38,6 mln. manat üzrə satınalma keçirilmədən müqavilələr bağlanılıb -

38,6 mln. manat üzrə satınalma keçirilmədən müqavilələr bağlanılıb - HESABAT

Dövlət satınalmaları üzrə 117,4 mln. manatı əhatə edən müqavilələr üzrə ehtimal olunan qiymət hesablanmayıb və ya adekvat hesablanmayıb.

Bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb.

Qeyd edilib ki, 38,6 mln. manat üzrə satınalma keçirilmədən müqavilələr bağlanılıb.

Hesablama Palatasının 2022-ci il fəaliyyəti haqqında Hesabatına əsasən 2022-ci ilin İş Planına əsasən keçirilən uyğunluq auditlərinin hər birində dövlət satınalmaları araşdırılmış və 26 auditdə bu sahəni tənzimləyən hüquqi aktların pozulması hallarına rast gəlinib. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları, mallar (işlər və xidmətlər) üzrə satınalma müqavilələrinin nümunəvi forması, açıq tender və kotirovka sorğusu üsulları ilə aparılması üçün müəyyən edilmiş minimum məbləğlərlə bağlı bir sıra hüquqi aktların tələblərinə riayət edilməməsi halları aşkarlanıb.

Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də dövlət satınalmalarının bütün mərhələləri (planlaşdırma, keçirilmə və müqavilələrin bağlanılması, icra) üzrə nöqsanlara yol verilib.


Xarakterik nöqsan və uyğunsuzluqlara malların (işlərin və xidmətlərin) satınalınması zamanı bəzi hallarda dövlət ehtiyaclarının düzgün müəyyənləşdirilməməsini, ehtimal olunan qiymətin ümumiyyətlə və ya adekvat hesablanmamasını, malların (işlərin və xidmətlərin) ayrı-ayrı müqavilələrə bölünməsini və ya satınalma proseduru keçirilmədən dövlət vəsaitinin xərclənməsini, qanunvericilikdəki məhdudiyyətlər nəzərə alınmadan satınalma müqaviləsinin dəyişdirilməsini, subpodrat müqaviləsi ilə bağlı limitlərə əməl edilməməsini, satınalmalar zamanı vəsaitə qənaət olunmamasını, avans ödənişinin yuxarı həddi ilə bağlı limitin gözlənilməməsini, müqavilələrin icrasında gecikmələrə yol verilməsinə görə icraçılara cərimənin tətbiq olunmamasını və s. aid etmək olar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi