Abşeron rayonunda "Böyük yolun uğurlu davamı" mövzusunda konfrans keçirilib

Abşeron rayonunda "Böyük yolun uğurlu davamı" mövzusunda konfrans keçirilib - FOTOLAR

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı və Komissiya sədri Eldar İbrahimov, YAP Abşeron rayon Təşkilatının sədri, Abşeron RİH yanında İctimai Şuranın sədri, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan toplantıda vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların və dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, bugünki qüdrətli, güclü və qalib Azərbaycan Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Qeyd edilib ki, müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyev ölkəmizin iqtisadi dirçəlişinin əsasını qoymuş, ictimai-siyasi və sosial həyatda tərəqqi yolunu müəyyənləşdirmişdir. RİH başçısı bildirib ki, 2003-cü il oktyabr 15-də keçirilən prezident seçkilərində xalqımız öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına, Azərbaycanın inkişafına – cənab İlham Əliyevə verib. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut edib. 20 il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin ötən müddət ərzində dövlətimizi dünya üzrə ən qüdrətli, nüfuzlu ölkələr sırasına qaldıra bilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, qətiyyəti və siyasi iradəsi ilə xalqımız düşmən üzərində şanlı qələbə qazanıb və bununla da torpaqlarımız işğaldan azad olunaraq bölgədə sülhün tam bərqərar olması üçün yeni imkanlar yaranıb.

Şanlı ordumuz tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisinin erməni terrorçularından təmizləndiyini vurğulayan Abdin Fərzəliyev qeyd edib ki, bu əməliyyatdan sonra vətənimizin ərazi bütövlüyü tamamilə bərqərar oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qədim şəhərimiz olan Xankəndidə üç rəngli bayrağımızın qaldırılması bu ərazilərin kimə aid olmasını bir daha bütün dünyaya göstərdi.

RİH başçısı ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətdən bəhs edərək, ağsaqqalların ictimai həyatda tutduqları mühüm mövqedən, o cümlədən yerli ağsaqqalların Abşeron rayonunun həyatında oynadıqları əhəmiyyətli roldan söz açıb.

Sonra Respublika Ağsaqqalar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov çıxış edərək Azərbaycanın son 20 il ərzində əldə etdiyi çox mühüm nəticələrdən danışıb. Millət vəkili qeyd edib ki, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görülüb. Nəhəng infrastruktur layihələri həyata keçirilib. Eldar İbrahimov Respublika Ağsaqqallar Şurasının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verərək bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında hər zaman yaxından iştirak edən ağsaqqallar cəmiyyətimizin, xüsusilə də gənclərimizin vətənpərvərlik, milli adət-ənənələrə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi önəm verir, bu sahədə bilik və bacarıqlarını əsirgəmirlər. Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallara yüksək dəyər verdiyini bildirb.

Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və düşünülmüş siyasəti sayəsində Azərbaycanın həm döyüş meydanında, həm də diplomatiya sahəsində qazandığı qələbələrdən danışıb.

Bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində zəfərlə sona çadıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Prezident kimi 20 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurub, xalqımızı dünyada qalib xalq kimi tanıdıb. Qeyd olunub ki, bu böyük qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa edib. Düşmən torpaqlarımızdan qovulub, ədalət və beynəlxalq hüquq bərpa olunub.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndi, Xocalı və Xocavənddə bayrağımızı dalğalandırmasını qürur və iftixar hissi ilə izlədiyini vurğulayan Xatirə İsmayılova bununla da bütün şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının ruhlarının şad olduğunu bildirib.

Ceyranbatan qəsəbə Ağsaqqallar Şurasının sədri, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru Sabir Tağıyev çıxış edərək qeyd edib ki, Prezident İlham Əliyevin dövlət siyasətinin ən mühüm cizgilərindən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətlənib, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olunub.

Daha sonra toplantıda təşkilati məsələlər müzakirəyə qoyulub. Abşeron Rayon Ağsaqqallar Şurasının fəaliyyəti və gördüyü işlər müzakirə olunaraq qəbul edilib.

Bundan sonra Şuranın 15 nəfərdən ibarət İdarə Heyətinin üzvləri və Təftiş Komissiyası formalaşdırılıb.

Qeyd edək ki, rayon ağsaqqalları tərəfindən İdarə Heyətinin üzvü olaraq Vətən Müharibəsi Qəhrəmanı, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medallarına layiq görülən şəhid kapitan Veysəl Musibovun anası Səməngül Musibova və "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilən şəhid baş-leytenant Babək Allahverdiyevin anası Əsmər Allahverdiyeva da seçilmişdir.

Daha sonra isə İdarə Heyətinin təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Nizami Zalov yekdilliklə Abşeron rayon Ağsaqqallar Şurasının sədri seçilib. Qeyd edək ki, zəngin əmək fəaliyyətinə malik Nizami Zalov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən uğrunda” medallarına layiq görülmüş, 11 aprel 2023-cü il tarixdə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş gizir Vidadi Zalovun atasıdır.

Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Nizami Zalov çıxış edərək bildirib ki, cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən etibarən ölkəmizdə ordu quruculuğuna və onun inkişaf etdirtilməsinə xüsusi diqqət və qayğı göstərib. Qısa müddət ərzində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb və son nəticədə də şanlı ordumuz düşməni döyüş meydadında diz çökdürdü.

Bildiriliib ki, 15 oktaybr tarixində Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndi, Xocalı, Ağdərə və digər qəsəbələrdə qaldırdığı bayraq onun qürur mənbəyidir və Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin ruhu şaddır. O, rayon ağsaqqalları və şəhid ailələri adından bu qrur hissini onlara yaşatdığı üçün cənab Prezidentə dərin təşəkkürünü bildirib.

Sonda Nizami Zalov ona və İdarə Heyətinin üzvlərinə göstərilən etimada görə minnətdarlığını ifadə edərək, Şuranın uğurlu fəaliyyəti üçün daha böyük əzmkarlıqla fəaliyyət göstərəcəklərini bildirib.

Abşeron rayonunda "Böyük yolun uğurlu davamı" mövzusunda konfrans keçirilibAbşeron rayonunda "Böyük yolun uğurlu davamı" mövzusunda konfrans keçirilibAbşeron rayonunda "Böyük yolun uğurlu davamı" mövzusunda konfrans keçirilibAbşeron rayonunda "Böyük yolun uğurlu davamı" mövzusunda konfrans keçirilibAbşeron rayonunda "Böyük yolun uğurlu davamı" mövzusunda konfrans keçirilibAbşeron rayonunda "Böyük yolun uğurlu davamı" mövzusunda konfrans keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi