"Fransız rejiminin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi beynəlxalq hüququn özünə bir təhqirdir"

"Fransız rejiminin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi beynəlxalq hüququn özünə bir təhqirdir" -DEPUTAT

"Azərbaycanın bu ilin 19 sentyabr tarixində keçirdiyi antiterror tədbiri özünün effektivliyinə və bəzi digər xüsusiyyətlərinə görə unikal əməliyyat idi.

Faktiki olaraq bir sutkadan da az müddət ərzində davam edən bu əməliyyatın nəticəsi olaraq Azərbaycan dövləti Qarabağ bölgəsində separatizmin kökünü kəsdi və bununla da bütün ölkə ərazisində özünün tam suverenlyini təmin etdi.Ən qısa müddət ərzində qarşıya qoyulmuş bütün məqsədlərə nail olundu. Bu həqiqətən də unikal bir təcrübədir. Ölkə Prezidenti cənab İlham Əliyevin oktyabrın 11-də Bakıda keçirilən MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə keçirdiyi görüşün gedişində təhlükəsizliklə bağlı digər mühüm məsələlərlə yanaşı Azərbaycanın bu təcrübəsi də ətraflı müzakirə edilmiş, dövlətimizin başçısı tərəfindən görüşün iştirakçılarına detallı açıqlamalar təqdim olunmuşdur. İlk növbədə cənab Prezident İlham Əliyev Şura iclasının MDB-nin növbəti sammiti ərəfəsində keçirildiyini diqqət mərkəzinə çəkərək bu tədbirin həmçinin dövlət başçılarının da ünsiyyətinə və qarşılıqlı fəaliyyətin bir çox mühüm məqamlarının müzakirəsinə kömək edəcəyini vurğuladı. Qeyd olundu ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib və əlbəttə ki, bir çox sahələrlə yanaşı təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Həqiqətən də mövcud mürəkkəb beynəlxalq şəraitdə, təhdidlərin artması, yeni qeyri-sabitlik və münaqişə ocaqlarının yaranması fonunda dost və qonşu ölkələrin xüsusi xidmət orqanlarının təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətinin əhəmiyyəti getdikcə artır.”


Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı,professor Aqiyə Naxçıvanlı deyib.

Prezident İlham Əliyevin MDB ölkələrinin yerləşdikləri regionlarda müəyyən xarici təhdidlərin olmasına rəğmən, ümumilikdə bu məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyi barədə səsləndirdiyi fikirlərin önəmini qeyd edən deputat həmçinin bildirib ki, Azərbaycanın Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət kəsb edir: "Öz çıxışında cənab Preident İlham Əliyev MDB ölkələrinin yerləşdikləri məkanda xarici təhdidlərin yaratdığı risklərin operativ işlə minimuma endirildiyini və ictimai-siyasi sabitliyin möhkəmləndiyini müsbət hal kimi qeyd etdi. Bu baxımdan Cənubi Qafqazda regional təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün Azərbaycanın gördüyü tədbirlər çox mühüm amil kimi çıxış edir. Təbii ki, bu baxımdan ölkəmizin üç həftə əvvəl öz suverenliyini bütün ərazisində tam bərpa etməsi faktı müstəsna önəm daşıyır. Artıq bundan sonra regionda sülhə nail olmağın yolunda heç bir əngəl yoxdur. Əlbəttə, bu reallıq Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün hegemonluğa can atan, regionumuza müstəmləkəçi siyasətlərini yeritməyə çalışan qüvvələrin planlarına tamamilə ziddir. Ümumiyyətlə regional sabitlik onların planlarına ziddir. Məhz buna görə də antiazərbaycan ruhlu Qərb mediasında son həftələrdə baş verən hadisələr birtərəfli və qərəzli formada əks olunur.”


Fikirlərini davam etdirən A.Naxçıvanlı Fransa kimi çirkin müstəmləçilik siyasətini hələ də davam etdirən bir dövlətin ölkəmizə qarşı beynəlxalq konvensiyaların, insan hüquqlarının pozulması ilə bağlı hansısa ittihamlar irəli sürməyə heç bir mənəvi haqqı olmadığını vurğulayıb:"Məlum olduğu kimi bu gün dünyada ölkəmizə qarşı Qərbdəki erməni havadarları tərəfindən aparılan iyrənc təxribatın, düzənlənən böhtan kampaniyalarının əsas ilhamverici qüvvəsi Fransadır. Dövlət başçımızın dediyi ki, bu, həm Fransa hökumətinin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Onların interpretasiyasında Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir.Otuzillik işğalın tarixi, bütün şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, Xocalı soyqırımı – bütün bunların hamısı inkar edilir, tarixi faktların yerinə geniş ictimaiyyətə yalanla dolu uydurmalar təqdim olunur. Azərbaycan bu gün misli görünməmiş informasiya müharibəsi ilə üz-üzədir. Həm də bu müharibəni bizə qarşı çoxillik müstəmləkəçilik tarixinə malik Fransa kimi ölkələrin dünya üzrə sahib olduqları saysız media resursları aparır. Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat isə ümumiyyətlə absurd ittihamdır. Çünki Azərbaycan öz ərazisində döyüşüb, öz əzəli torpaqlarını işğaldan azad edib, separatizmi aradan qaldırıb və bütün bunları humanitar normalara, Cenevrə Konvensiyasına əməl etməklə həyata keçirib. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv etməklə əsil soyqırımı həyata keçirən, Afrikanın digər hissələrində və bütün dünyada insanlıq əleyhinə qanlı cinayətlər törədən, bu gün də müstəmləkələr saxlamağa davam edən Fransız rejiminin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi beynəlxalq hüququn özünə bir təhqirdir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini sona çatdırıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi