“Akif Əliyev yox, icra başçısı İradə Gülməmmədova həbs edilməli idi” –

“Akif Əliyev yox, icra başçısı İradə Gülməmmədova həbs edilməli idi” – PREZİDENTƏ MÜRACİƏT

Abşeron rayonun keçmiş baş memarı, hazırda həbsdə olan Akif Əliyevin ailə üzvü Tofiq Cəlalov Prezident İlham Əliyevə müraciət edib.

Müraciəti qısa ixtisarla təqdim edirik: “Cənab Prezident, düz ilyarımdır ailəmiz çox nəhəng bir haqsızlıqla üz-üzədir. Memar olaraq istedadını, iş bacarığını və zəngin təcrübəsini nəzərə alaraq sərəncamınızla “Əməkdar memar” fəxri adına layiq gördüyünüz Abşeron rayonunun baş memarı Akif Əliyev heç bir hüquqi əsas olmadan rüşvətalma (311-ci maddə) ittihamı ilə həbs edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə o, 10 (on) 6 (altı) aymüddətinə azadlıqdan məhrum edilmişdir. Halbuki Akif Əliyev yox, icra başçısı İradə Gülməmmədova həbs edilməli idi. Çünki Abşeron rayon sakinlərinin çoxsaylı şikayətləri memardan deyil, icra başçısından olduğundan Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bütün faktlar icra başçısının adına, ünvanına yazılmışdı və ittihamlar bütövlükdə icra başçısının səlahiyyətlərinə aid olmuşdu. Lakin qısa zaman kəsiyində İradə Gülməmmədovanın milyonları haqqa qalib gələrək başçının adına tərtib edilmiş bütün sənədlər dəyişdirilmiş, İradə Gülməmmədova “sudan quru çıxmış”, Akif Əliyev memarın səlahiyyətlərinə aid olmayan qondarma ittihamlarla 2020-ci ilin iyun ayının 23-də həbs edilmişdir.

Cənab Prezident, xahiş edirik, ölkə başçısı olaraq göstəriş verin, telekanallar vasitəsilə xalqa müraciətlər ünvanlansın. Əgər bir nəfər tapılsa və desə ki, Akif Əliyevə rüşvət vermişəm, onda qoy Akifin cəzası ömürlük olsun. Mümkün deyil, Akif Əliyev icra başçısı, talançı İradə Gülməmmədovanın cəzasını çəkir, onun heç bir günahı yoxdur. Düz ilyarımdır başımıza gələn müsibətlər barədə əlaqədar hüquq-mühafizə orqanlarının rəhbərlərinə şikayətlər yazıb göndəririk.Lakin heç kimdən cavab ala bilmirik, heç bir orqan dəvət edib bizi dindirmir. Məhkəmələrin fəaliyyəti üzərində nəzarət hüququ olan Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova, Respublikanın Baş prokuroru cənab Kamran Əliyevə onlarla müraciət yazıb göndərmişik, imdad diləmişik, heç kimdən səs-səmir çıxmır.

Görünən budur ki, cənab Prezident, bu gün ölkədə vətəndaşların ərizə, şikayət və təkliflərinə baxılması iflic vəziyyətindədir və bu da haqlı olaraq xalqın narazılığına səbəb olur, ölkədə gərginlik yaradır. İzn verin, bir daha icra başçısı İradə Gülməmmədovanın fəaliyyətini analiz edək. Unudulmaz Heydər Əliyev həkimlik peşəsini ən şərəfli peşə adlandırırdı. İradə Gülməmmədova ixtisasca həkimdir. O, Abşeron rayonunda poliklinikanın baş həkimi işləmişdir. Baş həkim işlədiyi dövrdə onun istər Bakıda, istərsə də Abşeron rayonunda çoxlu sayda obyektləri var idi. İndi isə Abşeron rayonunu icra başçısı kimi obyektlərinin sayını, hesabını bilmir. Əgər desək ki, rayonu hərraca qoyub, yanılmarıq. Rayonda bir qarış torpaq qalmayıb, satılıb. İradə Gülməmmədova bu gün iki yol ayrıcındadır: Ya tutdurduğu Akif Əliyevi azadlığa qovuşdurmalıdır, ya da özü həbs edilməlidir.

Hörmətli cənab Prezident, ünvanınızı ümid, pənah məbədi hesab edib qapınıza təşrif gətirmişik. Siz ən çətin dramatik anlarda belə xalqımızı tənha qoymamısınız, heç kimdən köməkliyinizi əsirgəməmisiniz.

Sizi kimsəmiz hesab edirik və xitabən Sizə müraciət ünvanlayırıq:

Hər kimsənin var kimsəsi,

Biz kimsənin yox kimsəsi. 

Ey kimsəsizlər kimsəsi

Biz kimsənin ol kimsəsi.

Siz həqiqətən də kimsəsizlərin, tərəfsizlərin, arxasızların kimsəsisiniz. Siz, cənab Prezident, xalqımızı, vətənimiz Azərbaycanı qanı canı qədər sevən Prezidentsiniz. Nümunə üçün deyə bilərəm ki, bir neçə il öncə İsmayıllı rayonuna səfərinizi, ictimaiyyət nümayəndələri ilə, eləcə də Aztelekomun rəisi olaraq mənimlə mehriban, səmimi görüşünüzü çox gözəl xatırlayıram və çəkdirdiyimiz xatirə şəklini qoruyub saxlayıram. Heç kimə sirr deyil ki, Siz ona görə aramsız uğurlara imza atırsınız ki, həmişə xalqın arasındasınız. Qədim bir şərq məsəlində deyildiyi kimi: “Arxası el olanın başı göylərə dəyər”.

Allah Sizi qorusun, kölgənizi xalqımızı başı üstündən əskik etməsin!

Hörmətlə: Tofiq Cəlalov”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi