Aslan İsmayılov:

Aslan İsmayılov: "Milyardları talan etmiş AZAL, Azərsu, Səhiyyə, Təhsil nazirlikləri toxunulmaz qaldıqları halda DSX-da, Mədəniyyət Nazirliyində əməliyyat keçirilməsinin heç bir məntiqi əsaslanması yoxdur"

Son yazılarımdan, çıxışlarımdan sonra “Aslan müəllim, axı biz deyirdik” deyənlərə və hakimiyyətdəkilərə!

Bilin ki, 31 ildir eyni yolun yolçusuyam və bu günə qədər bir-iki xırda, cəmiyyətin seçiminə təsir etməyən deyimlərimdən başqa heç nəyə təəssüflənmirəm. Mən də insanam və səhv edə bilərəm. Ancaq bu səhvlərimin heç biri bilərəkdən, yaxud şəxsi məqsəd üçün olmayıb. 1989-cu il Sumqayıt hadisələrindən tutmuş bu günə qədər bütün hərəkətlərimi bu gün də təkrarlayaram.

 

Bu il keçirilən seçkilərə, “islahat komandası” adlandırdıqlarıma dəstəyimi, Ramiz Mehdiyev və Əli Həsənov dəstəsi haqqında dediklərimin bu gün də üstündəyəm. Bu gün də yuxarıdan dəyişikliklərin olacağına ümidliyəm və bu yolda bacardığım hər şeyi edirəm və edəcəm. Başqalarından fərqli olaraq Dövlətimizin hansı təhlükələr qarşısında olduğunu, Qarabağ problemini həll etmək üçün son 25 ildə ilk dəfə şans yarandığını da gözəl bilirəm. “Aslan İsmayılov, bu il Qarabağ probleminin çözülməsində həlledicidir deyirdiniz bəs nə oldu, il keçdi Qarabağ problemi həll olunmadı?” deyib məni guya ifşa edənlərə isə bildirirəm ki, yenə həmin fikirdəyəm. Bu il deməyimi 365 gün kimi qəbul edib səhv tutduqlarını zənn edənlər isə Qarabağ probleminin nə olduğunu və “1 il” sözünün hansı məzmunda deyildiyini ya anlamırlar, ya da ki, həmişəki kimi heç nə etməyib, nə isə etmək istəyənlərdə səhv tutmaq ustalarıdırlar.

 

Son günlər hakimiyyətin atdığı addımları səhv sayıb bu gün də tənqid edirəm. Hesab edirəm ki, milyardları talan etmiş AZAL, Azərsu, Səhiyyə, Təhsil, Müdafiə nazirlikləri toxunulmaz qaldıqları halda DSX-da, Mədəniyyət Nazirliyində əməliyyat keçirilməsinin heç bir məntiqi əsaslanması yoxdur. Milyardlar mənimsənilən, milyonlar rüşvət alınan yerlərdə sakitlik, milyon mənimsənilib, on minlər rüşvət alınan yerlərdə “fırtına” qoparılmasının məntiqi varsa kimsə cəmiyyətə izah etsin. Eynən də son günlər baş vermiş başçılar təyinatı birbaşa cəmiyyətə hörmətsizlikdir. Hər iki hal ölkədə aparılan dəyişikliklərdə heç bir məntiqin, sistemin olmamasının göstəricisidir.

 

Əgər kimlərsə həqiqətən ölkədə müsbət dəyişiklik edib xalqın hörmətini qazanmaq istəyirsə atdıqları addımların səmərəliliyini, məntiqini cəmiyyətə izah etməlidir. Bu gün kimsə mənə izah etsin, hansı göstəricilərinə görə son vaxtlar Milli Məclisə təyinatlar oldu? Bəli, qəbul edirəm ki, bu günkü dönəmdə ədalətli, şəffaf seçkilərin keçirilməsi çox risklidir. Bir daha deyirəm, əgər o cür seçki keçirilərsə Milli Məclisin 30%-i İranın, 30%-i Rusiyanın, 30 %-i məmur oliqarxların təmsilçiləri olacaq. Yaxşı, bəs təyin edəndə hansı kriteriyanı götürdünüz?! Ramil Həsən adlı birisini Harvard tələbəsi, türk, rus dillərinin bilicisi kimi cəmiyyətə təqdim etdiniz. Onun bircə dəfə rus dilində çıxışı səviyyəsini göstərdi.  Belələrindən hansı dəyişiklik, hansı fayda gözləyirsiniz?! Savadları, bacarıqları cəhənnəm, bunlardan heç biri hərbi xidmət belə çəkməyib. Müharibə şəraitində olan ölkədə hərbi xidmətini çəkməyənlərin belə məsul vəzifələrə təyin olunmalarını kim insanlara izah edə bilər?! Axı bunlar cəmiyyətdə lağ obyekti ola-ola xalqa nə fayda verə bilərlər?!

 

Bildiyim qədər elə bu hakimiyyət ancaq Ramiz Mehdiyevin süzgəcindən keçən minlərlə gənci xaricə dövlət hesabına oxumağa göndərib, buna on milyonlar xərcləyibsiz. Hanı onlar?! Kimlərsə onların əksəriyyətinin məmur-oliqarx balaları olduqlarını, oxuduqdan sonra çoxlarının elə xaricdə qalıb dədələrinin oğurladıqları pulları idarə etməsi ilə maraqlanıbmı?! Onu da başa düşürəm ki, bu çətin dönəmdə etibarlılıq da az əhəmiyyət kəsb etmir. Yaxşı, onda nə üçün elə özünüzün holdinqlərinizdə işləyən öz bacarıqları ilə xaricdə təhsil almış, öz işlərini qurmuş, hərbi xidmət keçmiş minlərlə istedadlı gənclərə etibar etmirsiniz?! Yəqin ki, çoxları məni Paşayevlərin adamı adlandıranda qeyd edirlər ki, heç vaxt Paşayevlərə aid holdinqlər barədə yazmamışam. Buradan indi açıqlayıram. Bunun ancaq bir səbəbi var. Bilirəm ki, həmin holdinqlərdə öz savadları, bacarıqları ilə öz həyat hekayələrini yazmış, heç bir tapşırıqsız, rüşvətsiz yüzlərlə gənclər işləyirlər. Heç olmasa onlardan irəli çəkin. Yoxsa sizin ayrı kastanız, ayrı millətiniz var?! Bildiyim qədər Azərbaycanda azərbaycan xalqı, talış, ləzgi, kürd, tat, türk, ingiloy və digər çoxsaylı millətlər var. Mən adı hakimiyyət olan millət tanımıram. Bu nə islahat, nə dəyişiklik, nə məntiqdir?!

 Məni tanıyanlar hamı bilir ki, yerlibazlıq, qohumbazlıqdan tam uzaq adamam. Ancaq bu problemin ölkədə olduğunu çox gözəl bilirəm və heç də əbəs olmadığını düşünürəm. Nə üçün insanları yerlərə, tayfalara bölürsünüz?! Doğrudanmı Ağstafaya Ağstafa, Qazaxdan olan demirəm Gəncə, Şəmkir, Gədəbəy, Tovuz rayonlarından, heç olmasa o bölgənin xüsusiyyətlərinə bələd olan əslən göyçəli bir nəfər bacarıqlı adam tapılmadı ki, ora naxçıvanlı göndərdiniz? Bu, mənim əsla naxçıvanlı, ermənistanlı, yaxud digər bölgələrin əleyhinə olmam anlamına gəlməsin. Ancaq hər rayona gələn məmur yerli insanların xüsusiyyətlərinə, adət, ənənələrinə bələd olmalı və iş vaxtı onları nəzərə almalıdır. Özüm əslən o bölgədən olduğumdan əminəm ki, həmin gənc həqiqətən savadlı, bacarıqlı olsa da o rayonda bu yaşında bu təcrübə ilə çətin ki, baş çıxarda.

 

Eyni hal Gömrük Komitəsində də baş verir. Doğrudanmı ancaq nehrəmlilər anadangəlmə gömrükçüdürlər?! Ordubadlı, Lerikli, Qusarlı, Sabirabadlı və s. bölgələrin nümayəndələri nə üçün həmin strukturlarda işləməsinlər?!

 

Bundan başqa, əvvəl də qeyd etdiyim kimi bu günə qədər Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün istifadə etdikləri aktivistlər bu gün də iş başındadırlar. Bu gün isə onlar Prezident Administrasiyasına gəlmiş yeni kadrlardan göstərişlər alırlar. Onda bu necə dəyişiklik, islahat oldu?! Dünən məni kimiləri adlarını çəkdiklərim tərəfindən söyənlər bu gün başqalarının göstərişləri ilə söyürlər.

Digər xoşagəlməz hal da bu gün ancaq Mikayıl Cabbarovun ətrafında olan şəxslərin vəzifələrə təyin olunması ilə bağlıdır. Bu gün onun ətrafında baş verənlər vaxtilə Fərhad Əliyevin də ətrafında baş verdi və həyat bu yolun səhv olduğunu göstərdi. Hamı bilməlidir ki, Azərbaycan 10 milyonluq olduqca istedadlı xalqdır və o, bir bölgənin, bir nəfərin ümidinə qalmamalıdır! Ən əsası yazımda göstərilən hallar hamı kimi mənim də ümid etdiyim, ölkədə baş verən dəyişikliklərə ümidlə baxan istedadlı gənclərdə xəyal qırıqlığı, ümidsizlik yaradır.

 

Bu gün bu tipli suallarım çoxdur və zaman-zaman səsləndirəcəm. Bu da mənim qərəzimdən yox, baş verənlərdə maraqlı olmağımdan, bu dəyişiklərinin uğurla nəticələnməsini arzuladığımdan irəli gəlir. Bir şeyi də bilin, bu gün mənim açıq yazdıqlarımı minlərlə islahat, dəyişiklik tərəfdarları olanlar gizlində deyirlər və bir gün onlar sizlərdən üz döndərib artıq başqa tələblər qoyacaqlar. Bax, onda heç nə edə bilməyəcəksiniz, çünki təmənnasız dəstəkçiləriniz olmayacaq. Dəstək olmayandan sonra isə nə etsəniz də faydası olmayacaq.

 

Vaxtilə İran şahı Rza Pəhləvi zamanında dəyişiklik etmək əvəzinə, onu istəyənlərin islahat tələbinə dekorasiya ilə məşğul oldu. Hamı üz döndərəndən sonra isə istənilənin on qatını etdi, ancaq artıq gec idi. Mən o dönəmi istəmirəm və bu gün də dəyişikliklərin, islahatların və onların ölkəni sevənlər tərəfindən dəstəklənməsini arzulayıram.

 Aslan İsmaylov

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər