
Deputat Eldar Quliyevdən Prezident İlham Əliyevə şikayət olundu
Qəbələ şəhəri,Nətəvan küçəsi,ev 17. yaşayan Rəsulov Zaur İmaməddin oğlu deputat Eldar Quliyevdən ölkə prezidentinə müraciət edib.
Şikayətçinin Faktinfo.az saytına göndərdiyi məktubunu təqdim edirik.
Azərbaycan Respublikasının prezidenti,Zati-aliləri İlham Əliyev cənabına
Surəti: Birinci vitse-prezident,xanım Mehriban Əliyevaya
Surəti : Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə
Hörmətli cənab prezident!
Mərkəzi Koperativlər İttifaqı "Azərittifaq"ın sədri,Azərbaycan Kooperasiya Universitetinin rektoru,deputat Eldar Quliyev atam Rəsulov İmaməddin Cümşüd oğlunun əmlak hüququnu kobud şəkildə pozub.Atamın adına olan,onun şəxsi vəsaiti hesabına tikilmiş kafe-restoran "Mirvari" gizlin şəkildə,bizdən xəbərsiz özəlləşdirilib.Bu qanunsuzluğa Mərkəzi Koperativlər İttifaqı "Azərittifaq"ın sədri,millət vəkili Eldar Quliyev rəvac verib.Eldar Quliyev sıfırdan atamın tikdiyi və Qəbələ rayonu Zərifə Əliyeva adına prospektdə yerləşən ictimai-iaşə obyekti kimi fəaliyyət göstərən "Mirvari"ni,bazar qiymətindən çox-çox ucuz rəsmiləşdirməklə "Azərittifaq"ın qərarı ilə məsələyə heç bir aidiyyatı olmayan, Faiq İbrahimov adlı şəxsin adına özəlləşdirib.
2000-ci ildə baş verən bu hadisə zamanı ilkin olaraq gümbəz formasında olan ictimai-iaşə obyekti "Mirvari"nin alminum konstruksiyası sökülərək satıldı.Bunu "Azərittifaq"ın nümayəndəsi Fərari adlı şəxs etdi.Bu məqsədli şəkildə edildi.Çünki əvvəl alminumdan olan günbəzi sökməsələr idi,obyektin qiyməti yüksək olaraq qalacaqdı.Bu təqdirdə ictimai-iaşə obyektinin Faiq İbrahimovun adına rəsmiləşdirilməsi çətin olacaqdı.Məqsəd obyektin qiymətini aşağı salmaq,qarşı tərəfin razılaşdığı qiymət səviyyəsinə gətirmək gərəkirdi.Bunu etdikdən sonra o zamanlarda keçərli olan "şapka üsulu" işə yaramış olacaqdı.Çünkü o dövr atam Rəsulov İmaməddin Cümşüd oğlu öz vəsaiti hesabına qurub-yaratmış olduğu ictimai-iaşə obyekti "Mirvari"nin özəlləşdirilməsində iştirak etmək üçün kifayət qədər əmlak çekləri də aldı,bununla belə atama qiymətin çox baha olduğu söylənildi.Amma sonradan obyektin 15-20 ton alminum konstruksiyası sökülərək obyektin mövcud bazar qiymətinin endirilməsinə,Faiq İbrahimova satılmasına müvəffəq oldular.
Eləcə də,ictimai-iaşə obyekti "Mirvari" dən atam Rəsulov İmaməddin Cümşüd oğluna düşməli olan obyekt payı,nə də ki,ərazisinə dair torpaqdan pay verilmədi.Bu arada onu da qeyd etməliyəm ki,sonradan obyekti alıb-satanlar arasında bir neçə dəfə zəbt torpağa dair məhkəmə prossesi də keçirilib.Oradakı pay torpağın tərəflərdən kimə aid olduğu müəyyənləşdirilməyib .Deyə bilərəm ki,həmin zəbt torpaq da bizə aiddir.
Eldar Quliyevin bu qərarından sonra payçı tərəf kimi atamın və onun varisi mənim mülkiyyət üzərində olan hüquqlarımız pozulmuş olub.Onu da qeyd edim ki,restoran "Mirvari" Faiq İbrahimovun adına rəsmiləşdirilə bilməzdi.Çünki o, "Azərittifaq"ın payçısı,eləcə də işçisi deyildi.Yəni,payçı təşkilata məxsusluğu olmayan şəxs idi. Bu mənada Eldar Quliyevə sual olunmalıdır, nə marağı olub ki, həmin obyektə aid payçı şəxs İmaməddin Rəsulovu kənarda saxlayıb,onun razılığı soruşulmadan və ya atamın imtina ərizəsi olmadan 1 hektar torpaq sahəsi daxil obyekti, 2000-ci ildə "Azərittifaq"ın saxta qərərdatı ilə Faiq İbrahimovun adına rəsmiləşdirib.Həmin ərazidə bizim əmlak payımız olan torpaq sahəmiz də olub.İndi əmlak payımız olan torpaqdan da məhrum edilmişik.Hesab edirəm, Eldar Quliyevin bu qanunsuzluğu etməsinə səbəb, Faiq İbrahimovun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının dayısı olması,onun imkanlı şəxs hesab edilməsi və Faiq İbrahimovun Kəmaləddin Heydərovun nüfuzundan istifadə etməsi idi.
İctimai-iaşə kimi fəaliyyətdə olan obyektin qanundan irəli gələn şəkildə ilk əvvəl öz payçısı atam Rəsulov İmaməddin Cümşüd oğluna təklif edilməməsindən sonra o, xəstələndi bir müddət sonra dünyasını dəyişdi,anam isə atamın ölümündən sonra əsəb xəstəliyi tapdı.Bu qanunsuz qərardan 24 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bizim ailənin haqqı hazırkı bazar dəyəri nəzərə alınmaqla ödənilməyib,məni bu günün özündə də aldadırlar.Eldar Quliyevdən qaynaqlanan,Faiq İbrahimovla yaşanan problem həllini tapmayıb. Bir tərəfdən əmlak hüququmuz pozulub,digər tərəfdən həmin ərazidə əmlak payımız olan torpaq sahəmiz zəbt olunub.
Onu da qeyd edim ki,bir müddət sonra Faiq İbrahimov iz itirmək üçün dəyəri bir milyon manata yaxın həmin obyekti 1 hektar torpaq ərazisi daxil olmaqla, "SOCAR" da məsul vəzifədə çalışan Fərid Cəfərov adlı şəxsə satdı.Bildiyim qədər, obyekt Fərid Cəfərovun xalası Məcidova Tamella Paşa qızının adına rəsmiləşdirildi və hazırda 3 milyon manata satışa çıxarılıb.
İndi himayəmdə xəstə anam, iki azyaşlı övladım və həyat yoldaşım var.İşləyən təkcə mən özüməm.Çətinliklə yaşayıram.
Sizdən xahiş edirəm, illər ərzində bərpa edə bilmədiyim haqqımın bərpasında mənə kömək olun,baş vermiş bu qanunsuzluğun araşdırılmasına yardım edin,atam Rəsulov İmaməddin Cümşüd oğlunun Mərkəzi Koperativlər İttifaqı "Azərittifaq"da payçı kimi iştirakı və onun adına qeydiyyatda olmuş pay torpaq sahəsinin təsdiqinə dair məktubun alınmasına göstəriş verin.
Sizə əvvəlcədən təşəkkürümü bildirirəm!
Qeyd edək ki,Qəbələ şəhəri,Nətəvan küçəsi,ev 17-də yaşayan Rəsulov Zaur İmaməddin oğlunun deputat Eldar Quliyevə dair göndərdiyi şikayətdən deputatın mövqeyini öyrənmək üçün ona bir neçə gün müxtəlif vaxtlarda zəng etsək də cavab verilmədi.Qarşı tərəf mövqeyini bildirə bilər.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın