“Əhalinin narazılığı haqlıdır” – MTRŞ sədri

“Əhalinin narazılığı haqlıdır” – MTRŞ sədri 

“Televiziya və ya radio yayımı sahəsində hər hansı bir qanun pozuntusu qeydə alınanda Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) tərəfindən bunun qarşısı qətiyyətlə alınır”.

Bunu Report.az açıqlamasında şuranın sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, keyfiyyəti müəyyən qədər aşağı olan verilişlərdə bir çox hallarda qanunvericiliyin tələbləri pozulmur, sadəcə həmin verilişlər çox aşağı səviyyəlidir: “Bu da başqa məsələdir. Yəni, bayağı, şit verilişlər qanun pozuntusu deyil. Bu kimi verilişlər bir çox özəl kanallarda mövcuddur. Təəssüf ki, bəzi özəl kanallarda bu məsələlər qalır və əhalinin haqlı narazılıqlarına səbəb olur”.

N.Məhərrəmli qeyd edib ki, özəl televiziya kanallarının əsas məqsədi kommersiya marağıdır: “Azərbaycanda kifayət qədər digər televiziyalar var ki, onlarda şou xarakterli verilişlər yoxdur. Bura AzTV, Mədəniyyət kanalı, İTV, ARB 24, CBC peyk kanalı aiddir.Təəssüf ki, insanlarımız şou xarakterli verilişlərə daha çox önəm verdiklərindən xoşagəlməyən hal olanda da dərhal reaksiya verirlər. Əgər bu tip verilişlər əhalinin xoşuna gəlmirsə, təbii ki, onlar həmin tip verilişlərdən uzaq olmalıdırlar”.

MTRŞ rəhbəri vurğulayıb ki, ictimaiyyətin gözündə özəl televiziya kanalları aşağı səviyyəli kanallar kimi görünür: “Halbuki özəl telekanallarda 24 saat efirin çox cüzi hissəsi şouya ayrılır. Digər 18 saat başqa verilişlərə ayrılır. İstəyimiz odur ki, televiziya və radiolar tələb olunan qaydalara əməl etsinlər, milli-mənəvi dəyərlərə hörmətlə yanaşsınlar”.

“Mütəmadi olaraq televiziya kanallarının rəhbərləri ilə görüşdə seriallarla bağlı narazılıqlarımızı onlara bildiririk. Qeyd edirik ki, teleseriallar Azərbaycan həqiqətlərini özündə əks etdirməlidir. Lakin təəssüf ki, teleseriallarda göstərilən ailələr ölkəyə xas deyil. Onlar ssenari müəlliflərinin xəyalında olan ailələrdir. Bu cür məsələlərdən uzaq durmaq və real həyata istinad etmək məsləhətdir. Bu bizim üçün əsas məsələlərdən biridir. Azərbaycan ailəsi bu gün üçün özəl kanallarda nümayiş olunan teleseriallardakı ailələrdən deyil. “Bacanaqlar”, “Qız atası”, “Ay-ay-ay”, “Xalxın evi” və s. Bu kimi teleseriallar çox olsa da, təəssüf ki, Azərbaycan efiri üçün uyğun deyil və onların yaradıcılıq dəyəri olmur. Bu səbəbdən sonralar seyflərin küncündə qalacaq bir şeyə çevrilirlər”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi