Abxaziyada Rusiyaya qarşı etirazlar – Müxalifət fəalları “parlament” qarşısına toplaşıb

Abxaziyada Rusiyaya qarşı etirazlar – Müxalifət fəalları “parlament” qarşısına toplaşıb 

Dekabrın 26-da axşam saatlarında müxalifət nümayəndələri qondarma “Abxaziya respublikasının” parlament binası yaxılığında toplaşıb.

Onlar Pitsundadakı dövlət daçasının Rusiyanın mülkiyyətinə verilməsi barədə razılaşmanı ləğv etməyi tələb ediblər.

Xatırladaq ki, Abxaziyanın “xarici işlər naziri” İnal Ardzinba və Rusiya səfiri Mixail Şurqalin daha əvvəl 1969-cu ildə imzalanmış müqaviləyə “texniki düzəlişlər” etmək niyyətində olduqlarını bəyan ediblər. Bu da keçmiş dövlət daçasının binalarının Rusiya Federasiyasının mülkiyyətinə keçməsinə imkan verəcək.

“Kommersant” yazır ki, Abxaziya parlamentinin binası yaxınlığında toplaşan etirazçılar hətta gecələr də dağılışmırlar. Parlamentə polis, ordu və təcili yardım bölmələri gəlib.

Abxaz müxalifətin fəalları sözügedən məsələ ilə bağlı hökumətlərarası sazişin ratifikasiyası məsələsinin Xalq Məclisinin iclasının gündəliyindən çıxarılmasını tələb edirlər.

İclas çərşənbə günü, dekabrın 27-də baş tutacaq. Müxalif abxaz ekspert "Aamta" (Zaman) fondunun nümayəndəsi Alxas Cindjolia bildirib ki, belə bir sazişin bağlanması "Abxaziyanın konstitusiyasına ziddir".

Rusiyanın Abxaziyadakı səfiri Mixail Şurqalin isə deyib ki, sazişin ratifikasiyası Rusiyaya dövlət daçasının ərazisini 49 il müddətinə icarəyə götürməyə imkan verəcək. Dövlət daça binaları kompleksi Rusiyanın mülkiyyətinə keçəcək. Onların saxlanmasına və təmirinə Rusiyanın Federal Təhlükəsizlik Xidməti cavabdeh olacaq.

Pitsundadakı dövlət daçaları kompleksi 1958-1961-ci illərdə Sov.İKP MK-nın Baş katibi Nikita Xruşşovun əmri ilə tikilib, onların ərazisi təxminən 180 hektardır. Rusiya 1995-ci ildə bağlanmış müqavilə əsasında onu icarəyə götürür. “Kommersant” xəbər verir ki, iki hökumət arasında obyektin Rusiyanın mülkiyyətinə verilməsi və ondan istifadə qaydası ilə bağlı yeni saziş 2022-ci ilin yanvarında imzalanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi