
Avropa Rusiya qazı ilə bağlı qəti qərarını verdi – 2027-ci ilə qədər idxalı tam dayandıracaq
Avropa İttifaqı Şurası və Avropa Parlamenti nümayəndələri çərşənbə günü Rusiyadan təbii qaz idxalının tamamilə dayandırılmasına dair ilkin razılaşma əldə ediblər.
Avropa İttifaqının Moskvanın enerji asılılığından çıxmaq üçün atdığı ən ciddi addımlardan biri kimi qiymətləndirilir.
Avropa İttifaqı Şurasının məlumatına görə, spotsatışlar (öncədən müqaviləsiz alınan qaz) – 2026-cı ilin iyununa qədər dayandırılacaq, LNG üzrə uzunmüddətli müqavilələr isə 1 yanvar 2027-ci ildə başa çatacaq. Bundan başqa kəmərlə qaz tədarükü 30 sentyabr 2027-ci ilədək tamamilə bitəcək və 30 sentyabr 2027-dən sonra Aİ ölkələri Rusiyadan heç bir formada təbii qaz idxal etməyəcək.
Aİ-nin enerji komissarı Den Yurqensen bildirib ki, blok bundan sonra Rusiyanın enerji təzyiqlərinin və iqtisadi asılılığının aləti olmayacaq.
Xatırladaq ki, Avropa İttifaqı Rusiyadan qaz asılılığını 2022-ci ilin yazından – Kremlin Ukraynaya qarşı genişmiqyaslı hücumundan və Avropaya qaz axınını kəskin azaltmasından sonra azaltmağa başlayıb. Statistikaya görə 2022-ci ilədək Aİ-nin qaz idxalının 45%-i Rusiyanın payına düşürdü. Bu göstərici 2024-cü ilin oktyabrında 12%-ə qədər enib. Hazırda yalnız Fransa, Macarıstan və Belçika Rusiyadan qaz almaqda davam edir.
Rusiyanın Avropaya qaz ixracı 1968-ci ildə SSRİ-dən Avstriyaya ilk tədarükdən başlamışdı. Aİ-nin qərarı bu 56 illik enerji əməkdaşlığının faktiki sonu kimi qiymətləndirilir./Azpolitika.info












Bu xəbər üçün şərh yazın