ELÇİN QULİYEVİN ADI HƏBS SİFARİŞİNDƏ HALLANDI -

ELÇİN QULİYEVİN ADI HƏBS SİFARİŞİNDƏ HALLANDI - "Bildirdi ki, pullar DSX rəisinə məxsusdur..."

Artıq bu günlərdə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin yaxın qohumu Ramil Quliyevin sifarişi ilə həbs olunan gənc iş adamı Aydın Əhmədovun istintaq tərəfindən uzadılan həbs qətimkan tədbirinin müddəti bitdi və Aydın Əhmədovun həbs qətimkan tədbirinin müddəti əlavə olaraq 3 ayda uzadıldı.

YAP-ın Suraxanı rayon Gənclər Təşkilatının sədri, xeyriyyəçi və turizm şirkətinin rəhbəri olan Aydın Əhmədov 2019-cu il yanvar ayının 11-də DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən həbs olunub.

Aydın Əhmədov ciddi təzyiqlərə məruz qalıb

Təqsirləndirilən Aydın Əhmədovun müdafiəçisi, tanınmış hüquqşünas Kamandar Nəsibovun Criminal.az-a verdiyi məlumata görə, Aydın Əhmədov 2019-cu il yanvar ayının 11-dən 23-nə kimi BMCMİ-nin İstintaq Şöbəsində heç bir ittiham verilmədən qanunsuz olaraq həbsdə saxlanılıb. Bu özü istintaq tərəfindən cinayət xarakterli əməl kimi qiymətləndirilməlidir. Həmin məsələ ilə bağlı Baş Prokurorluğa şikayət olunub. Şikayətlə əlaqədar olaraq Baş Prokurorluğun Polisə Nəzarət İdarəsinin şöbə prokuroru Hüseyn Hüseynov tərəfindən araşdırma aparılır. 

Kamandar Nəsibov 

"Eyni zamanda müdafiə etdiyim Aydın Əhmədovun dediyinə görə, ona qarşı istintaq tərəfindən ciddi psixoloji təsirlər baş verib, həmin təsirlər əsasında ondan bir neçə dəfə obyektivliyə uygun olmayan izahatlar alınaraq ona aid olmayan hərəkətləri boynuna götürməklə nəticələnib. Şikayətçi Ramil Quliyev Azərbaycanda çox tanınmış adamın adından istifadə edərək müstəntiq Fikrət Quliyevi təsir altına salaraq 13 gün BMCMİ-nin zirzəmisində saxlayıb" - deyə vəkil qeyd edib.

K.Nəsibov bildirib ki, sonuncu həbs qəti imkan tədbiri ilə bağlı Aydın Əhmədovun işinə baxan DİN-nin BMCMİ-nə və işi aparan müstəntiqə qarşı vəkilin vəsatəti ilə xüsusi qərardad çıxarilib. Qərardad da göstərilib ki, istintaq müddəti süni şəkildə uzadılır, sonuncu 4 ay həbs qətimkan tədbiri dövründə əhəmiyyətli istintaq hərəkətləri keçirilməyib. Əksinə Aydın Əhmədova qəsdən mənəvi işgəncə verirlər.

Əslində Aydın Əhmədovun həbsinə səbəb olan amillər hansılardır?

A.Əhmədovun ailə üzvləri iddia edir ki, Ramil Quliyevin general-polkovnik Elçin Quliyevin əmisi oğludur. Məhz generalın iş adamı Aydın Əhmədovu qəbul etməsi, onun ünvanına xoş sözlər deməsi, ona iş adamı kimi dəstək verəcəyi Ramil Quliyevdə qısqanclıq yaradıb, 9 dəfə iş gördüyü adamı həbsə saldırıb.

Aydın Əhmədov 

Aydın Əhmədovun atası Şirməmməd Əhmədov Criminal.az-a bildirib ki, dəfələrlə general Elçın Quliyevə məktubla müraciət edib, amma Ramil Quliyevin göstərişi ilə məktublar generala çatmayıb. Ərizə ilə qəbuluna düşmək üçün müraciət edib, qəbula buraxmayıblar. Hər dəfə də deyiblər ki, general qəbul etmir. Aydın Əhmədovun qanunsuz həbsi ilə bağlı dəfələrlə ölkə prezidenti İlham Əliyevə, DİN-nə, Baş Prokurorluğa, ombudsmana məktublar, teleqramlar göndərilib, ancaq aidiyyatı qurumlar DSX-nın rəisi Elçin Quliyevin adını görən kimi araşdırma aparmaq istəmirlər.

Şirməmməd müəllimin Prezidentə ünvanladığı məktubdan sitat: "Hörmətli, Cənab Prezident! Oğlum Aydın Əhmədov Sizin Azərbaycan vətəndaşlarına yaratdığınız rahat, işgüzar mühitdən yararlanan gənc iş adamlarından biridir. O qısa müddət ərzində turizm, idman sahəsinin inkişafında böyük nailiyyətlər əldə edib. "Euro Fly" turizm şirkətini yaradıb, "Euro Fight" Kikboksinq idman klubunun prezidenti və nəhayət Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə vitse-prezidenti səviyyəsinə kimi yüksələ bilib. Aydın Əhmədovun yüksək bacarığa malik olmasını görən bir çox hörmətli şəxslər onunla birgə biznes fəaliyyəti ilə məşğul olmaqla küllü miqdarda gəlir əldə ediblər. Həmin şəxslərdən biridə Ramil Bilal oğlu Quliyevdir. Ramil Quliyev Aydın Əhmədovla apardığı biznesdən 350 min manatdan çox gəlir əldə edib".

 

Ramil Quliyev 

"Ramil Quliyev Aydın Əhmədovla söhbətləri zamanı bildirib ki, pilotsuz uçan aparatları, Çindən əskər paltarları, İsraildən 10 min manatlıq qapıların alınması kimi layihələr onun faktiki idarə etdiyi şirkətlərin vasitəsi ilə həyata keçirilir" - Ş.Əhmədov vurğulayıb.

Pullar qayıtmasa Elçin Quliyev həm sizin, həm də mənim başımı ağrıdacaq

Aydın Əhmədovun müdafiəçisi Kamandar Nəsibov istintaq materiallarına əsaslanaraq bildirib ki, "zərərçəkmişlər" Aydınla birgə turizm biznesi ilə bağı işlər görüblər. Həmin şəxslər uzun müddət Aydın Əhmədov vasitəsi ilə yaxşı qazanc əldə ediblər. Ancaq qış mövsümündə həmin şəxslərdən biri olan Ramil Aydına və atasına hədə-qorxu gələrək onlardan 1,4 milyon manat pul tələb edib və atası Şirməmməd Əhmədovun dediyi kimi öz ofisinə apararaq onları girov saxlayıb. Nəticə əldə olunmadıqda isə Aydın Əhmədov barəsində şikayət edərək onu tutdurub.

Pula görə qanunsuz olaraq girovda saxladılar

Şirməmməd Əhmədov oğlu Aydının girov saxlanılması, başına gətirilən oyunlarla bağlı sensasion açıqlama verib: "Oğlumdan şikayətçi olan Ramil general Elçin Quliyevin əmisi oğludur. Ramil Quliyevin ofisi Bakı şəhəri, Tbilisi prospekti 1058 ünvanında, "Neptun" supermarketin yanında yerləşir. 9 yanvar 2019-cu il tarixdə əvvəllər heç vaxt görüşmədiyim və şəxsən tanımadığım, lakin oğlum Aydın Əhmədovun şəriki kimi adını bildiyim Quliyev Ramil Bilal oğlu günün 2-ci yarısı mobil telefonuma zəng edərək məni ofisinə çağırdı. Elə həmin gün Gənclik metrosunun yanında onun sürücüsü ilə görüşərək həmin ofisə gəldik. Orada oğlumun dostu Nicatıda gördüm. Məni Ramilin kabinetinə dəvət etdilər. Orada tanımadığım 3 nəfər var idi. Sonradan mən söhbət əsnasında həmin şəxslərdən birinin həm oğlum Aydının, həm də Ramilin ümumi dostu olan Rəmzi adlı şəxs olduğu və onun Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı olduğunu öyrəndim.

Sonra Ramil Quliyev mənə müraciət edərək dedi ki, sənin oğlunla iş görmüşəm, lakin o son əməliyyatla bağlı haqq-hesabı mənimlə bitirməyib. Qeyd etdi ki, guya oğlumun ona 1,4 milyon manat borcu var və həmin məbləğ təcili olaraq ona çatmalıdır. Əgər həmin məbləğdən 200 min manat pulu bir gün ərzində qaytarsaq, o, oğluma əlavə şərait yaratmaqla 4 milyon manat pul verə bilər ki, işlər davam etsin. 

Ramil söhbət əsasında bir neçə dəfə xüsusi ilə bildirdi ki, o pullar ona məxsus deyil, bütün pullar DSX-nın rəisi Elçin Quliyevə məxsusdur. Ona görədə zarafat etmək olmaz. Əgər pul sahibinə, yeni Elçin Quliyevə verilməsə bizimdə, onunda başı ağrıyacaq. Mən isə Ramilə bildirdim ki, onun oğlumla aralarında olan pul münasibətlərindən xəbərim yoxdu. 37 ildir ki, dövlət müəssisəsində çalışıram, bir sözlə biznes fəaliyyətindən kənarda olan adamam. Sonra mən durub otaqdan çıxmaq istəyəndə içəridə olan 3 nəfər şəxsdən biri, təxminən 32-35 yaşlarında olan qarayanız, orta boylu şəxs qabağımı kəsərək dedi ki, oğlun deyilən borc məbləğini gətirənə kimi sən burada, girov qalacaqsan. Ramil də həmin şəxsin dediklərini təsdiq edərək Aydın gələnə kimi gedə bilməyəcəyini dedi. Məndə məcbur olub oturub qaldım orada. Bir müddət sonra oğlum Aydın gəldi və o, otağa girən kimi Ramil Quliyev onun sifətinə vurdu və bağıraraq pulun qaytarılmasını tələb etdi.

Ürəyimdə problemlər olduğundan və 2018-ci ilin may ayında ürəyimdən ağır əməliyyat keçirən zaman 5 stend qoyulduğundan mən həmin anda övladıma qarşı edilən hərəkətə görə özümü çox pis hiss etdim. Ürəyimin sancıları kəskin şəkildə artdığına görə məni foye olan yerə çıxardaraq orada olan divana uzatdılar. Mən onlara ürək xəstəsi olduğumu deyərək, təcili yardım çağırılmasını xahiş etdim, lakin həmin şəxslərin heç biri mənim sözlərimə məhəl qoymadı və təcili yardım cağımadilar. Həmçinin mənə ofisdən evə getməyimə icazə vermədilər. Eləcə də heç bir ilkin tibbi yardım göstərmədilər. Yəni məni qanunsuz olaraq azadlıqdan məhrum edib girov saxladılar. Gecədən xeyli keçdikdən sonra 10 yanvar 2019-cu il tarixdə səhərə yaxın təxminən saat 4 radələrində Ramil Quliyev oğlum Aydınla otaqdan çıxaraq dedi ki, "Dayı mən Aydınla danışıb məsələmizi həll etdik, yaxın günlərdə mən əlavə olaraq Elçin əmimdən (DSX-nın rəisi Elçin Quliyev-red) 4 milyon manat alıb verəcəm Aydına və biz Aydınla biznesimizi genişləndirib işimizi davam edəcəyik. Bundan sonra mən və oğlum Aydın həmin ofisdən çıxdıq". 

"İşi aparan müstəntiq dedi ki, get 200 min manat gətir..."

Ş.Əhmədov deyir ki, bir gün sonra isə, yəni 11 yanvar 2019-cu il tarixdə Ramil Quliyevin şikayəti əsasında oğlum Aydın Əhmədov 14-15 radələrində DİN BMCMİ-nin əməkdaşları tərəfindən tutuldu. Onu yanvarın 11-dən 23-nə kimi heç bir rəsmi ittiham olmadan BMCMİ-nin inzibati binasının zirzəmisində saxlanılıb.

Ş.Əhmədov cinayət işini araşdıran BMCMİ-nin müstəntiqi Fikrət Quliyevdən də narazılığını bildirdi. Onun sözlərinə görə, məhz Fikrət Quliyev Aydını qanunsuz saxlanılmasına səbəb olub:

"Həmin müddət ərzində mən, 12 və 17 yanvar tarixlərində hazırda cinayət işinin istintaqını aparan DİN-nin BMCMİ-nin İstintaq şöbəsinin rəis müavini Fikrət Quliyevin otağında Aydınla görüşə bilmişəm. Həmin görüşlərdə Fikrət Quliyev bizə məsələnin müsbət həll olunması üçün təcili olaraq Ramil Quliyevin tələb etdiyi iki yüz min manatın ödəmək lazım olduğunu dedi. 14 gün qanunsuz olaraq BMCMİ-də saxlanıldıqdan sonra Aydın Əhmədov 24 yanvar 2019-cu il tarixdə cinayət məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinərək Nərimanov rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olundu".

Vəkil Kamandar Nəsibov Aydının həbsini tam qanunsuz sayaraq qeyd etdi ki, ümumiyyətlə bütün biznes sahələrində qazanc və itirmə riski var. Ancaq Aydınla iş görən insanlar sırf gəlirlərini nəzərə alıblar, itirmə riskini və gecikməni qəbul etmək istəməyiblər. Sonda da Aydını həbs etdiriblər. 

Ata oğlunun həbsini sırf sifarişli hesab edir: "Çünki Ş.Əhmədova şifahi olaraq bildiriblər ki, nə zaman Elçin Quliyev icazə verər o zaman biz Aydının işinə kömək edə bilərik. Ş.Əhmədov dəfələrlə şikayət ərizəsi yazmağına baxmayaraq bu ölkədə Ramil Quliyevdən soruşan yoxdur ki, bu milyonları haradan əldə etmisən. Baş Prokurorluq və DİN-i ancaq yüksək vəzifədə olan məmurların mənafeyini qoruyur. Məmur özbaşınalığı baş alıb gedir. Vətəndaş bilmir ki, şikayətini kimə etsin. Bu ölkədə qanunlar üstündür yoxsa məmur dostluğu?!".

Növbəti yazımızda Ramil Quliyevlə bağlı araşdırmamızı davam etdirəcəyik. Necə olur ki, DSX-nın bütün tenderlərini məhz Ramil Quliyevin idarə etdiyi şirkətlər udur./criminal.az/

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi