
Bankların kredit oyunu: Pulu müştərilərə belə “satır” - AKTUAL
Mərkəzi Bank "Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri - III rüb 2026" hesabatını dərc edib.
Sorğu nəticələrinə əsasən cari ilin III rübündə ümumi istehlak kreditləri üzrə standartlarda cüzi sərtləşmə müşahidə olunub.
Bankların sorğudakı cavablarına əsasən əvvəlki rüblə müqayisədə ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayıb.
Respondentlər növbəti rübdə də ümumi istehlak kreditləri, o cümlədən ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Banklardan əldə edilmiş məlumatlara əsasən, 2026-cı ilin III rübündə ümumi istehlak kreditlərinə, o cümlədən ipoteka kreditlərinə tələb artıb.
Banklar növbəti rübdə ümumi istehlak və ipoteka kreditləri üzrə tələbin dəyişməyəcəyini proqnozlaşdırırlar.
Sorğunun cari ilin III rüb üzrə nəticələrinə əsasən, bankların 78 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 22 %-i isə orta dərəcədə artım olduğunu bildirib.
Nəticədə 2026-cı ilin III rübü üzrə bankların sayına əsasən hesablanan diffuziya indeksi 17 % təşkil edib. Bu isə əhalinin borclanma səviyyəsində artım tempinin davam etdiyini göstərir.
Qeyd edək ki, son vaxtlar vətəndaşlar taksit kartlarından alış-veriş məqsədilə geniş şəkildə istifadə edirlər və bu da borc yaradır. Taksit kartı əslində bərpa olunan, kredit xətti olan kredit kartı növüdür. Kart limitindən istifadə etdiyiniz anda banka borc yaranır və bu məbləğ müəyyən aylara bölünərək geri qaytarılır.
İstehlak kreditlərinin artmasının səbəbi vətəndaşların gəlirlərinin azalmasıdırmı və burada taksit karı kimi amillər də rol oynayırmı?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, əsas səbəb insanların real gəlirlərinin azalması, qiymətlərin isə artmasıdır:
“Həmçinin ölkədə iqtisadi böhran da var. İqtisadi artım olmadığı üçün bəzi insanların gəlirləri nəinki azalır, hətta işini də itirir. İşini itirən şəxsə kredit vermirlər, ancaq onun ailə üzvünə verirlər.
Məsələn. bir ailə üzvü işini itirdisə, artıq ailə məcburdur ki, ehtiyaclarını hansısa kredit hesabına bağlasın. Əlbəttə ki, bu çıxış yolu deyil. Ancaq insan ümid edir ki, sabah yaxşı olacaq, iş tapacaq. Əksəriyyət isə iş tapmır və belə davam etsə vəziyyət daha da pisləşəcək”.
Ekspertin sözlərinə görə, ikinci səbəb odur ki, bankların kredit təklifləri daha asan olub:
“Buna görə də Mərkəzi Bank son zamanlar kredit siyasətini sərtləşdirib. İstehlak kreditləri ilə bağlı qaydalara dəyişiklik etdi ki, insanlar daha çox borclanmasın, banklar üçün də gələcəkdə problemli kreditlər olmasın.
Taksit kartlarına gəldikdə, o sadəcə kreditin növlərindən biridir. Banklar çalışır ki, müxtəlif yollarla kredit versinlər. Ancaq son nəticədə həmin kartlar da Mərkəzi Bankın tənzimləməsinə düşür.
Yəni kreditin forması vacib deyil, mahiyyətcə o da kreditdir. Banklar çalışır ki, müxtəlif yollarla kredit versinlər və qazanc əldə etsinlər. Ancaq Mərkəzi Bank da onları məhdudlaşdırır”.












Bu xəbər üçün şərh yazın