COVİD-19 pandemiyasına qarşı vaksinasiya ən mütərəqqi mübarizə vasitəsidir-

COVİD-19 pandemiyasına qarşı vaksinasiya ən mütərəqqi mübarizə vasitəsidir- HƏKİM

Bildiyimiz kimi son dövrlərin ən aktual problemlərindən biri də COVİD-19 pandemiyası və onun yaratdığı çətinliklərdir.

Bütün dünyanı çətin sınaq qarşısında qoyan, bəşəriyyəti “görünməz düşmən”lə mübarizəyə sövq edən pandemiya çox təəssüf ki, bizim ölkəmizdən də yan keçmədi. Axı biz də dünyanın bir parçasıyıq.

Dəhşətli virusla mübarizə dönəmində dövlət başçımız cənab İlham Əliyevin qabaqlayıcı tədbirlər görməsi, vətəndaşların sağlamlığı və təhlükəsizliyi naminə mühüm addımlar atması pandemiya ilə mübarizəni minimum az itkilərlə aparmağımıza səbəb oldu.

Pandemiya ilə mübarizə dönəmində dövlət tərəfindən yeni xəstəxana binaları tikilmiş, modul tipli xəstəxanalar quraşdırılmış, virusla mübarizədə əsas vasitələr olan müasir tibbi avadanlıqlar müxtəlif xarici ölkələrdən alınmış, xəstəliklə mübarizədə xüsusi təcrübəyə malik həkimlərin ölkəmizə gətirilməsi təmin olunmuşdur. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. Dövlət başçısı tərəfindən virusun yayılmasının qarşısının alınmasında vacib predmet olan tibbi maskaların təminatı məqsədilə yerli istehsal müəssisəsi açılmış və bütün istiqamətdə operativ tədbirlər həyata keçirilmişdir.

Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Pandemiya təhlükəsi başlayanda dövlət vacib addımlar atdı. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. HəmçininKoronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradılır. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əkssəriyyəti tibbi müəssisələrdə müalicə alır.

COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirləri bizim rayonumuzda da yüksək səviyədə aparılır. Qeyd edim ki, rayonumuzun ərazisində Mərkəzi Rayon Xəstəxanasının yeni tikilib istifadəyə verilmiş, müasir standartlara cavab verən binası pandemiya ilə mübarizədə biz həkimlərə böyük dəstək oldu, vitusla mübarizədə əsas mənbə rolunu oynadı.

Hazırkı mərhələdə pandemiya ilə mübarizədə əsas vasitələr vaksinlərdir. Çünki, vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur.

Ölkəmizdə pandemiyaya qarşı mübarizə planlı şəkildə aparılır. Bunun üçün hazırda uğurla reallaşdırılan vaksinasiya strategiyası hazırlanıb. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.

COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PCR testi vermiş, nəticəsi pozitiv çıxmış, rəsmi qeydiyyata düşmüş və sağalmış şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər. Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 ay qəbul edilib. “Peyvənd sertifikatı” isə COVID-19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster/qüvvətləndirici) vaksin vurulması məqsədəuyğun hesab olunur.Qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər.

Respublikamızın digər bölgələri kimi, bizim rayonumuzda da əhalinin COVİD-19 pandemiyasına qarşı vaksinasiyası uğurla davam etməkdədir. Rayonumuzun ərazidə yaşayan, 18 yaşdan yuxarı və vaksin oluna biləcək 29267 nəfər sakini var. Bunlardan 21836 nəfəri 1-ci doza, 15369 nəfər sakinimiz isə 2-ci doza vaksin olunublar.

Mən bir həkim olaraq, əhalinin sağlamlığını diqqət mərkəzində saxladığına və bizə işləmək üçün hər cür şərait yaratdığına görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildirirəm. Əhalimizi isə vaksin olunmağa çağırıram. Çünki, peyvəndlənmə hər birimizin sosial məsuliyyətimizdir. Ətrafdakıları, yaxınlarımızı qorumaq naminə hər birimiz peyvənd olunmalıyıq. Bununla da ilk növbədə özümüzü, daha sonra ətrafımızda peyvənd vurulması mümkün olmayan yaxınlarımızı, eləcə də bütün cəmiyyəti qorunmuş olarıq.

Şaiq Şükürov

Həkim

COVİD-19 pandemiyasına qarşı vaksinasiya ən mütərəqqi mübarizə vasitəsidir-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi