
EduROAM xidmətlərinin dəstəklənməsi məsələlərinə həsr olunmuş təlimlər başa çatıb - FOTO
ETN İnformasiya Texnologiyaları İnstitutunda GEANT-ın (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası) Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsinin dəstəyi ilə keçirilən eduROAM xidmətlərinin dəstəklənməsi məsələlərinə həsr olunmuş təlimlərin bağlanış mərasimi keçirilib.
Faktinfo.az xəbər verir ki,təlimlərdə AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin sistem/şəbəkə mütəxəssisləri, İT-mütəxəssisləri, eləcə də ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Qarabağ Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq şöbələrinin məsul şəxsləri iştirak edib.
Bağlanış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev institutun fəaliyyət istiqamətləri, burada həyata keçirilən innovativ layihələr barədə ətraflı məlumat verib.
Akademik Rasim Əliquliyev son illərdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, eləcə də “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” kimi böyük əhəmiyyətə malik mühüm dövlət sənədlərindən irəli gələn vəzifələrin icrasında İnformasiya Texnologiyaları İnstitutunun yaxından iştirak etdiyini, İKT-nin müasir problemlərinə dair multidissiplinar problemlər üzrə tədqiqatların aparıldığını diqqətə çatdırıb. Alim həmçinin son 5 ildə İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin adlarının Stenford Universitetinin ən nüfuzlu reytinq siyahısına daxil edildiyini vurğulayıb.
AMEA-nın vitse-prezidenti ölkəmizdə aparılan uğurlu xarici siyasətin nəticəsi olaraq Azərbaycanın Avropanın müvafiq qurumları ilə əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Alim AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin bu istiqamətdə uğurlu fəaliyyətindən bəhs edərək AzScienceNet-in Azərbaycan elmi və təhsilinin Avropa mühitinə inteqrasiyasının təmin edilməsində virtual körpü rolunu oynadığını, milli operator funksiyasını yerinə yetirdiyini qeyd edib.
AMEA-nın vitse-prezidenti EaPConnect layihəsi çərçivəsində təqdim edilən xidmətlərdən biri olan eduROAM xidmətinin AzScienceNet istifadəçiləri üçün dünyanın istənilən yerindən qlobal İnternet şəbəkəsinə qoşulmaq imkanı yaratdığını, Azərbaycanın 50-yə yaxın elmi müəssisəsinin, 20-dən çox ali təhsil müəssisəsinin bu xidmətlərdən yararlandığını bildirib. Akademik R.Əliquliyev eduROAM xidmətinin ölkəmizdə daha geniş yayılması, elm və təhsil qurumlarında bu xidmətlərin tətbiqi işlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərin əhəmiyyətini qeyd edib, iştirakçılara uğurlar arzu edib.
Daha sonra təlimçilər – Yunanıstanın GRNET (Greek Research and Technology Network) şəbəkəsinin məsul şəxsləri Zenon Mousmoulas və Halil Adem çıxış edərək təəssüratlarını bölüşüblər. Təlimçilər institutda yaradılmış maddi-texniki şəraiti yüksək qiymətləndiriblər, səmimi qəbula və səfərin yüksək səviyyədə təşkilinə görə institutun rəhbərliyinə təşəkkür ediblər.














Bu xəbər üçün şərh yazın