“Elə bir böyük problem deyil ki, respublika səviyyəsinə qaldırıblar”

“Elə bir böyük problem deyil ki, respublika səviyyəsinə qaldırıblar” -DEPUTAT

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı İmişli rayonu Aranlı kənd məktəbində sanitar qovşağın olmaması ilə bağlı video çəkən müəllimə direktor tərəfindən töhmət verilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Faktinfo.az xəbər verir ki,deputat Pravda.az-a açıqlamasında deyib ki, məktəbin bütün təminatı olmalıdır.

 A.Naxçıvanlı bildirib ki, problem əvvəlcə məktəbin daxilində müzakirə olunmalı idi: “Kiçik uşaqdır, evdən gəlir, ehtiyacı var, harasa getməlidir... Şagirdlərin yaxşı oxumaları üçün məktəbdə şərit yaradılmalı, hər şey olmalıdır. Amma müəllimin ayaq yolu olmadığı üçün uşaqların məktəbə gəlməmələri barədə çağırış etməsi düzgün deyil. Belə çıxır ki, bu günə qədər şagirdlər məktəbə gəlməyiblər? Axı gəliblər. Yəqin ki, məktəbdə direktorla birlikdə müəllimlərin iclası olur. Yalnız bir müəllim yox, başqa müəllimlər də məsələni direktorun iştirak etdiyi iclasda qaldırmalı, müzakirə etməli idilər. Belə bir müzakirənin olub-olmadığını və məktəb rəhbərliyi tərəfindən necə reaksiya verildiyini bilmirəm. 

İclasda hansısa dərsi müzakirə edirlərsə, bu da məktəb probleminin bir hissəsidir. Vacib məsələdir. Bunu həll etmək o qədər də böyük problem deyil ki? Bunun üçün ayrıca vəsait ayrılamamalıdır. İki-üç nəfər valideyn də müraciət etmiş olsaydı, yəqin, problemi həll etmək mümkün olardı. Müraciət edildiyi təqdirdə həllini tapmayıbsa, bu, direktorun, ümumiyyətlə, kollektivin böyük səhvidir.

Pedaqoji kollektiv bir məsələni həll edə bilmirsə, bunu ictimailəşdirir, respublika səviyyəsinə qaldırırlarsa, bu nə pedaqoji kollektivdir? Bu necə direktordur? Onun müavinləri, müəllim kollektivi var. Belə bir məsələni bu səviyyəyə qaldırmaq özü ayıbdır. Öz daxillərində bu vaxta kimi həll edilməyən problemə görə müəllimin günahlandırılması, ona töhmət verilməsi, işdən çıxarılması məgər problemi həll edəcək? Sabah çıxılmaz vəziyyətdə qalan uşağın halı pis ola bilər. Bəlkə, elə bir problemi var… 

Bəs bu uşaq nə etməlidir? Məktəbə necə gəlsin? Direktor problemin kökündən həll olunmasına çalışmalıdır. Müəllimə töhmət verməklə bu məsələni həll etmiş olmur. Bu, vəziyyətdən çıxış yolu deyil. Sabah başqa bir müəllim də problemi qaldırsa, ona da töhmət verəcək? Bütün məktəb kollektivinə töhmət veriləcək? Kollektiv oturub düşünməlidir. İcra hakimiyyəti, başqa qurumlar var ki, məsələni qaldırmaq olar. Elə bir böyük problem deyil ki, bunlar belə səviyyəyə qaldırıblar”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi