
Elgünün ölümündən 15 gün keçdi — Sirr pərdəsi açılacaqmı?
Gəncədə 11-ci sinif şagirdi Elgün İbrahimovun müəmmalı şəkildə dünyasını dəyişməsi ölkə ictimaiyyətini silkələdi.
15 gündən artıqdır ki, onun adı medianın və sosial şəbəkələrin gündəmindən düşmür.
Ölümün səbəbləri barədə yayılan versiyalar bir-birini təkzib etsə də, Elgünün ailəsi, yaxınları, elə cəmiyyət də bu olayın üstündən sirr pərdəsinin götürülməsini istəyir.
Elgün İbrahimov mayın 12-də Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında huşsuz halda aşkar olunub. Gələn məlumatlar, ardınca istintaqçıların gəldikləri qənaət budur ki, bu, yıxılma deyil.
Hələ ki, onun bədəni üzərində müəyyən olunan xəsarətlərin, çapılmış, kəsilmiş yaraların, küt əzilmələrin, 1 qabırğasının hansı şəraitdə sınmasının rəsmi izahı yoxdur. Onun meyitini müayinə edən məhkəmə tibb-ekspertləri də qənaətlərini, rəylərini ortaya çıxarmağa, istintaqa təqdim etməyə tələsmirlər.
Həmin rəy istintaqçılara Elgün İbrahimovun həyatına son qoyan xəsarətləri hansı vəziyyətdə alması və ya ona bu xəsarətlərin hansı şəraitdə yetirilməsi ilə bağlı çox ciddi istiqamət vermək gücündədir.
Hazırda gözlər Gəncə Prokurorluğundadır. Versiyalar isə hər gün bir az daha ağır, bir az daha ağrılı olur: intihar, döyülmə, qətl…
Yayılmış versiyaların əsas qayəsi budur: bu, planlaşdırılmış və izləri ört-basdır edilən bir zorakılıq cinayətidir.
Mərhumun üzərindəki xəsarətlər ölüm səbəbinin təbii olmadığını göstərir. Cəmi bir qabırğa sınığı, göz qapağında zədə, qan izlərinin olmaması, alın və burun nahiyəsinin zədəsiz qalması - bütün bu detalları “yüksəklikdən yıxılma” ilə izah etmək mümkün deyil.
Əgər Elgün 5 mərtəbəli binadan özünü atsaydı, çoxsaylı sınıqlar, kəllə-beyin travması, daxili qanaxmalar və sümük əzilmələri qaçılmaz olardı. Amma ortada belə izlər yoxdur. Əksinə, küt alətlə və ya əllə vurulmuş zərbələrin səbəb olduğu izlər mövcuddur. Bu da əsas versiyanı – qəsdən döyülmə və sonradan əraziyə gətirilmə ehtimalını daha da gücləndirir.
Elgünün anası Fizzə Zeynalova acısını sakitliklə danışır:
“Oğlum intihar etməzdi. Son zəngə hazırlaşırdı, rəqsə getmək istəyirdi. Əhvalı da yerində idi. Özünü atan adam bu qədər plan qurmaz…”
Bu sözlər ananın instinkti deyil. Çünki Elgünün həyatında depressiya, təhlükəli münasibət, ya da intihara aparacaq psixoloji travma izləri yoxdur. Ailə məhz buna görə “Onu döyüb öldürüblər”, deyir.
Elgün harada və kim(lər) tərəfindən döyülüb?
Onun yarıcan halda aşkarlandığı ərazidə nə üçün heç bir qan və ya süpürləşmə izləri tapılmayıb? Hadisə vaxtı ətrafda olan kameralarda Elgündən başqa kimlər olub? Cinayət yerinin dəyişdirilməsi təsadüfidirmi? Ekspertiza nəticələri nə üçün bu qədər gecikir? Elgün İbrahimovun telefonunda istintaqçılar iş üçün əhəmiyyətli video, foto, yazışma aşkarlayıblarmı?
Bu sualların cavabı Elgün İbrahimovun sirli ölümünün səbəbini ortaya qoya bilər./Musavat.com
Bu xəbər üçün şərh yazın