Deputat Nəsib Məhəməliyev Primakov məsələsinə münasibət bildirib -

Deputat Nəsib Məhəməliyev Primakov məsələsinə münasibət bildirib - "İstənilən mənasız davalar, qarşıdurmalar yaratmaqla, düşməni sevindirməməliyik"

Müasir geosiyasi reallıqları nəzərə alaraq, hər bir hadisəyə vətənimizin mənafeyi baxımından yanaşmağı bacarmalıyıq.

Millət vəkili Nəsib Məhəməliyev son günlər müzakirə olunan Primakov məsələsinə münasibət bildirib.

N. Məhəməliyev hesab edir ki, tarixdə bütün ölkələr bir biri ilə dəfələrlə müharibə aparıb:

“İngiltərə- Fransa 100 illik müharibəsi, Rusiya- Türkiyə arasında baş vermiş 13 müharibə, XX əsrdə iki dünya və digər çoxsaylı müharibələri misal gətirmək olar. Fakt odur ki, bütün bu müharibələrin sonu danışıqlarla yekunlaşıb, qısa zaman keçdikdən sonra xalqlar düşmənçiliyi unudaraq dostluq, mehribançılıq şəraitində həyatlarını qurub, dövlətlər strateji müttəfiqlik səviyyəsində münasibətlər yaradıblar”.

Millət vəkili qeyd edib ki, sadə vətəndaş olaraq Primakovun yubileyinin Azərbaycanda keçirilməsinə müsbət yanaşmır:

“Ancaq bir çoxları kimi burada bir faciə də görmürəm. Belə bir yubileyin keçirilməsi, yüz minlərlə soydaşımızın yaşadığı böyük qonşumuz olan Rusiya ilə münasibətlərə müsbət təsir edəcəksə, hansısa universitetin bir şöbəsində bu tipli tədbirin keçirilməsinin qlobal mənada ziyanının ölçüsünü bilmək üçün tərəziyə ehtiyac yoxdur. Biz inkişaf etmiş, mədəni bir xalq olaraq kiçik, cılız hissləri böyük amallara qurban verməməliyik. Ələlxüsus nəzərə almaq lazımdır ki, belə həssas məqamda insanların ülvi hisslərindən sui-istifadə edərək, öz ambisiyalarını həyata keçirmək, ictimai siyasi sabitliyi pozmaq istəyən, üçüncü, dördüncü qüvvələr kifayət qədərdir. Bax bu olduqca dövlətimiz üçün təhlükəlidir və ətraf ölkələrin acı təcrübəsindən yararlanmaq, düşünürəm ki, fayda verər”.

Millət vəkili Primakovun yanvar hadisələrindəki rolunun nədən ibarət olduğuna fikir bildirməyib:

“Bu məsələni konkret detalları ilə bilmirəm. Ancaq xarici işlər naziri və baş nazir olduğu dövrlərdə, onunla görüşən insanların fikirlərinə görə, bir çox həmkarlarından fərqli olaraq Azərbaycanın mövqeyinə hörmətlə yanaşıb. Hazırda nəvəsi, (səhv etmirəmsə o da Yevgeni Primakovdur) federal kanalların birində bir şərqşünas- ekspert olaraq, ölkəmizə qarşı əks mövqeyi ilə seçilir. Hər kəsin öz fikirləri ola bilər. Kimisə məcbur etmək olmaz ki, kimi sevsin və yaxud əksinə. Bu da faktdır ki, Primakov və digərlərindən daha çox Azərbaycan xalqının tarixində mənfi rol oynamış həddindən artıq tarixi şəxsiyyətlər var. O cümlədən öz millətimizdən olanlar. Bəziləri hətta uzun illər cəmiyyətə qəhrəman obrazında təqdim olunublar”.

N. Məhəməliyev bildirib ki, xalq olaraq özümüzü belə xırda məsələlərlə məşğul edib,əsas, strateji məqsədlərimizdən yayınmamalıyıq:

“Hər bir halda, vətənimizin mənafeyindən çıxış edərək, müqayisəli şəkildə müsbət və mənfiləri dəqiq müəyyənləşdirərək düzgün nəticə çıxarmaq lazımdır. Qarşımızda dünya erməniliyinin timsalında, olduqca məkrli, hiyləgər, təşkilatlanmış bir düşmənin bütün dünyada əleyhimizə təbliğat apardığını nəzərə alaraq, dostlarımızı düşmən yox, düşmənlərimizi dost etmək siyasətini yürütməliyik. Söhbət tək bu hadisədən getmir. İstənilən mənasız davalar, qarşıdurmalar yaratmaqla özümüzü biabır edərək, düşməni sevindirməməliyik. Azərbaycan xalqının tarixi, mədəniyyəti,elmi və kadr potensialı imkan verir ki, qarşısında duran bütün maneələri aşaraq, dünyanın ən inkişaf etmiş xalqları ilə eyni sırada dursun. O gün çox da uzaqda deyil”. \\Redaktor.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi