“Atatürk” parkının bərbad hissəsi: kimə satılıb?

“Atatürk” parkının bərbad hissəsi: kimə satılıb? – Foto

Metronun “Gənclik” metrostansiyasından başlayaraq, Ayna Sultanovanın heykəlinə qədər uzanan Atatürk parkı 2019-cu il oktyabr ayında yenidən, yüksək səviyyədə təmir olunaraq sakinlərin ixtiyarına verilib.

Açılışında Prezident İlham Əliyevin də iştirak etdiyi parkın bir hissəsi ilk gündən dəmir arakəsmələrlə bağlanıb və hələ də bağlı saxlanılır. “Gənclik” metrostansiyası tərəfdə, piyada keçidinin yanından parkın ikiyə ayrılması ilə böyük bir ərazi həm də diqqətdən kənarda qalıb: burda ağaclar və ot örtüyü quruyub, böyük bir sahə baxımsızlığı ilə “göz oxşayır”.

Parkın bu hissəsində ümumiyyətlə piyadalar üçün yol və yaxud attraksionlar da quraşdırılmayıb və belə təəssürat yaranır ki, park təmir edilərkən də bu ərazini abadlaşdırmaq heç kimin ağlına gəlməyib. Əvəzində isə baxımsız əraziyə yaxın əkilən yaşıllıqlara da qulluq göstərilmir və yaşıllıq getdikcə sıradan çıxır.

Bu ərazi kiməsə satılıbmı? Atatürk parkını dəmir arakəsmələrlə ortadan bölmək və hər iki tərəfini baxımsız qoymağın səbəbi nədir? İki ildir bu vəziyyət niyə davam edir?

Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığımız bu suallara hələ də cavab verilməyib./Axar.az

“Atatürk” parkının bərbad hissəsi: kimə satılıb?
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi