Gəncə Dövlət Universitetində "Elm və Dissertasiya Alveri": Pedaqogika Kafedrasının Müdiri Haqqında Şok İddialar

Gəncə Dövlət Universitetində "Elm və Dissertasiya Alveri": Pedaqogika Kafedrasının Müdiri Haqqında Şok İddialar 

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovaya ünvanlanan, surəti isə gundemxebertv.com redaksiyasına təqdim olunan şikayət məktubunda Gəncə Dövlət Universitetinin Ümumi Pedaqogika kafedrasının müdiri, professor Şahin Tağıyevin qanunsuz əməlləri ilə bağlı ağır iddialar səsləndirilir. 

Müraciətdə bildirilir ki, uzun illərdir bu kafedraya rəhbərlik edən şəxs təhsil ocağını şəxsi biznes strukturuna çevirərək rüşvət, plagiat və şantajla məşğuldur.

İddialara əsasən, Şahin Tağıyev müəllimlərə verilməli olan dərs yüklərini pulla satır. Hər bir ştat vahidi üçün müəllimlərdən 500-1000 manat arası rüşvət tələb olunduğu, 1,5 ştat dərs alanların isə əlavə yarım ştatının mənimsənildiyi qeyd edilir. Kafedrada olan 18 müəllimdən orta hesabla hər ay 6-7 nəfərin əmək haqqının bu üsulla ələ keçirildiyi vurğulanır. Eyni zamanda, kafedranın 60 magistrantından dissertasiya işinin yazılması üçün 1200-1500 manat, çap olunacaq məqalələr üçün isə 200-300 manat pul yığıldığı, rəsmi olaraq başqa elmi rəhbərlər təyin edilsə də, faktiki olaraq bütün işləri yalnız Şahin Tağıyevin idarə etdiyi bildirilir.

Şikayət məktubunda professorun genişmiqyaslı "dissertasiya alveri" şəbəkəsi qurması xüsusi yer alıb. Qeyd olunur ki, o, hər il "elmi məzuniyyət" adı ilə Moskvaya səfər edərək oradan pedaqogika üzrə müdafiə olunmuş dissertasiya surətləri gətirir və onları azərbaycan dilinə tərcümə etdirərək doktorantlara 20.000 manata satır. Bakı, Naxçıvan universitetləri və Ali Attestasiya Komissiyası (AAK) ilə əlaqəli şəxslərdən ibarət mütəşəkkil dəstə yaratdığı iddia edilən Şahin Tağıyevin konveyer üsulu ilə plagiat işlərin müdafiə olunmasına və elmi dərəcələrin verilməsinə nail olduğu bildirilir. Hətta bəzi hallarda dissertasiya mətnini üzündən oxuya bilməyənlərin belə bu yolla elmi adlar aldığı qeyd olunur.

Müraciətdə Universitet daxilindəki digər neqativ hallar da diqqətə çatdırılır. Bildirilir ki, Şahin Tağıyev Elmi Şuralarda və ictimai tədbirlərdə qəsdən hay-küy salaraq, kobud ifadələr işlədərək həmkarlarını və rəhbər şəxsləri təhdid edir, bununla da istədiyi qeyri-qanuni imtiyazları əldə edir. Universitetdə hər hansı yoxlama aparılacağı təqdirdə isə müxtəlif bəhanələrlə (məsələn, ürək əməliyyatı adı ilə) məzuniyyətə çıxaraq yoxlamalardan yayınmağa çalışdığı iddia olunur. Şəxsi maraqlarını qorumaq üçün isə yüksək vəzifəli şəxslərlə guya yaxın münasibətlərdə olduğunu və prokurorluq orqanlarında çalışan şəxslər tərəfindən himayə olunduğunu hər yerdə dilə gətirdiyi qeyd olunur.

Sonda müraciət müəllifləri səlahiyyətli dövlət qurumlarından Azərbaycan elminin adına kölgə salan bu halların ciddi şəkildə araşdırılmasını və lazımi tədbirlərin görülməsini xahiş edirlər. Əks təqdirdə, bu üsullarla elmi dərəcə alan şəxslərin gələcəkdə elm və təhsil sisteminə daha ağır zərbələr vuracağı vurğulanır.

Mənbə:Gundemxebertv.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪