
Ağacların yuyulması,ağaclarda sanitar təmizləmənin aparılması təqdirəlayiqdi, amma...
Yay mövsümündə paytaxtın sanitar-təmizlik vəziyyətinin yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizlik işlərinin həyata keçirilməsi təqdirəlayiqdi.
Eləcə də,Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların yuyulması,aqrotexniki qulluq göstərilməsi,ağaclarda sanitar təmizləmənin aparılması Bakı sakinlərinin xoşuna gəldiyi,alqışladıqları hadisədir.
Amma bu işlərin Bakının bir neçə mərkəzi prospektində,Mərkəzi Nəbatat Bağında aparılması məsələnin tam həlli deyil.İməcilik tədbirlərini həyata keçirdən BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhərinin 5-6 mərkəzi küçəsi ilə kifayətlənməməli,bu işləri paytaxtın Nizami ,Xətai, Binəqədi rayonlarında da plana uyğun aparmalıdır.
Məsələn,bu işlər Nizami rayonu Qara-Qarayev prospekti və prospektə perpendikulyar olan küçələrdə,eləcə də Xətai rayonu Məhəmməd Hadi küçəsi və həmin yol ilə kəsişmə təşkil edən küçələrdə də aparılsa yaxşı olar.Bu ərazilərdə elə səkilər var ki,ağacların budaqları az qala insanların gözünə girir,amma yaşana biləcək xoşagəlməz hadisələrin qarşısını əvvəlcədən almaq istəyən yoxdur.Yeri gəlmişkən qeyd edək ki,bir müddət əvvəl axşam saatlarında Nizami rayonu Şirin Mirzəyev küçəsi,poçt binasının qarşısındakı tut ağacının budaqları yaşlı bir insanın üz nahiyyəsini yaralamışdı.Belə nümunələr çoxdur.
Amma bütün bunlara rəğmən Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların yuyulması,onlara aqrotexniki qulluq göstərilməsi,ağaclarda sanitar təmizləmə işlərinin aparılmasına başlanılıbsa bu təqdirəlayiqdi və əmin olmaq istərdik ki,aparılan işlər davamlı olmaqla bərabər,Bakının bütün ərazilərini əhatə edəcək,prosesin davamlı olmasını BŞİH-nin başçısı Eldar Əzizov nəzarətdə saxlayacaq.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın