“Gənclərin 30 faizi tərbiyəsiz böyüyür”-

“Gənclərin 30 faizi tərbiyəsiz böyüyür”- Kitab oxumurlar, mütaliə etmirlər

Bernard Şou deyirdi ki, hər peşə məlumatsızlara qarşı bir sui-qəsddir. Müsahibimiz Ağa Piriyev bütün stereotipləri qıraraq peşəsinə sahib çıxanlardandır.

Öz adını “Aquşa” obrazına çevirən Ağa qısa zaman içində hər kəsin sevimli kloununa çevrilir.

- “Aquşa”nı çoxları tanıyır. Bəs Ağa Piriyev kimdir?

-
1989-cu ildə Rusiyada dünyaya gəlmişəm. Uşaqlıqdan pozitiv biri olmuşam. Hər zaman uşaqları güldürmüşəm. Hamı ilə ünsiyyət qurmuşam. Uşaq vaxtı Ceki Çanı, Cim Kerrini çox sevirdim. Onların filmlərini daha çox izləyirdim. Aktyor olmaq istəyirdim. Klounluqdan o qədər də xoşum gəlmirdi. Rusiyadan vətənə dönəndə 16 yaşım var idi. Mən istəyirdim ki, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə qəbul olum. Amma qohumlarım mənə güldülər və məni həvəsdən saldılar. Dedilər ki, bizim nəslimizdə mütrif yoxdur. Beləliklə mən Milli Aviasiya Akademiyasına qəbul oldum.

- Necə oldu ki, bu işə başladınız?

- Birinci kursda oxuyarkən, qohumlardan birinin ad günü idi. Ora kloun dəvət etmişdilər. Mənim də marağıma səbəb oldu. Başladım ona suallar verməyə, incəsənətlə məşğul olmaq istəyimi bildirdim. Dedi ki, problem yoxdur, gəl sənə paltar verim, üzünü qrimləyim, mənim yanımda köməkçi kimi işlə. Mən də razılaşdım. 2007-ci il idi. Qrim, paltar, hər şeyi o təşkil etdi. Mənim birinci çıxışım idi və çox utanırdım. Narahat idim ki, kimsə məni görər, tanıyar, deyərlər bu, filənkəsin oğludur, klounluq edir. Özümə qapandım. Kompleks yarandı məndə. Mən öz-özümə dedim ki, bu, mənim birinci və sonuncu çıxışımdır.

- Bəs bu işi davam etdirməyinizə sizi nə vadar etdi?

- Həmin vaxt mən maşın bazarında fəhlə kimi işləyirdim. Orada gün ərzində 6 manat pul qazanırdım. Əziyyətli iş idi. Düşündüm ki, şadlıq sarayında cəmi yarım saat şou göstərməklə o pulu qazanmışdım, amma burada bütün günü əziyyət çəkib 6 manat alıram. Beləliklə qərar verdim və düz bir il həmin klounla işlədim. Sonra özümə paltar tikdirdim, qrim və bəzi ləvazimatlar aldım. Daha sonra tək işləməyə başladım. Bu iş mənə motivasiya verir. İnsanlara pozitivlik gətirə bilirəmsə, bu, böyük xoşbəxtlikdir. Sosial şəbəkələrdə fəalam. Tez-tez şəhərə çıxıram. Maşını kloun obrazında sürürəm. İnsanların üzündəki təbəssümü görəndə çox sevinirəm.

- Pandemiya sizin işlərinizə nə kimi ziyan vurdu?

-
Pandemiyadan qabaq yaxşı idi, tələbat var idi. Pandemiyada bizim işlərimiz tamamilə dayandı. 95 faiz işimiz zəiflədi.

- Səsinizi dəyişirsiniz, bəs bu, sizin səs tellərinizə zərər vururmu?

- 14 ildir mən bu işin içindəyəm. Səslə, boğazla bağlı heç bir problemim olmayıb. Çox rahat idarə edə bilirəm obrazları. “Aquşa” obraz olaraq çox doğmalaşıb mənə, biz bir-birimizi tamamlayırıq. Təzə başlayanda mən hardasa 2 il normal səs çıxarda bilmirdim, əziyyət çəkirdim. Sonra getdikcə normallaşdı.

- Kloun olmaq üçün hansı bacarıqlar lazımdır?

- Kloun ilk növbədə psixoloq olmalıdır. Hər bir kloun təhsilli və dünyagörüşlü olmalıdır. Müştərinin üzünə baxarkən onun fikrini oxumalısan. Üz cizgilərindən bilməlisən necə xarakterdədir. Elə klounlar var ki, hamının yanında siqarət çəkir, düzgün danışmır, söyüş söyürlər. Kloun nümunə olmalıdır. Uşaqlarla normal danışmağı bacarmalıdır. Bilməlidir ki, onlar nə istəyir, necə onlarla ünsiyyət qurmaq olar.

- Bu gün klounlara qarşı olan münasibət sizi qane edir? Dəyişiklik varmı?

- Əvvələr daha pis idi, amma şükür, indi bir az kloun sənətini bəyənməyə başlayıblar. Düzdür, elə insanlar var ki, klouna qarşı fobiyası var. Xoşlamır kloun obrazını. Buna “kulrofobiya” deyirlər.

Hər şey bizdən asılıdır, əgər biz düzgün formada kloun sənətini təbliğ etsək, insanlar qəbul edərlər. Klounların bir çoxu sırf 5-10 manata görə özlərini ucuzlaşdırırlar. Məsələn, kimisə təhqir edirlər, ələ salırlar, məsələn bir insan keçəldi, kompleksi var, başlayırlar onunla zarafat etməyə. Bu isə insanlarda ikrah yaradır.

- Eyni zarafatları etmək sıxıcı olmurmu? Yoxsa özünüz də əylənirsiniz?

- Şablon zarafatlar olur. Məncə kloun həm də hazırcavab olmalıdır. Sırf şablonla işləməməlidir. Məclisə uyğun zarafatlar etməlidir. Hər dəfə eyni zarafatlar etmirəm, uşaqlara uyğun danışıram.

- Bəs indi qohumlarınızın sizə olan münasibəti necədir?

- Qohumlar indi pozitiv baxır. Gördülər ki, şəhərdə hamı Aquşanı, Ağanı tanıyır. Amma valideynlərim narazıdır bu sənətdən, “başqa işlə məşğul ol” deyirlər. Mən də onları qınamıram, çünki yaşlı nəslin nümayəndələridir. Düşünürlər ki, kloun işi haradasa bizim xalqımıza uyğun olan iş deyil.

- Seçdiyiniz peşə sevgi münasibətinizə xələl gətiribmi?

- Bəli. Mənim nişanlı olmağıma az qalmışdı. Mənə təklif etdilər ki, bu işi dəyiş. Düşündüm ki, mən bu işi sevirəm, indidən mənə belə şərt qoyurlarsa, gələcəyi yaxşı olmayacaq. Hər bir qadın sevdiyi kişiyə dəstək olmalıdır. Ona stimul, motivasiya verməlidir. Mən bu işi sevirəm. Mən dəstək gözləyirəm. Məni özümə görə sevsinlər. Sənətimə görə yox.

- Gələcəklə bağlı hansı planlarınız var?

- Fikrim var ki, məktəb açım. Təhsil müəssisəsi kimi yerlər, kurslar açım, sırf klounlar kursu. Keçən dəfə “Instagram”da canlı yayımda Bəhram Bağırzadə ilə danışdıq. Dedi ki, ay Aquşa, əgər sən bunu çox istəyirsənsə, mən sənə dəstək olaram. Lazımdırsa, Təhsil Nazirliyinə, Mədəniyyət Nazirliyinə müraciət edək. Klounların məktəbi açılsın. Çünki kloun sənəti beynəlxalq bir sənətdir.

Xaricdə klounların bayramı olur, festivalı olur, mən də düşünürəm, niyə görə bizdə olmasın? Bakıda, Gəncədə, Şuşada festivallar edək. Şuşada, Ağdamda açılış etmək istərdim.

- Müasir gənclərin düşüncə tərzi sizi qane edirmi?

- İndiki gənclərin çoxu “Tik-Tok”dadır. Mən onlarla ünsiyyət qururam. “Aquşa” geyimində yox, adi geyimdə canlı yayım açıram. Hər cür insan ora girir. Bizim gənclərimizin 30 faizi tərbiyəsiz böyüyür. Valideynlər onlara diqqət etmirlər. Ola bilsin uşaq vaxtı onlara qayğı göstərməyiblər. Söyüş söyməklə diqqət cəlb edirlər özlərinə.

- Gənc və yeniyetmələrə nə tövsiyə edərdiniz?

- Bizim gənclərimizə onu demək istəyirəm ki, kitab oxusunlar, mütaliə etsinlər, valideynlərinin sözünü dinləsinlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi