Bakı Baş Gömrük İdarəsi ilə “Aztexnika” arasında qalmaqal-

Bakı Baş Gömrük İdarəsi ilə “Aztexnika” arasında qalmaqal- Kənan Məmmədovun qanunsuz tələbi ilə razılaşmayıblar

“Aztexnika” MMC-ilə Bakı Baş Gömrük İdarəsi arasında məhkəmə qərarıyla yekunlaşmış qalmaqallı proses indi də həmin qərarın icra edilməməsi səbəbindən davam edir.

Faktinfo.az xəbər verir ki,bu haqda Strateq.az-a göndərilən şikayət məktubunda bildirilir ki, “Aztexnika” MMC bu ilin iyulunda Azərbaycana vaqon və yük maşınları ilə İran İslam Respublikasından kafel və metlax gətirib. Yükün gömrük rəsmiləşdirilməsi  məqsədilə Bakı Baş Gömrük İdarəsinə 9 iyul tarixli yük gömrük bəyannaməsi təqdim olunub. Qalmaqal da bundan sonra başlayıb.

 Mən deyən qiymətlər olmasa…

 Saytın verdiyi məlumatda o da qeyd edilir  ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov “Aztexnika” MMC-dən yükün onun özünün təyin etdiyi qiymətlər əsasında bəyan olunmasını tələb edib. Ancaq 13 iyun 2013-cü il tarixli “Gömrük Tarifi haqqında” Qanun yükün rəsmiləşdirilməsi zamanı satıcı ilə alıcı arasında olan sövdələşmə qiymətinin əsas götürülməsini tələb etdiyindən, MMC rəsmiləri də Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun qanunsuz tələbi ilə razılaşmayıblar.

Hətta MMC nümayəndələri gömrük rəsmilərinə 13 iyun 2013-cü il “Gömrük Tarifi haqqında” Qanunun 12-ci maddəsində gömrük dəyərinin müəyyən edilməsi üçün göstərilən 6 üsulu da xatırladıblar…

Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir:

12.1.1.  malların sövdələşmə qiyməti ilə;

12.1.2.  eyni malların sövdələşmə qiyməti ilə;

12.1.3.  eynicinsli malların sövdələşmə qiyməti ilə;

12.1.4.  dəyərin çıxılması üsulu ilə;

12.1.5.  dəyərin toplanması üsulu ilə;

12.1.6.  ehtiyat üsulu ilə.

12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur.

Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.

Məktubda o da xüsusi vurğulanır ki, “Qanunda 12.2-1=2 bəndi yoxdur və həmin bənddə “gömrükçülər mala hansı qiyməti qoyurlarsa, həmin qiymətlə də rəsmiləşdirirlər” kimi qeyd də müvafiq olaraq yoxdur!”


 Qərardadın dərhal icra olunması məhkəmə qaydasında əmr edilsə də…


 Məhkəməyə üz tutan MMC rəsmiləri iddialarında qeyd ediblər ki, cavabdeh tərəfdən həmin mallar heç bir əsas olmadan saxlanılır. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün tələb olunan sənədlər təqdim edilməsinə baxmayaraq, cavabdeh qeyd edilən yükü buraxmaqdan qanunsuz və əsassız olaraq imtina edir.

1 saylı İnzibati-İqtisadi Məhkəməsi 3 oktyabr 2018-cı il tarixlı Qərardadında – müvəqqəti xarakterli müdafiə tədbiri qismində “Aztexnika” MMC-nin ünvanına İran İslam Respublikasından daxil olmuş yükün rəsmiləşdirilməsi öhdəliyini Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyub. Qərardadın dərhal icra olunması məhkəmə qaydasında əmr ediləsə də, Səbayel Rayon İcra və Probasiya şöbəsinin məmurları Bakı Baş Gömrük İdarəsi rəsmilərinin qarşısında aciz qalıblar.

Bakı Baş Gömrük İdarəsi rəsmiləri açıq-aşkar məhkəmə qərardadını icra etməkdən imtina ediblər.

MMC direktoru Bakı Baş Gömrük İdarəsində baş verən qanunsuzluqların aradan qaldırılması üçün prezident İlham Əliyevə, Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə müraciət edərək, məhkəmə qərardadını icra etmədiklərinə görə, Bakı Baş Gömrük İdarəsinin məsul şəxslərinin cəzalandırılmasını xahiş edib.

 

Sumqayıt gömrüyü də “kafel-metlax biz istədiyimiz qiymətlə rəsmiləşəcək” deyir


“Aztexnika” MMC Sumqayıt Baş Gömrük İdarəsi rəsmilərinin də “kafel-metlax biz istədiyimiz qiymətlə rəsmiləşəcək” kimi qanunsuz tələbini yerinə yetirməkdən imtina edib. Ona görə də MMC rəsmilərinin eyni məzmunlu iddiasına 2018-ci il sentyabrın 7-də Sumqayıt İnzibati İqtisad Məhkəməsində hakim Vəfa Əzizovanın sədrliyi ilə baxılıb. Ancaq hakim gömrük rəsmilərinin hərəkətlərindən MMC-yə ziyan dəymədiyini əsas gətirərək, iddianı təmin etməyib. Maraqlıdır ki, qərardad çıxarılan zaman nəinki “Gömrük Tarifi haqqında” Qanunun tələblərini, üstəlik, İrandan Azərbaycana yük maşınları və vaqonlarla gətirilən kafel-metlaxın gömrükdə saxlanılmasına görə MMC -yə hər ötən gün azı 100 manat ziyan çəkdiyini nəzərə almayıb.

 

Sumqayıt məhkəməsi Sumqayıt gömrükçülərinin qanunsuzluğunu isbatladı, amma…

 

Sumqayıt İnzibati İqtisad Məhkəməsinin bu əsassız və qanunsuz qərarı Sumqayıt Apelyasiya Məhkəməsinin müvafiq qərarına əsasən ləğv olunub. Sumqayıt Apelyasiya Məhkəməsi  “Aztexnika” MMC-nin müvəqqəti xarakterli müdafiə tədbiri kimi, Sumqayıt Baş Gömrük İdarəsinin üzərinə “Aztexnika” MMC-nin ünvanına 72D95510/72D95610 dövlət nömrə nişanlı yük avtomobili vasitəsi ilə daxil olan yükün TI8C232 nömrəli invoys və 01181000182517 saylı gömrük bəyannaməsi əsasında rəsmiləşdirilməsi öhdəliyinin qoyulması barədə ərizəsini təmin edib və dərhal icra edilməsi öhdəliyini Sumqayıt Baş Gömrük İdarəsinə həvalə edib.

Lakin müəssisənin nümayəndəsi Sumqayıt Baş Gömrük İdarəsinə gedərək, dərhal icrası nəzərdə tutulan məhkəmə qərardadının icra edilməsini xahiş etsə də, bu dəfə Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə qərarını icra etməkdən imtina edərək qərardaddan kassasıya instansiyasına şikayət verəcəklərini və qeyd edilən yük barəsində təhqiqat orqanında araşdırma getdiyini əsas gətirərək, dərhal icrası nəzərdə tutulan məhkəmə qərardadını icra etməkdən imtina edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi