Deputat şikayət etdi, sabiq məmur saxlanıldı - Mərhum oğlunun torpağını satıbmış

Deputat şikayət etdi, sabiq məmur saxlanıldı - Mərhum oğlunun torpağını satıbmış 

Deputatın şikayəti əsasında Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulova hökm oxunub.

Qaynarinfo.az məlumatına görə, sabiq məmur Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sabiq sədri Eldar İbrahimovun vəfat edən oğluna məxsus torpaq sahəsini başqa vəzifəli şəxsin yaxın qohumunun adına rüşvət qarşılığında rəsmiləşdirməkdə ittiham edilərək saxlanılıb və iş məhkəməyə göndərilib. Zərərçəkmiş qismində deputat Eldar İbrahimov tanınıb.

Zəfər Abdulov 2015-ci ildə deputatın vəfat etmiş oğlu Rza İbrahimova məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağlar sahəsində 51 nömrəli bağ tikinti kooperativi nəzdində 0,12 hektar torpaq sahəsinin sənədini saxtalaşdıraraq, başqa bir şəxsin adına keçirib. Həmin şəxs də torpağı başqa bir iki nəfərin adına keçirib. Daha sonra orda villa tikilib.

Bu villa energetika nazirinin keçmiş müavininin (adı açıqlanmır) yaxın qohumuna məxsus olub. Həmin vaxt nazir müavini olan şəxs Eldar İbrahimova bir dəfə zəng edərək, sözügedən torpaq üçün 20 min manata yaxın məbləğə qohumunun adına çıxarış alındığını bildirib. Bu səbəbdən deputatla aralarında mübahisə yaranıb.

Amma sabiq nazir müavini məhkəmə ifadəsində Eldar İbrahimova 2015-ci il tarixdə Əmlak Komitəsində işləyən Zəfər adlı şəxsə 20.000 manat pul verməklə qeyd olunan torpaq sahəsinin almasını demədiyini bildirib: "Dedikləri yalandır, heç vaxt o mövzuda danışıq olmayıb. Əmlak Komitəsinə müraciət etməsini deyib və həmçinin özü də Əmlak Komitəsində olan rəhbər şəxslərdən birinə zəng edərək, Yusifin (qohumu) ev tikdiyi torpaq sahəsinə tezliklə çıxırışın verilməsinin surətləndirilməsini xahiş edib".

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsə də, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməyib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb. Torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına dair çıxarış cinayət işinin materiallarında saxlanılıb.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Eldar İbrahimov övladına aid torpağın sözügedən məmur tərəfindən saxtalaşdırılaraq başqasının adına rəsmiləşdirildiyini təsdiqləyib:

"Bəli, belə olub. Artıq bu məsələnin başını buraxmışam. İllərdir bu torpaqla bağlı problem yaşayırıq. Oğlum dünyasını dəyişdikdən sonra torpaq mənim adımı daşıyan nəvəm Eldar İbrahimovun adına keçdi. Bu prosess illərdir uzanır. Pul olan yerdə hər şey olur. Nazir müavini ilə də bir dəfə danışmışam. Adını açıqlamaq istəmirəm. Bu o qədər qəliz bir prosessdir ki... O, vəzifəli şəxs mənim şikayətim əsasında saxlanılsa da, hadisənin üstündən 7 il keçdiyindən həbs etmədilər".

Qeyd edək ki, 2021-ci ildə 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun və sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olaraq, öz səlahiyyətlərindən sui-istifadə etməklə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində dəniz sahilində yerləşən torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilərək saxlanılmışdılar.

Onu da qeyd edək ki, Eldar İbrahimovun oğlu Rza İbrahimov 2001-ci ildə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində diplomatik xidməti vəzifəsini yerinə yetirərkən avtoqəzada həyatını itirib. Həmin vaxt onun 29 yaşı var idi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi