Rüşvətlə qazanılan vəzifə

İki həkim tanıyıram – təxminən eyni yaşdadılar. İkisi də institutu eyni ixtisas üzrə eyni ildə bitiriblər, yəni qrup yoldaşıdılar. Biri fərqlənmə diplomu ilə, digəri adi diplomla. Biri böyük bir xəstəxanada şöbə müdiridir, digəri həmin şöbədə adi həkim, otaqları da yanaşıdır. Müdir olan institutu fərqlənmə diplomu ilə bitirəndir, tezliklə doktorluq müdafiə etməyə hazırlaşır.

Amma...

Amması budur ki, müdir bütün gün xəstəxana dəhlizində düzülmüş stullarda boş-boşuna oturur. Daha doğrusu, qonşu otaqdakı qrup yoldaşının qəbulunu gözləyən xəstələri “ovlamaqla” məşğul olur. Gah dilə tutur, gah daha aşağı qiymət təklif edir, gah həmkarını aşağılayır. Özü də bunu hamının gözü qarşısında, bir çox hallarda hətta həmkarının qulağı eşidə-eşidə edir – arxası möhkəmdir, heç kimin ona heç nə deməyəcəyini bilir. Hətta hər gün onlarla xəstəyə şəfa verən həmkarı da ona heç nə demir - gördüklərini görməzdən gəlir, başını salıb öz işiylə məşğuldur. Çünki qapısında növbə tutan sadə insanlar o diplomu, vəzifəni, elmi dərəcəni verənlərdən daha dəqiq, obyektiv və ədalətlidilər qərarlarında. Onlar müdirin bütün dilətutmalarını qulaqardına vuraraq, cazib təkliflərindən imtina edir, məhz onun yanına gedir, ondan yardım istəyirlər ki, bunun da səbəbi aydındır - o həkimin gördüyü işin keyfiyyətinə, həm də insafına əmindilər...

Belə təzadlı vəziyyət, heç şübhəsiz ki, digər peşə sahibləri arasında da var. Çünki biz bu təzadın əsasını uşağımız körpəykən – hələ bağçaya gedəndən qoyuruq. Tərbiyəçiyə pul veririk ki, uşağımıza digərlərindən daha yaxşı baxsın – bilə-bilə ki, tərbiyəçidən qayğı gözləyən azı 18-20 uşaq daha var. Orta məktəbdə uşağımızı ilk sırada oturtması üçün müəllimə “hörmət”  edirik, bir-birimizlə davaya da çıxdığımız olur – hətta övladımız ucaboy olsa belə. Düşünmürük ki, o sinifdə boyu balaca, yaxud gözü zəif olan uşaqlar da ola bilər və ilk sırada onlar oturmalıdır. 

Bir yarışma, müsabiqə olanda bütün imkanlarımızı işə salırıq, münsiflərə, qiymətləndirənlərə min cür təsir-təzyiq edirik ki, yüksək yeri məhz bizim uşağımıza versinlər. Əksər hallarda buna nail də oluruq. Bu düşüncə ilə də övladımıza çox şeyi pulla, tanışlıqla ala bilirik - idman klublarına, yığma komandalara saldırırıq, elmlər namizədi, əməkdar artist, daha nə edirik. Lakin heç birimiz düşünmürük ki, bütün bunlara layiq olan, lakin məhz öz xudbinliyimiz üzündən əldə edə bilməyənlər var və biz onların haqqına girməklə bərabər, öz övladlarımızın da uğursuzluqlarının əsasını qoyuruq. Düşünmürük ki, uşağımıza lazım olan əsas keyfiyyətləri pul və tanışlıqla ala bilməyəcəyik. Bunlar qabiliyyət və peşəkarlıqdır. Birincini verən Allah, ikincini qazanan isə özümüz – yəni uşaqlarımızdır. Çox nadir hallarda olur ki, övladımız pulla, tanışlıqla aldığımız yerə, diploma, elmi dərəcəyə, vəzifəyə layiq qabiliyyətdə olsun. Çünki Allahın verdiyi qabiliyyətin üzə çıxmasına imkan belə vermədən uşağımıza yol cızır, oradan kənara çıxmasını hər yolla əngəlləyirik.

Beləliklə də, xəstə “oğrusu”  həkim, xalq sevgisindən məhrum xanəndə, artist, arabanın beşinci təkərindən də betər gündə idmançı, daha kimlər yetişdiririk. Ən pisi də odur ki, bizim yetişdirdiklərimiz eyni şeyləri öz övladları ilə edirlər. Hamımız da söz düşəndə etdiklərimizi övlad sevgisi ilə izah edir, övladın taleyindən dolayı narahatlığımıza bağlayırıq. Guya ki, fərqli davranan valideynlər övladlarını sevmir, onların taleyindən narahat olmurlar...

Bəlkə övladlarımıza bu pisliyi etməyək, hə? İmkan verək, kim harada, hansı sahədə qabliyyətlidir orada çalışsın, ora getsin, orda otursun... 

Nə deyirsiniz?