
"YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" - “Bu sifarişlər olmasa, özəl sektor lap can verər..."
"Yeni maliyyə naziri büdcə xərclərini azaltmağa çalışır, "əjdaha suyun qabağını kəsən kimi" davranaraq qənaət edir və dövlətin vəsaitini depozitlərə qoymaqla əlavə gəlir əldə etməyə çalışır".
Bu fikirləri iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
O deyib ki, problem ondadır ki, bu iki məsələ Maliyyə Nazirliyinin əsas funksiyalarına aid deyil və nazirliyin əsas vəzifəsi bunlar olmamalıdır.
Natiq Cəfərli vurğulayıb ki, yeni nazir anlamır – ölkə iqtisadiyyatının "can damarı" büdcə xərcləridir.
“Demirəm ki, bu yaxşıdır, amma təəssüf ki, belədir,” – deyə iqtisadçı qeyd edib.
Onun sözlərinə görə, sadə və primitiv modelə söykənən Azərbaycan iqtisadiyyatı məhz büdcədən qidalanır. Cəfərli misal olaraq bildirib ki, büdcə hesabına məktəb tikilir və bu zaman istifadə edilən materiallar – daş, sement, beton, şepen, qapı-pəncərə, dam örtüyü, stol-stul, lövhə, kompüter və s. – hamısı özəl sektordan alınır.
“Bu sifarişlər olmasa, özəl sektor lap can verər, indi də zorla ayaqdadır,” – deyə o əlavə edib.
İqtisadçı deyib ki, Maliyyə Nazirliyi "xəsisliyə" başlayıb, pulu az və gec ayıran kimi, özəl sektorda "boğulma" başlayır. Onun fikrincə, Azərbaycanda ciddi biznes şəraiti və böyük oyunçular olmadığı üçün özəl sektor öz çarxını özü döndərə bilmir.
“Neft–büdcə–tikinti–özəl sektor sxemi üzərində qurulmuş bu primitiv modeldə zəncirin əsas həlqəsi – yəni büdcə pulu – azalan kimi, digər həlqələr də "dizini yerə qoyur",” – deyə Cəfərli bildirib.
O qeyd edib ki, Maliyyə və İqtisadiyyat nazirliklərinin əsas məqsədi iqtisadi artımı, ÜDM-in artımını, rifahı, iş yerlərinin çoxalmasını və ölkə əhalisinin yüksək gəlirli iqtisadi modelə keçidini təmin etməkdir.
“Əgər bu ilin ilk 7 ayında ölkədə ÜDM cəmi 0,9% artıbsa, əslində isə ölkə resessiya ilə üz-üzədirsə, deməli, hər iki nazirlik sinifdə qalıb...” – deyə Natiq Cəfərli fikrini yekunlaşdırıb./Azpolitika.info
Bu xəbər üçün şərh yazın