
Akademik Rasim Əliquliyev GEANT-ın Baş Assambleyasının iclasında iştirak edib - FOTO
Məlum olduğu kimi, ETN İnformasiya Texnologiyaları İnstitutu ölkəmizin elm və təhsil şəbəkə infrastrukturunun Avropa akademik şəbəkəsinə inteqrasiyasına xüsusi önəm verərək bu sahədə dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak edir.
Bu istiqamətdə atılan mühüm addımlardan biri institutun AzScienceNet elm-kompüter şəbəkəsinin 2016-cı ildən etibarən GEANT beynəlxalq şəbəkə infrastrukturuna qoşularaq təqdim olunan çoxsaylı qabaqcıl xidmətlərdən istifadəsinə geniş imkanların yaradılmasıdır. Bu, ölkəmizin elmi və təhsil müəssisələrinin Avropa üzrə analoji qurumlarla daha sıx əməkdaşlıq qurmasına və birgə təşəbbüslərdə iştirakına zəmin yaradır.
Faktinfo.az xəbər verir ki,məhz bu strateji xəttin davamı olaraq, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Birləşmiş Krallığın Brayton şəhərində Avropa tədqiqat və təhsil şəbəkələrinin ən nüfuzlu toplantısı – TNC25 beynəlxalq konfransı çərçivəsində GEANT Assosasiyasının Baş Assambleyasının 36-cı (GA36) iclasında ölkəmizi təmsil etmişdir.
Qeyd edək ki, yalnız GEANT-a üzv ölkələrin rəsmi nümayəndələrinin qatıldığı bu xüsusi iclas Assosiasiyanın fəaliyyətinin idarə olunması baxımından mühüm qərarların qəbul edildiyi ali platforma hesab olunur. İclasda 2024-cü ilə dair illik hesabat, GN5-2 layihələrinin gedişatı, GEANT Assosiasiyasının yeni strategiyaları və qarşıdakı dövr üçün əsas prioritetlər ətrafında müzakirələr aparılmışdır. İclas çərçivəsində həmçinin idarəetmə strukturu üzrə seçkilər keçirilmiş və yeni üzvlərin qəbulu təsdiqlənmişdir.
Akademik Rasim Əliquliyev GA36 iclasında AzScienceNet-in GEANT platformasında fəaliyyəti, regional əməkdaşlığa töhfəsi və Azərbaycanın Avropa elm və təhsil şəbəkələri ilə inteqrasiyası baxımından qarşıda duran hədəflərlə bağlı fikir mübadiləsində iştirak etmişdir.
Toplantı çərçivəsində həmçinin GEANT ilə əməkdaşlığın genişləndirilməsi, o cümlədən elm və təhsil infrastrukturlarının inkişafına dair əməkdaşlıq perspektivləri müzakirə olmuşdur.
Faktinfo.az



Bu xəbər üçün şərh yazın