
“Bank Avrasiya” depozit faizlərini kəskin azaltdı
“Bank Avrasiya” ASC “Klassik” əmanət məhsulu üzrə manatla yerləşdirilən depozitlərin faiz dərəcələrini endirib. Plat.az xəbər verir ki, bankın bu əmanət üzrə təklif etdiyi maksimum illik faiz dərəcəsi 12%-dən 10,5%-ə endirilib.
Beləliklə, maksimum gəlirlilik 1,5 faiz bəndi azaldılıb.
Yeni şərtlərə əsasən, 12 aylıq manat əmanətində faizlərin aylıq ödənilməsi zamanı illik dərəcə 9%, müddətin sonunda ödənilməsi zamanı 9,75% təşkil edir. 18 aylıq əmanətlər üzrə faizlər müvafiq olaraq 9,75% və 10%, 24 aylıq əmanətlər üzrə isə 10% və 10,5% müəyyən edilib.
Müqayisə üçün, 2026-cı ilin mayında “Klassik” əmanət üzrə 12 aylıq depozitlərə aylıq ödəniş zamanı 10,75%, müddətin sonunda 11% faiz təklif edilirdi. 18 aylıq əmanətlər üzrə bu göstəricilər 11,25% və 11,5%, 24 aylıq əmanətlər üzrə isə 11,75% və 12% olub.
Beləliklə, bank bütün müddətlər üzrə manat əmanətlərinin faizlərini azaldıb. 12 aylıq əmanətdə aylıq ödəniş üzrə faiz 1,75 faiz bəndi, müddətin sonunda ödəniş üzrə 1,25 faiz bəndi aşağı salınıb.
18 aylıq əmanətlərdə həm aylıq, həm də müddətin sonunda ödəniş üzrə faizlər 1,5 faiz bəndi azaldılıb. 24 aylıq əmanətdə isə aylıq ödəniş üzrə azalma 1,75 faiz bəndi, müddətin sonunda ödəniş üzrə 1,5 faiz bəndi təşkil edib.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,8 milyon manatdır. Bankın səhmlərinin 49,5 %-i "Azbizneskom" MMC-yə, 49,5 %-i "Top Properties" MMC-yə, 1 %-i isə Rüstəm Eynullayevə məxsusdur.












Bu xəbər üçün şərh yazın