İndiki əmək haqqı üzərindən hesablasaq, gələn ildən etibarən orta aylıq əmək haqqından təxminən 158 manat vergi ödəniləcək. Bu isə maaşların azalması deməkdir. Özəl sektorda işləyənlərin 7 ildən sonra vergi ödəməsi onların xalis gəlirini azaldacaq. Bu da istehlak bazarında müəyyən daralma yarada bilər. Eyni zamanda şirkətlər əlavə xərclərlə üzləşə bilər, çünki maaş fondundan çıxan vergi yükü artacaq. Ola bilsin ki, bəzi şirkətlər yenidən ikili mühasibatlıq sisteminə keçsinlər. Əslində 2019-cu ildə tətbiq olunan vergi güzəşti əmək bazarında şəffaflığa səbəb oldu. Əgər 2026-cı ildən güzəştlər ləğv olunarsa, bu həm işçilər, həm də şirkətlər üçün yeni reallıqlar yaradacaq”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi