"Ev əlimdən alınarsa, küçədə qalmaq məcburiyyətindəyəm..." - GİLEY

"Ev əlimdən alınarsa, küçədə qalmaq məcburiyyətindəyəm..." - GİLEY 

Dövlət Neft Şirkətinin Kompleks Qazma İşləri Trestindən ixtisar olunmuş 33 yaşlı Yaşar Kərimov həm işsiz qalıb, həm də hazırda ailəsi ilə birgə yaşadığı evi əlindən alına bilər.

DİA.AZ bildirir ki, bu barədə Y.Kərimov bildirib. Şikayətçi deyib ki, trestdə kran maşinisti kimi işləyib.

“Bizi kursa göndərmədən attestasiyaya etdilər. İmtahanda mənim işlədiyim kranla bağlı bir sual belə olmadı. Əvəzində tikintidə işlədilən kranlardan sual salmışdılar, hansı ki, biz həmin texnika ilə işləmirik. Bu barədə həm trestdə, həm də digər qurumlarda narazılığımızı bildirmişik”,-Kərimov söyləyib.

Y.Kərimovun sözlərinə görə, atası Boran Kərimov 1976-cı ildən neft sahəsində çalışıb, uzun illər mənzil növbəsində dayanıb. Nəhayət, mənzil növbəsi çatanda kredit əsasında ev alıblar: “13 aprel 2017-ci ildə atamla Açıq Səhmdar Cəmiyyəti “Xalq bank” arasında müqavilə bağlanıb. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 6 saylı binada Neftçi Mənzil Tikinti Korporativinə yaşayış sahəsi əldə etmək üçün 46663,94 manat kredit verilib. Həmin vaxt dövlət işində çalışdığım üçün kreditə görə mən zamin olmuşam. Ötən il atam vəfat etdi”.

Kərimov söyləyib ki, işlədiyi müddətdə bir dəfə də olsa xəbərdarlıq, töhmət almayıb. Ancaq onu imtahanda yetərli bal səbəbilə işdən çıxarıblar: “Həyat yoldaşım işləmir, öhdəmdə azyaşlı uşağım var. Hazırda 30 min kredit borcum qalıb. Ötən ildən işə 2-3 aydan bir çağırırdılar. Yanvardan bu yana krediti ödəyə bilmirəm. Bildiriş gəlib ki, evin alınması təhlükəsi var. Ev əlimdən alınarsa, küçədə qalmaq məcburiyyətindəyəm. SOCAR ixtisar zamanı bunları nəzərə almadı”.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib ki, Dövlət Neft Şirkəti əslində neftçilərə təmənnasız ev vermir. Neftçilər müəyyən güzəştlə evləri kreditə alırlar. İxtisarlar getdiyindən çoxluq bu və ya digər səbəbdən götürdüyü kreditləri geri qaytara bilmir.

Şirkətdən isə şikayətə münasibət bildirmək istəməyiblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi