Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır

Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır 

44 günlük Vətən müharibəsi tariximizə şanlı səhifə olaraq daxil oldu. Çünki bu müharibənin nəticəsində qazandığımız Qələbə bizi 30 ilə yaxın həsrətində olduğumuz doğma torpaqlarımıza qovuşdurdu.

Xalqımızın birliyini, əzmkarlığını və işğalla heç vaxt barışmadığını bütün dünyaya sübut edən Qələbəmiz sayəsində tarixi ədalət bərpa olundu. İllərlə kağız üzərində qalmış beynəlxalq qətnamələrin həyata keçirilməsini məhz Azərbaycan dövləti özü təmin etdi.

Hazırkı durumda yaranmış reallıqlar yeni əməkdaşlıq və kommunikasiyaların inkişafı üçün geniş imkanlar yaradır. Bu imkanlardan Ermənistan da bəhrələnə bilər. Amma Ermənistan qisas almaq cəhdlərindən vaz keçmir. İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Məğlubiyyət onların otuz ildir davam edən “yenilməz ordu”, “əsgər və komandirlərin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər.

Bütün bunlarla yanaşı Ermənistan hələ də əsassız iddialardan da əl çəkmir. Bəllidir ki, Ermənistanın ərazisinə Azərbaycanın hər hansı bir səbəb olmadan müdaxilə etməsi ilə bağlı rəsmi İrəvanın iddiaları əsassızdır. Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsidir. Ötən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə ərazidə iqlim şəraiti əlverişsiz idi. Qar əriməyə cari ilin may ayında başladı və dərhal Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı. Sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, ordumuz dövlət sərhədində mövqe tutdu.

Azərbaycan sülhün tərəfdarıdır. Ona görə də Azərbaycan rəsmi İrəvanın manevrlərini, yenidən qruplaşmalarını və təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün cəhdlərini izləyir. Bütün təhlükələr dərhal aradan qaldıracaqdır. Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Ermənistan rəhbərliyindən heç bir cavab verilməyib. Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir.

Bu gün bütün dünya reallıqları görür və qəbul edir. Artıq bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. Ermənistan öz əsassız bəyanatları ilə danışıqlar prosesini məhv etdi. İndi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Ümid edirik ki, Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər.

Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Azərbaycan müharibədə qalib gəlib və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarından çəkinməlidir. Artıq reallıqları qəbul etmək vaxtıdır. Ermənistan hökumətinin azərbaycanlılara qarşı nifrətin aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmaması və normallaşma prosesində öndə getməsi vacibdir. Çünki, Ermənistanın

inkişafı üçün yeganə yol Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasından keçir. Bu istiqamətdə ictimai rəy formalaşdırılmalıdır.

Müharibədən sonra işğaldan azad edilmiş ərazilərə ilk ayaq basan hər kəs dəhşətə gəlirdi. Çünki qarşılaşdığımız mənzərə əsil vəhşilik və vandalizmin nəticəsi idi.

Tarixdə azərbaycanlılara qarşı soyqırımlar törətməklə “iz qoyan” ermənilər 30 il ərzində işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədiblər. Bizim şəhər və kəndlərimiz yerlə-yeksan edilib. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər. Ağdam mövcud deyil, Füzuli mövcud deyil, tamamilə yerlə-yeksan edilib. Füzuli kimi bir şəhər işğaldan azad edildikdə bayraq asmağa bir salamat bina tapılmadı. Məscidlərimiz, ziyarətgahlarımız dağıdılıb, təhqir olunub. Hətta vəhşiliyin son həddi olaraq, qəbirlərimiz talanıb, məzarlıqlarımız darmadağın edilib. Ona görə də, təbiidir ki, Azərbaycanda çox sayda insanın, xüsusilə əzizlərini itirən, ərazilərini itirən insanların Ermənistana qarşı mənfi hissləri var.

İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdi. Beynəlxalq müşahidəçilər bunu sübut edə bilərlər. Hazırda saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər. İndiyədək Azərbaycan 100-dən çox saxlanılan şəxsi azad edib. Cinayət törədənlər isə mühakimə olunublar. Bu cür proseslər Azərbaycan qanunvericiliyi çərçivəsində, ədalət və humanizm üzərində qurulmalıdır.

Bilirik ki, heç bir Qələbə qurbansız, itkisiz qazanılmır. Vətən müharibəsində üç minə yaxın azərbaycanlı vətən uğrunda həlak oldu. Müharibədə əsas cəbhə olan, ən ağır döyüşlərin getdiyi Füzuli rayonu da şəhidlər verdi. Rayonumuzun 78 nəfər vətənpərvər, qəhrəman Vətən müharibəsi şəhidi var. Üç yüzə yaxın Vətən müharibəsi qazimiz var. Füzuli rayonundan üç nəfər göstərdikləri şücaətə görə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Onlardan biri Zalov Fəqan Amil oğlu ən gənc şəhidlərimizdəndir. Bu yaxınlarda Horadiz şəhərində yerləşən 3№ li tam orta məktəbə şəhid, Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun adı verilib. Bu qürurvürici hadisə bir daha sübut edir ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqlarının gənc nəslə aşılanması hər zaman dövlətimizin diqqət mərkəzindədir.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.

Eyvazova Gülbahar

Füzuli RİHB-nin müavini, İctimai-siyasi

və humanitar məsələlər şöbəsinin müdiri

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi