12 noyabr Konstitusiya günüdür

12 noyabr Konstitusiya günüdür 

Müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev müasir dövlətçiliyimizin əsasını qoyarkən bütün istiqamətlərdə möhkəm təməl, bünövrə yaratdı.

Azərbaycanın işıqlı sabahı naminə yorulmadan çalışan Ümummilli Liderimiz müstəqil Azərbaycan dövlətinin hüquqi bazasının formalaşdırılması üçün mühüm addımlar atdı. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.

Təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”

Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.

1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd oldu.

Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi.

Ötən 26 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.

Bəllidir ki, həmrəylik prinsipi müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır və bütün digər siyasi, sosial-etnik maraqlardan üstün tutulur. Ümumazərbaycançılıq qayəsinin təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla multikultural birgəyaşayış normalarının bərqərar olması və s. kimi tələblər dayanır. Güclü Azərbaycan dövləti anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir siyasi-iqtisadi və sosial-mənəvi idarəçilik institutunun mövcudluğunu ehtiva edir.

Bu gün Müstəqil Azərbaycan dövləti ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf dövrü yaşayır. Elə konstitusiyamızda da təsbit olunmuş ərazi bütövlüyümüzün təmin edilməsi kimi ən vacib amil Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu tərəfindən təmin olundu. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız işğaldan azad olundu və tarixi ədalət bərqərar oldu. Dövlətçiliyimizin təməlində duran həmrəylik prinsipinə sadiq qalan xalqımız öz ordusu və rəhbəri ətrafında birləşərək dəmir bir yumruğa çevrildi və düşmən başını əzdi. Ərazisi düşmən tapdağından azad edilmiş digər rayonlrımızın sakinləri kimi biz füzulilərin də doğma torpaq həsrətinə son qoyuldu. Vətən müharibəsi nəticəsində Füzuli şəhəri və 61 kəndimiz azad olundu. Başda cənab Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində bizlərə illərlə kənardan baxdığımız torpaqlarımızı görmək xoşbəxtliyi nəsib oldu.

Yaşasın müstəqil Azərbaycan dövləti!

Qənimət Əliyev

Füzuli RİH Hüquq şöbəsinin müdiri

12 noyabr Konstitusiya günüdür
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi