"Azərbaycanla dəmiryol əlaqəsini açmağa hazırıq" - Paşinyandan yeni açıqlamalar

"Azərbaycanla dəmiryol əlaqəsini açmağa hazırıq" - Paşinyandan yeni açıqlamalar 

Ermənistan Azərbaycan və Türkiyə ilə dəmiryol əlaqəsini açmağa hazırdır.

AzPolitika.info xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 14-də "Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşü" ndəki açılış nitqində belə deyib.

Kommunikasiya xətlərinin Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində bağlandığını “unudan” Paşinyan bildirib ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri 30 ilə yaxındır bağlıdır: “Bu gün biz regional kommunikasiyaların açılması ilə bağlı çoxlu müzakirələr aparırıq və hesab edirəm ki, burada Ermənistanın bu məsələyə dair çox təsirli və real addımlar atmağa hazır olduğunu qeyd etmək çox vacibdir. Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini yaratmağa və bərpa etməyə hazır olduğunu bəyan edir. Üstəlik, əvvəldən mövcud olan iki dəmir yolu vasitəsilə. Birincisi, Azərbaycanın Qazax rayonunu Ermənistanın Tavuş rayonu ilə birləşdirən şimal marşrutu, ikincisi, digərləri ilə yanaşı, Azərbaycanı Naxçıvanla birləşdirən cənub marşrutudur.

Hesab edirik ki, Azərbaycanın qərb rayonları həm də şimal marşrutu ilə Naxçıvan və xarici aləmə bağlana bilər. Biz buna hazır olduğumuzu rəsmən bildirmişik... Eyni zamanda, biz Ermənistan-Türkiyə dəmir yolunun açılması baxımından, həmçinin iki Ermənistan-Türkiyə avtomobil yolunun yenidən qurulması baxımından eyni hazırlığı bildiririk ki, bu da təkcə bizim regionumuza deyil, həm də beynəlxalq iqtisadi münasibətlərə, ümumən əlaqələrə, mədəni, siyasi əlaqələrə, qlobal təhlükəsizlik məsələlərinə əhəmiyyətli təsir göstərəcək”.

Bununla yanaşı, Paşinyan deyib ki, kommunikasiya xətləri onların keçdiyi ölkələrin suveren hüquqları çərçivəsində fəaliyyət göstərməlidir. Lakin müəyyən sadələşdirilmiş prosedurlar da ola bilər: “Hər bir dövlət öz dövlət qurumları vasitəsilə öz ərazisində sərhəd, gömrük nəzarəti və bu kommunikasiyaların təhlükəsizliyini təmin edir. Bu problemi həll etmək üçün bu yaxınlarda Ermənistan hökumətinin qərarı ilə Təhlükəsizlik Şurasında xüsusi bölmə yaradılmışdır ki, onun da məqsədi regional rabitənin təhlükəsizliyini təmin etməkdir.

Növbəti prinsip ondan ibarətdir ki, bütün kommunikasiyalar həm ölkədaxili, həm də beynəlxalq yük daşımaları və rabitə üçün istifadə oluna bilər. Ölkələr bərabərlik və qarşılıqlılıq prinsipinə əsaslanan infrastrukturdan istifadə edir. Eyni zamanda, bəzi asanlaşdırmalar qarşılıqlılıq və bərabərlik prinsipinə uyğun olaraq həyata keçirilə bilər”.

Paşinyan ümid etdiyini bildirib ki, "sülh kəsişməsi" layihəsi həm Ermənistanın, həm də Azərbaycanın dənizə çıxış imkanlarını genişləndirəcək və multimodal yüklərin daşınması üçün daha geniş imkanlar yaradacaq: “Bütün bunlar o zaman mümkün olacaq ki, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olsun. Əsas məsələ sülhün nə dərəcədə mümkün olması və bunun hansı prinsiplər çərçivəsində baş verməsidir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər