Bir qrup Sumqayıt sakini ölkə rəhbərliyinə müraciət etdi- "Azərişıq"ASC narazılıq yaradır

Sumqayıt şəhər Kimyaçılar qəsəbəsinin bir qrup sakini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Əliyevaya,Energetika naziri Pərviz Şahbazova müraciət ünvanlayıb.

Faktinfo.az-a daxil olan müraciətdə deyilir: "Biz Sumqayıt şəhər Kimyaçılar qəsəbəsi ərazisində yaşayan 40 nəfərdən çox sakin adından  müraciət edirik. 9 aydır ki, biz olmazın əziyyətini çəkirik. Yaşadığımız ərazidə “Azərişıq” ASC tərəfindən şəbəkə qurulmadığından  evlərimizdə elektrik enerjisindən istifadə edə bilmirik.

Məlumat üçün bildiririk ki,hər birimizə məxsus tikilinin eskiz layihəsi və lisenziyası var.

Hazırda evimizi odunla isidirik. Uşaqlarımız dərslərini şam işığında oxuyur. Bu problemlə bağlı “Azərişıq” ASC-yə rəsmi qaydada dəfələrlə  müraciət də etmişik. Xeyli vaxt keçməsinə baxmayaraq, problem həll edilmir. “Azərişıq” ASC-nin Ruslan adlı əməkdaşı (070 975-00-27) bizə telefonla bildirib ki, “qəsəbə ilə yarımstansiya arasında 600 metr məsafə olduğundan şəbəkə qurmaq üçün vəsait tələb olunur, 30 ədəd işıq dayağı lazımıdır, üstəlik də bu işlər Sumqayıt şəhər bələdiyyəsi tərəfindən görülməlidir”

Həmin əməkdaşa bu barədə Dövlət başçısına və digər orqanlara şikayət edəcəyimizi də bildirdik, ondan “bu sizin hüququnuzdur, özünüz bilərsiniz” cavabını aldıq.Əvvəla, harada görünüb ki, bələdiyyə vətəndaşlara şəbəkə qursun ?

İkincisi də,  Respublikada elektrik enerjisi sisteminin yenidən qurulması və inkişafı üçün Dövlət başçısının müvafiq sərəncamları əsasında dövlət büdcəsindən kifayət qədər vəsait ayrlır. Bu işlər bələdiyyə tərəfindən görüləcəksə, bu qrum kimə lazımdır?

Onu da qeyd edək ki,qəsəbəyə magistral qaz və su xətləri çəkilib.Ancaq işıq problemi həll edilmir ki,edilmir.Qəsəbədə elektrik şəbəkəsi  qurulmadığından vətəndaş olaraq, cəmiyyətimizdə və dünyada baş verən proseslərdən,o cümlədən seçici kimi, Prezident Seçkiləri ilə bağlı məlumatlardan da təcrid olunmuşuq"

Müraciətin sonunda sakinlər “Azərişıq” ASC-nin laqeyd münasibətinə son qoyulacağına və işıq problemlərinin tezliklə həll ediləcəyinə ümüd etdiklərini bildiriblər.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi