"Elektron Akademiyanın formalaşdırılması mühüm istiqamətlərdəndir"

"Elektron Akademiyanın formalaşdırılması mühüm istiqamətlərdəndir" -Akademik Rasim Əliquliyev

29 noyabr 2023-cü il tarixində keçirilən AMEA-nın Ümumi yığıncağında bir sıra mühüm elmi-təşkilati məsələlərlə yanaşı, son dövrlər AMEA-da aparılan islahat və yeniləşmələr kontekstində elektron elmin formalaşdırılması və inkişaf vəziyyəti müzakirə olunub.

Faktinfo.az xəbər verir ki, bu barədə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Elektron Azərbaycanın mühüm tərkib hissəsi olan elektron elmin formalaşması və inkişafı ilə əlaqədar dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyini vurğulayıb.

Akademik qeyd edib ki, artıq həm dünya səviyyəsində, həm də ölkəmizdə dövlət siyasətinin əsas prioritetlərindən biri IV Sənaye İnqilabının çağırışlarından irəli gələn texnologiyaların, o cümlədən süni intellekt texnologiyalarının cəmiyyətin bütün sferalarında və hakimiyyət orqanlarının fəaliyyətində tətbiqidir. Ölkəmizdə elm sahəsində həyata keçirilən dövlət siyasətinə, xüsusən elmi fəaliyyətin yeni əsaslar üzərində qurulması və formalaşdırılmasından doğan reallıqlara müvafiq olaraq, son bir il ərzində Akademiyanın fəaliyyət istiqamətlərindən birini informasiya-kommunikasiya texnologiyalarının müxtəlif səviyyələrdə tətbiqi təşkil etmişdir. Bununla əlaqədar olaraq, elektron elmin tərkib hissəsi kimi Elektron Akademiyanın formalaşdırılması və mütəmadi şəkildə inkişaf etdirilməsi AMEA rəhbərliyinin həyata keçirdiyi mühüm istiqamətlərdən biridir. AMEA-nın mövcud strukturu çərçivəsində bütün elmi istiqamətləri əhatə edən bu yanaşmanın, əslində Elmlər Akademiyasının Rəqəmsal İnkişaf konsepsiyası olduğunu qeyd edən akademik Rasim Əliquliyev həmin konsepsiyadan irəli gələn vəzifələri həyata keçirmək üçün icraçı qurum olaraq AMEA Rəyasət Heyəti aparatında “Elektron Akademiya” şöbəsinin formalaşadırıldığın qeyd edib.

Ötən bir ilə yaxın müddətdə AMEA-da elektron elmin formalaşdırılması və inkişafı istiqamətində həyata keçirilən işlərə nəzər salan akademik Rasim Əliquliyev AMEA-nın strukturunda Elektron Akademiya şöbəsi ilə yanaşı, 11 elmi müəssisə üzrə elektron xidmətlər şöbələrinin yaradıldığını, onların vasitəsilə elmi müəssisələrin bütün əməkdaşlarına elektron xidmətlərin göstərildiyini, zəruri elmmetrik biliklərin verildiyini diqqətə çatıdırıb. Akademik Rasim Əliquliyev qeyd edib ki, elektron elmin inkişafı üzrə həyata keçirilən bu işlər həm elmi müəssisələrin, həm də elmi işçilərin beynəlxalq elmi mühitə inteqrasiyasına böyük dəstəkdir. Xüsusilə də humanitar və sosial elmlər üzrə aparılan tədqiqatların, bu sahədə fəaliyyət göstərən alim və mütəxəssislərin, eləcə də dərc olunan elmi jurnalların beynəlxalq elmi mühitə, nüfuzlu beynəlxalq bazalara inteqrasiyasına böyük ehtiyac olduğunu vurğulayan akademik Rasim Əliquliyev görülən işlərindaha da sürətləndirilməsinin zəruriliyini qeyd etdi. Alim eyni zamanda ölkə üçün milli strateji əhəmiyyətə malik olan bir sıra elmi resursların rəqəmsallaşdırılması, ayrı-ayrı elmi sahələr üzrə rəqəmsal resursların yaradılması və ən başlıcası AMEA-da müxtəlif səviyyələrdə elektron sənəd dövriyyəsinin tətbiq olunmasından danışdı.

Ötən müddət ərzində Elektron Akademiya şöbəsinin dəstəyi ilə görülən işlərə diqqət yetirən Rasim Əliquliyev AMEA əməkdaşlarının “Google Scholar”-da profillərinin yaradılması, AMEA-nın elmi jurnallarında dərc olunan məqalələrin DOİ kodlarla təmin edilməsi, Vikipediyaya Azərbaycandilli resursların daxil edilməsindən də bəhs edib.

Daha sonra AMEA-nın Rəqəmsal İnkişaf Konsepsiyasının müxtəlif aspektlərinə nəzər yetirən AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev bu sahədə əsas prioritetlərdən birinin humanitar və sosial elmlərdə süni intellekt və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi olduğunu vurğuladı. Akademik qeyd etdi ki, son dövrlər AMEA-da bir sıra elm sahələrində, o cümlədən, folklor sahəsində süni intellekt texnologiyalarına əsaslanan rəqəmsal folklorun formalaşdırılması, folklordan qaynaqlanan süni intellekt metodlarının işlənilməsi, folklor və qeyri-səlis məntiq münasibətləri, Azərbaycandilli virtual mühitdə meydana çıxan sosial-mədəni proseslərin tərkib hissəsi kimi İnternet folklorunun öyrənilməsi istiqamətində mühüm işlər aparılmaqda və sanballı nəticələr əldə olunmaqdadır.

Həmçinin akademik Rasim Əliquliyev Azərbaycan dilində süni intellekt texnologiyalarının tətbiqi, virtual məkanda Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi, bununla əlaqədar olaraq Elektron Dövlət mühitində Azərbaycan dilinin ekosisteminin formalaşması ilə bağlı çox əhəmiyyətli elmi araşdırmaların aparıldığını, cari ildə“Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri” adlı bir multissiplinar elmi konfransın da keçirildiyini diqqətə çatıdırıb.

Kompüter tərcüməsi sahəsində mühüm işlərin aparıldığını qeyd edən akademik Rasim Əliquliyev bu sahədə İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu və Dilçilik İnstitutunun apardığı işləri xüsusi qeyd edib. Alim Milli termonolji informasiya sisteminin hazırlanması, Azərbaycan dilinin və nitqinin tanınması, onun sintezi və analizi ilə bağlı müəyyən işlərin həyata keçirildiyini, Translitasiya sisteminin istifadəyə verildiyini qeyd edib. Qeyd olunanlarla yanaşı, arxeologiya sahəsində də informasiya-kommunikasiya texnologiyalarının tətbiqi imkanlarından danışan akademik Rasim Əliquliyev arxeoloji tapıntıların elektron bazasının yaradılması, 3D texnologiyasının tətbiqi ilə onların vizuallaşdırılması və s. kimi mühüm əhəmiyyətli işlərdən danışdı.

Akademik Rasim Əliquliyev AMEA-da elektron elmin inkişafından bəhs edərkən digər bir mühüm məqama – son dövrlərdə süni intellekt və informasiya-kommunikasiya texnologiyalarının humanitar və ictimai elmlərin tədqiqat obyektinə çevrildiyini vurğuladı. Alim qeyd etdi ki, hazırda təkcə informasiya-kommunikasiya texnologiyaları və süni intellekt tətbiq olunmur, eyni zamanda həmin texnologiyaların özləri humanitar və sosial elmlərin dətədqiqat obyektinə çevrilir. Bu istiqamətdə xüsusilə AMEA-nın Tarix İnstitutunda Azərbaycanda informasiya cəmiyyətinin, informatikanın və süni intellektin formalaşması tarixi, bütövlükdə informasiya mədəniyyətinin qədim zamanlardan indiyədək formalaşması tarixi, eyni zamanda Fəlsəfə və Sosiologiya İnstitutunda süni intellektin sosial-fəlsəfi aspektləri, süni intellektin etik və hüquqi problemləri kimi məsələlərin araşdırılıdığını qeyd etdi.

Sonda Elektron Akademiyanın bu il ərzində həyata keçirdiyi işlər sırasında beynəlxalq əməkdaşlıq münasibətlərinə diqqət yetirən akademik Rasim Əliquliyev burada ilk növbədə TÜBİTAK-la, onun tərkib hissəsi olan ULAKBİM Dərgi Parkı ilə bağlı qarşılıqlı əlaqələrə toxunub. Akademik qeyd edib ki, AMEA-da dərc olunan jurnalların Türk dünyasının Scopus-u kimi qəbul olunan ULAKBİM Dərgi Parkına daxil edilməsi Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası sahəsində böyük perspektivlər vəd edir. Eyni zamanda Avropa Komissiyasının EaPConnect layihəsi çərçivəsində Avropa Birliyinin elm və təhsil infrastrukturuna inteqrasiya istiqamətində də mühüm işlər həyata keçirilmişdir.

Sonda AMEA-da elektron elmin formalaşdırılması və inkişafından irəli gələn bir sıra mühüm vəzifələrin həyata keçirilməsi, istər ölkə daxilində, istərsə də beynəlxalq aləmə inteqrasiya sahəsində Akademiyanın qarşısında mühüm vəzifələrin dayandığını qeyd edənAMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev bu işdə məsul qurumların, alim və mütəxəssislərin səfərbərliyinin zəruri olduğunu vurğuladı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi