“Gənclər üçün yay təcrübə məktəbi” layihəsinə start verilir

“Gənclər üçün yay təcrübə məktəbi” layihəsinə start verilir 

1 iyul, 2020-ci ildən başlayaraq Bakının Nizami rayonunun gənc sakinləri üçün yay təcrübə məktəbi layihəsinə start verilir. Milli Məclisin deputatı, Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsi və Gənclər və İdman komitəsinin üzvü Könül Nurullayevanın təşəbbüsü ilə reallaşacaq layihə 2 ay davam edəcəkdir.

“Gənclər üçün yay təcrübə məktəbi” 4-cü kurs tələbələri və ali məktəbi yeni bitirən (2018, 2019 və 2020-ci il məzunları), həmçinin tibb təhsilinin rezidentura pilləsində təhsil alan gənclər üçün nəzərdə tutulur. Belə ki, onlarla gəncə 2 ay ərzində öz ixtisasına uyğun olaraq, müxtəlif dövlət qurumlarında ölkədə tələb olunan karantin qaydalarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın metodiki göstərişlərinə riayət olunaraq təcrübə proqramı keçiriləcəkdir.

Layihənin tərəfdaşları - ASAN xidmət, “DOST” mərkəzləri, Regional İnkişaf İctimai Birliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, ARDNŞ-ın idarələri, Azərbaycan Sənaye Korporasiyasının Mərkəzi ofisi və Bakı şəhərində yerləşən törəmə müəssisələri, Paşa Bank, Access Bank, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Modern Hospital, İctimai Televiziya, ATV kanalı həmçinin İT üzrə nüfuzlu şirkət Cybernet MMC, eləcə də digər dövlət və özəl təşkilatlardır.

2 ay ərzində gənclərə təcrübəli, beynəlxalq statuslu təlimçilər tərəfindən məhz tələb olunan karantin qaydalarına əməl olunmaq şərtilə müxtəlif mövzularda təlimlər keçiriləcəkdir. Gənclərin müxtəlif sahələrin tanınmış və nüfuzlu şəxsləri ilə (ictimai-siyasi xadimlər, sənət adamları və s.), eyni zamanda Nizami rayonunda məskunlaşan, ali məktəblərə qəbul zamanı 700 bal toplayan gənclər ilə görüşləri təşkil olunacaq, onlar öz həyat təcrübələrini, karyera uğurlarını gənclərimizlə bölüşəcəkdir.

Layihənin sonunda tərəfdaşlara kriteriyalar təqdim olunacaq, eyni zamanda bəzi şirkətlərin daxili seleksiya qaydaları çərçivəsində iştirakçıların həmin kriteriyalara uyğunluğu bir daha müəyyənləşdiriləcəkdir. Ən uğurlu nəticə göstərən 20-yə yaxın iştirakçı karantin qaydaları imkan verərsə təlimçilərlə birlikdə Azərbaycanın bölgələrinə göndəriləcəkdir. Orada gənclərimiz həm 1 həftə istirahət edəcək, həm də təlimlər vasitəsi ilə maariflənməni davam etdirəcəkdir.

Layihənin əsas məqsədi ilk növbədə 2020-ci il “Könüllülər ili” ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışlarına töhfə verməkdir. Bu, eyni zamanda Nizami rayonunda məşğulluqla bağlı daxil olan müraciətlərin həllinə də müsbət təsir edəcək, istedadlı gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların gələcəkdə işlə təmin olunması üçün də bir addım olacaqdır.

Məlumat göndərmək bu elektron adres üzərindən həyata keçirilir: [email protected] 


Kriteriyalar:

- Namizəd Nizami rayonu sakini olmalı

- Bakalavr və ya magistr dərəcəsi üzrə 2018, 2019, 2020-ci il məzunu və yaxud sonuncu kurs tələbəsi olmalı

- Bakalavr dərəcəsinə qəbul balı 500-dən yuxarı olmalı

- Orta bal (GPA) 80%-in üzərində olmalı

- Orta səviyyədən yuxarı ingilis və (və ya) rus dili bilikləri olan namizədlərə üstünlük veriləcəkdir.

Faktinfo.az

“Gənclər üçün yay təcrübə məktəbi” layihəsinə start verilir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi